media-trump_si_cinping_2412500_1jpg_1761801033_1761826323

Sentyabrın üçüncü ongünlüyündə Vaşinqtonda Çin lideri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüş ABŞ-Çin rəqabətinin yeni mərhələsinin istiqamətini müəyyənləşdirə biləcək strateji hadisə olacaq.

Siyasi şərhçi Mürtəza Bünyadlı ERAmedia-ya açıqlamasında bildirib ki, Trampın Pekinə səfərindən sonra Si Cinpinin Vaşinqtona gəlməsi iki ölkə arasında münasibətlərdə qarşılıqlı jestlər mərhələsinin davam etdiyini göstərir.

Onun sözlərinə görə, burada əsas məsələ ABŞ və Çin münasibətlərinin “dostluq” səviyyəsinə gətirilməsi deyil, Vaşinqton və Pekinin rəqabəti idarə olunan çərçivədə saxlayıb-saxlaya bilməyəcəyidir.

“ABŞ və Çin artıq yalnız ticarət tərəfdaşları deyil. İki ölkə eyni zamanda texnologiya, süni intellekt, strateji resurslar, təhlükəsizlik və qlobal təsir uğrunda rəqabət aparan iki əsas güc mərkəzidir”, – deyə M.Bünyadlı qeyd edib.

Siyasi şərhçi hesab edir ki, görüşün real nəticə verə biləcək istiqamətlərindən biri iqtisadi münasibətlər olacaq.

“ABŞ administrasiyası Çinin ixrac üstünlüyünü, sənaye subsidiyalarını və bazar disbalansını ciddi problem hesab edir. Vaşinqtonun mövqeyinə görə, Çinin istehsal gücünün yaratdığı artıq məhsulu dünya bazarlarına yönəltməsi ABŞ və digər ölkələrin sənaye sektorlarına təzyiq göstərir. Pekin isə ABŞ-ın tarif siyasətini iqtisadi təzyiq vasitəsi kimi qiymətləndirir”, – deyə o bildirib.

M.Bünyadlının fikrincə, bu səbəbdən Tramp-Si görüşündə tammiqyaslı ticarət sazişindən daha çox, ayrı-ayrı sektorlar üzrə taktiki razılaşmaların müzakirə olunması mümkündür.

“Yəni tərəflər bütün problemləri həll etməyə yox, ən təhlükəli problemlərin böhran yaratmasının qarşısını almağa çalışacaqlar. Əslində, yeni ABŞ-Çin münasibətlərinin əsas formulası da budur: rəqabət davam edir, lakin rəqabət müharibəyə çevrilməməlidir”, – siyasi şərhçi vurğulayıb.

M.Bünyadlı görüşün ən mühüm istiqamətlərindən birinin süni intellekt olacağını düşünür.

O qeyd edib ki, ABŞ üçün əsas məsələ texnoloji liderliyini qorumaq, Çin üçün isə texnologiya sahəsində ABŞ-dan asılılığı azaltmaq və öz innovasiya ekosistemini gücləndirməkdir.

“Tərəflər ən azı süni intellektin təhlükəsizliyi, yüksək riskli sistemlərin idarə olunması və müəyyən texnologiyaların istifadəsinə dair minimum qaydalar müəyyənləşdirə bilsələr, bu, ABŞ-Çin münasibətlərində əhəmiyyətli etimad mexanizminə çevrilə bilər. Amma burada illüziyalara qapanmağa ehtiyac yoxdur. Rəqabət davam edəcək”, – deyə o bildirib.

Tayvan məsələsində böyük anlaşma gözlənilmir

Siyasi şərhçinin sözlərinə görə, bütün iqtisadi və texnoloji məsələlərin fonunda görüşün ən həssas mövzusu yenə də Tayvan olacaq.

“Tayvan məsələsi Çin üçün suverenlik və milli birlik məsələsidir. ABŞ üçün isə Tayvan Asiya-Sakit okean təhlükəsizlik sisteminin və Çinə qarşı strateji çəkindirmə siyasətinin mühüm elementidir. Bu səbəbdən Vaşinqton görüşündən Tayvan probleminin həllində ciddi irəliləyiş gözləmək real deyil”, – M.Bünyadlı deyib.

