Ankara sammitində diqqət çəkən təkliflər - Zirvə görüşü nə ilə yadda qaldı?
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində Rusiyanın da təşkilata üzv qəbul edilməsini təklif etməsi müzakirələrə səbəb olub.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında Tokayevin çıxışını şərh edərkən onun təşkilatın fəaliyyətindəki təkrarlanmalar və hərbi alyansa çevrilmə ehtimalı ilə bağlı fikirlərinə də diqqət yetirilməsinin vacibliyini bildirib.
Elxan Şahinoğlunun sözlərinə görə, Tokayev çıxışında Türk Dövlətləri Təşkilatının bəzi sahələrdə fəaliyyətinin təkrarlandığını qeyd etsə də, konkret olaraq hansı sahələri nəzərdə tutduğunu açıqlamayıb.
Siyasi şərhçi hesab edir ki, Türk Dövlətləri Təşkilatının qarşıya qoyduğu hədəflər haqqında çox danışılır, lakin əldə olunan real nəticələri konkret şəkildə qiymətləndirmək çətindir. Onun fikrincə, türk dövlətləri arasında ikitərəfli əlaqələr xeyli inkişaf etsə də, birgə fəaliyyət və ortaq təşəbbüslərin reallaşdırılması istiqamətində müəyyən ləngimələr müşahidə olunur.
Elxan Şahinoğlu bu məsələyə nümunə kimi Ankaranın türk dövlətləri arasında ortaq İnkişaf Bankının yaradılması təklifini göstərib. Onun sözlərinə görə, təşəbbüsün əsas məqsədi milli valyutalarla ticarətin daha güclü hüquqi və institusional platforma üzərindən həyata keçirilməsini təmin etməkdir.
“Digər türk dövlətlərinin Ankaranın bu təklifinə münasibəti bəlli deyil. Sammitdə iştirak edən ölkələrin təmsilçilərinin təşəbbüsə reaksiyaları da aydın olmadı”, – deyə siyasi şərhçi bildirib.
Elxan Şahinoğlu Tokayevin çıxışında Türk Dövlətləri Təşkilatının hərbi alyansa çevrilməsinin yolverilməzliyi ilə bağlı səsləndirdiyi fikrə də diqqət çəkib. Onun qənaətinə görə, təşkilatın hərbi bloka çevrilməsi hazırda gündəmdə olmadığı halda, Qazaxıstan Prezidentinin bu məsələyə xüsusi vurğu etməsi müəyyən suallar doğurur.
Siyasi şərhçi hesab edir ki, Tokayevin Rusiyanın təşkilata üzv olması təklifi ilə TDT-nin hərbi bloka çevrilməməsi barədə mövqeyi üst-üstə düşərək Kremlin maraqlarına uyğun mənzərə yaradır.
Onun fikrincə, türk dövlətləri arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi və birgə hərbi təlimlərin keçirilməsi mümkündür. Bununla belə, Türk Dövlətləri Təşkilatının NATO və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi hərbi bloka çevrilməsi hazırda aktual məsələ deyil.
Elxan Şahinoğlunun qənaətinə görə, Ankarada keçirilən sammit əsasən Qazaxıstan Prezidentinin səsləndirdiyi qeyri-adi təkliflər və təşkilatın gələcək fəaliyyətinə dair müzakirələr baxımından yadda qalıb.
Əli Fərhad









