Ali təhsildə yeni hədəflər: "Universitetlərə daha çox qərar sərbəstliyi verilməlidir"
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq reytinqdə mövqeyini yaxşılaşdırması ölkənin ali təhsil sisteminin inkişafı baxımından əhəmiyyətli hadisədir.
Bu barədə “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev ERAmedia-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Times Higher Education” təşkilatının 2027-ci il dünya universitetləri reytinqində UNEC-in 801–1000 intervalından 701–800 qrupuna yüksəlməsi və Azərbaycan üzrə birinci yerdə qərarlaşması ciddi nailiyyətdir.
Ə.Nuriyev qeyd edib ki, 118 ölkə və ərazidən 2297 universitetin yer aldığı reytinqdə irəliləyiş əldə etmək universitetin inkişafı ilə bağlı müzakirələrə də yeni istiqamət verir.
Bu il Azərbaycanın beş universitetinin sözügedən reytinqdə yer aldığını xatırladan Mərkəz rəhbəri Bakı Dövlət Universitetinin 1601–1800, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin isə 1801–2000 intervalında qərarlaşdığını bildirib. Azərbaycan Texniki Universiteti və ilk dəfə reytinqə daxil olan Azərbaycan Tibb Universiteti isə 2001+ qrupunda yer alıb.
Onun fikrincə, universitetlərin fəaliyyət istiqamətləri və profilləri fərqli olsa da, mövcud nəticələr Azərbaycan ali təhsilinin beynəlxalq mövqeyinin gücləndirilməsi üçün qarşıda mühüm vəzifələrin dayandığını göstərir.
Ə.Nuriyev UNEC-in irəliləyişində elmi fəaliyyətin roluna xüsusi diqqət çəkib. O bildirib ki, universitetin açıqlamasına əsasən, tədqiqat keyfiyyəti göstəricisi üzrə 158 pillə yüksəliş əldə olunub və bu istiqamətdə 323-cü mövqe qazanılıb.
Mərkəz rəhbəri Fransanın Montpellier Universiteti ilə həyata keçirilən ikili diplom proqramının da tələbələr üçün mühüm imkanlar yaratdığını vurğulayıb. Onun sözlərinə görə, bu proqram tələbələrə xarici universitetdə təhsil almaq, beynəlxalq akademik təcrübə qazanmaq və peşəkar inkişaf imkanlarını genişləndirmək fürsəti verir. UNEC-in sentyabr ayında yaydığı məlumata görə, 150-dən çox tələbə ikili diplom proqramını uğurla başa vurub.
Ə.Nuriyev hesab edir ki, əldə olunan nəticələr universitet rəhbərliyinin və professor-müəllim heyətinin ardıcıl fəaliyyətinin, eləcə də düzgün idarəetmənin əhəmiyyətini göstərir.
O bildirib ki, Azərbaycan üçün əsas prioritet ali təhsilin keyfiyyətinin yüksəldilməsidir:
“Reytinqlərdəki yüksəlişi tələbənin auditoriyada əldə etdiyi biliklər, qazandığı bacarıqlar və məzun olduqdan sonra əmək bazarında iş tapmaq imkanları ilə birlikdə dəyərləndirməliyik. Elmi fəaliyyətin tədrisə təsirini gücləndirmək, tələbələri araşdırmalara və praktik işlərə cəlb etmək universitetlərin cəlbediciliyini də artırır”.
Mərkəz rəhbərinin sözlərinə görə, “Times Higher Education” metodologiyasında tədqiqat mühiti və tədqiqat keyfiyyətinin ümumi çəkisinin 59 faiz təşkil etməsi elmi fəaliyyətin universitetlərin beynəlxalq mövqeyində mühüm yer tutduğunu göstərir.
Ə.Nuriyev beynəlxalq təcrübənin öyrənilməsinin də əhəmiyyətli olduğunu vurğulayıb. O, Qazaxıstanın Nazarbayev Universitetinin 376–400 qrupuna yüksəlməsini diqqətəlayiq nümunə kimi göstərərək, bu nəticəyə təsir edən maliyyələşmə mexanizmlərinin, akademik heyətin formalaşdırılması prinsiplərinin və idarəetmə modelinin araşdırılmasını məqsədəuyğun hesab edib.
Onun fikrincə, Azərbaycan universitetlərinin beynəlxalq rəqabətdə daha yüksək hədəflərə çatması üçün təşəbbüs imkanları və qərarvermə sərbəstliyi genişləndirilməlidir.
Ə.Nuriyev bildirib ki, UNEC-in əldə etdiyi nəticəni möhkəmləndirmək üçün universitetin mövcud səlahiyyətləri çərçivəsində hansı qərarları daha çevik qəbul edə biləcəyinə baxılmalıdır.
O qeyd edib ki, universitetlərin öz gəlirləri hesabına həyata keçirdikləri layihələrdə vəsaitlərin bölgüsünə dair qərarvermə imkanlarının genişləndirilməsi inkişaf prosesini sürətləndirə bilər. Elmi bazalara abunə, dəvətli müəllimlərin cəlb edilməsi və tələbələrin tədqiqatlarda iştirakının maliyyələşdirilməsi üçün vəsaitdən vaxtında istifadə olunması tədrisin keyfiyyətinə müsbət təsir göstərə bilər.
Mərkəz rəhbəri ikili diplom proqramlarında iştirak etmək istəyən, lakin maliyyə çətinlikləri ilə üzləşən istedadlı tələbələrə dəstəyin artırılmasını da vacib istiqamətlərdən biri kimi dəyərləndirib.
Ə.Nuriyevin sözlərinə görə, universitetlərin muxtariyyətinin genişləndirilməsi üçün hüquqi əsaslar mövcuddur. O, “Təhsil haqqında” Qanunun 14.11-ci maddəsinin dövlət ali təhsil müəssisələrinə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində muxtariyyət verilməsini nəzərdə tutduğunu xatırladıb.
Mərkəz rəhbəri hesab edir ki, bu hüquqi müddəadan istifadə etməklə ali təhsil müəssisələrinin akademik, təşkilati və maliyyə qərarlarında sərbəstliyini artırmaq mümkündür. Bununla yanaşı, müvafiq səlahiyyətlər aidiyyəti hüquqi aktlarda dəqiq müəyyənləşdirilməli, qərarvermə prosesi kollegiallıq və açıq hesabatlılıq prinsipləri ilə müşayiət olunmalıdır.
Ə.Nuriyev vurğulayıb ki, UNEC-in uğuru universitetlərin inkişafı üçün daha geniş imkanların yaradılmasına dair təklifləri əsaslandırmağa kömək edir. Onun fikrincə, nəticə göstərən ali təhsil müəssisələrinə əlavə inkişaf imkanlarının yaradılması bütövlükdə ölkənin ali təhsil sistemi üçün faydalı ola bilər.
“Öz gəlirlərini təhsilin inkişafına daha çevik yönəldə, güclü müəllimləri cəlb edə və tələbələrinə beynəlxalq təcrübə qazandıra bilən universitetlər həm ölkə daxilində daha çox seçilər, həm də xarici tələbələri cəlb etmək üçün daha geniş imkanlar əldə edərlər. UNEC-in növbəti uğurlarını da bu istiqamətdə görmək istərdim”, – deyə o bildirib.
Mələk Onur