Onun fikrincə, ən yaxşı halda tərəflər Tayvan məsələsində qırmızı xətlərin toqquşmasını əngəlləyən mexanizmləri qorumağa çalışacaqlar.

“Bəzən böyük dövlətlər problemin həllinə yox, problemin idarə olunmasına üstünlük verirlər. ABŞ və Çin üçün Tayvan məsələsində hazırkı mərhələdə məhz bu yanaşma daha real görünür”, – siyasi şərhçi əlavə edib.

M.Bünyadlı görüşdə Yaxın Şərqdəki vəziyyətin də mühüm müzakirə mövzularından biri ola biləcəyini bildirib.

“ABŞ və Çin İran məsələsinə eyni prizmadan baxmırlar. Lakin Hörmüz boğazında təhlükəsizlik böhranı hər iki dövlətin iqtisadi maraqlarına toxunur. Çin dünyanın ən böyük enerji istehlakçılarından biridir və Yaxın Şərqdən enerji axınının pozulması Pekinin iqtisadi təhlükəsizliyinə birbaşa təsir göstərə bilər”, – deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ regiondakı hərbi və siyasi proseslərin əsas aktorlarından biri olduğu halda, Çin üçün əsas məsələ enerji və ticarət axınlarının təhlükəsizliyidir.

“İran və Hörmüz məsələsi paradoksal vəziyyət yaradır. Vaşinqton və Pekin geosiyasi rəqib olsalar da, qlobal enerji və ticarət sisteminin nəzarətsiz böhrana sürüklənməsində hər iki tərəfin itirəcəyi çox şey var. Ona görə də İran mövzusunda tərəflərdən böhranın idarə olunması və kommunikasiya kanallarının açıq saxlanılması barədə praqmatik yanaşma gözləmək mümkündür”, – siyasi şərhçi qeyd edib.

M.Bünyadlının fikrincə, Tramp-Si görüşünün yekununda hər hansı mühüm sənəd imzalanmasa belə, strateji kommunikasiyanın davamlılığının qorunması özü əhəmiyyətli nəticə sayıla bilər.

“ABŞ-Çin münasibətlərində əsas təhlükə təkcə fikir ayrılıqları deyil. Əsas təhlükə yanlış hesablamadır. Yanlış bir eskalasiya iki ölkənin münasibətlərini qısa müddətdə böhran mərhələsinə keçirə bilər. Bu baxımdan liderlərin birbaşa görüşməsi xüsusi əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.

Siyasi şərhçi hesab edir ki, diplomatik kanalların işləməsi Vaşinqton və Pekinin rəqabətin müəyyən sərhədlər daxilində saxlanmasının zəruriliyini anladığını göstərir.

“Görüşün əsas mahiyyəti də elə bundan ibarətdir. Böyük güclər arasında diplomatiyanın əsl dəyəri həll edilə bilməyən problemləri bir anda həll etməkdə deyil, onların müharibəyə çevrilməsinin qarşısını almaqdadır. ABŞ və Çin dünya iqtisadiyyatının iki əsas güc mərkəzi kimi birbaşa dialoq aparmağa məcburdurlar. Çünki qlobal iqtisadiyyat, enerji bazarları, texnologiya, logistika və maliyyə sistemi bu iki dövlətin qərarlarından ciddi şəkildə asılıdır”, – M.Bünyadlı bildirib.

O, qarşıdakı Tramp-Si görüşünü belə xarakterizə edib:

“Bu, dünyanı dəyişdirəcək böyük razılaşmadan daha çox, dünyanın daha təhlükəli istiqamətə dəyişməsinin qarşısını almağa və yeni dünya düzəninə daha ağrısız keçidi təmin etməyə yönəlmiş görüş olacaq. ABŞ və Çin arasında münasibətlərin gələcəyi artıq yalnız iki ölkənin deyil, həm də yeni dünya düzəninin necə formalaşacağının taleyinə təsir edir. Bu baxımdan hər iki ölkə böyük məsuliyyət daşıyır”.

Vural


media-adspc

Bənzər xəbərlər