60 YAŞIMA - İlham Zeynallı yazır...
Bu da 60 yaş! 60 rəqəmi tarix üçün olduqca kiçik bir zaman kəsiyi olsa da, bir insan ömrü üçün az vaxt deyil. Özü də rahat olmayan, əziyyətlə , çətinliklə keçən həyat olanda! Bəli, bu 60 illik ömrümün üstündən boylanib geri baxanda, keçdiyim həyat yolunu, yaşantılarımı saf-çürük edəndə görürəm ki, əldə etdiyim nə varsa, hamısını yalnız öz gücümlə, halal zəhmətim və alın tərimlə qazanmışam. Az-çox qurduğum karyeramda Allahın rizası və ailəmin ,valideynlərimin alğış və xeyir -duasından başqa nə qohum -qardaş himayəsi olub, nə də dost -tanış dəstəyi. Bütün həyatım boyu yalnız özümə, öz gücümə, öz imkanlarıma arxalanmışam.
Çox xoşbəxtəm ki, ailəmə, balalarıma yalnız halal ruzi yedirtmişəm. Heç vaxt , heç kimin yanında əyər -əskikliyim, gözükölgəliliyim olmayıb. Çünki həmişə düz yaşadım, şərəflə yaşadım. Heç vaxt şərin yanında durmadım, pisliyə alət, bədxahlığa vəsilə olmadım. Həmişə haqq etdiyim, layiq olduğum məqamlara can atdım. Çalışdım ki, həmişə düşmən yox, dost qazanım. Xoşbəxtəm ki, ailəm, övladlarım, bütün doğmalarım üçün yalnız təmiz, vicdanlı bir ad, ləyaqətli bir imza qoyuram. Tam əminliklə, ürək rahatlığı ilə deyirəm ki, onlar məndən sonra heç vaxt hansısa bir sözümə, əməlimə görə heç kimin qarşısında xəcalət çəkməyəcəklər. Düzdür, xüsusən iş həyatımda bir çox haqsızlıqlar da gördüm, vaxt oldu ki, mənəvi təzyiq və təqiblərə məruz qaldım. Bilik və bacarığımı, istedad və qabiliyyətimi görməzdən gəldilər, haqqımı dandılar. Ailəmin, uşaqlarımın çörəyi ilə “oynadılar”. İşimə, inkişafıma həsr edəcəyim enerjini səhhətimə, ayaqda qalmağa sərf etdim, sağlamlığıma zərbə vuruldu. Amma heç vaxt sınmadım, əyilmədim, doğru və haqq bildiyim yoldan dönmədim. “İgid odur atdan düşə,atlana, igid odur hər əzaba qatlana”- deyib yoluma davam etdim. Gücüm çatdığı qədər ƏLAHƏZRƏT SÖZƏ, jurnalistikanın təməl prinsiplərinə sadiq oldum. Onu da deyim ki, mənə qarşı şər meydan sulayanda, yersiz hücumlara məruz qalanda xeyir qüvvələr də tapıldı. Əsl kimliyimi bilən, tanıyan yaxşı adamlar mənə qahmar çıxıb şərə “dur ” deməyi bacarıdılar. Məhz yuxarıda Tanrı , yerdə o yaxşılar mənə güc -qüvvə, ürək -dirək verib, şərin məni tamamilə məhv etməsinə mane oldular. Şair demişkən,
Nə yaxşı, dünyada yaxşı var imis-
Yoxsa tərg olardıq yaman əlindən.
Yeri gəlmişkən bir şeyi də deyim ki, heç vaxt ad -san, şan-şohrət düşkünü olmadım. Həmişə peşəmə sadiq qalıb öz vicdanlı əməyimlə, mənə tapşırılan işin, məsul olduğum vəzifənin icrası ilə məşğul oldum. Heç bir tərif, təmənna güdmədən. Ustad M.Arazin dediyi kimi:
Heç bir mükafatın yetmədi mənə ,
Bircə “sağol”un da bəsimdi , Vətən .
Bəsimdi hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, Vətən.
Yəni ki, xalq və millət , cəmiyyət üçün heç bir iş görməyib bolluca nəf umanların, özlərini hər yerdə gözə soxanların əksinə olaraq , həmişə təmənnasız, nəfsi gözü-könlü tox olmağı həyat kredosu bilmişəm. Heç bir ad -sanın, şan-şöhrətin arxasınca qaçmamışam. Yenə də ustad Məmməd Arazdan nümunə gətirəcəm :
Çinsiz ,rütbəsiz də batmayaq yasa,
Əsgər şərəfilə yaşayaq da bir.
Hamı döyüşlərdə general olsa,
Onda generallıq nəyə gərəkdir ?!
Bəli, bu olub mənim həyat amalım, yaşam fəlsəfəm! Əsas odu ki, bu gün də sevdiyim məkanda, ta Universitet partasından bu günə kimi könlümü verib taleyimi bağladığım doğma ocaqda, sevdiyim işimin başındayam. Buna görə qədrimi bilən, etimad göstərib layiq görən insanlara ürəkdən bir təşəkkür borcum var.
İlham ZEYNALLI,
Jurnalist-publisist










