media-tender-pul-tender

Azərbaycanda kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutan yeni mexanizm tətbiq ediləcək.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Mərkəzi Bank tərəfindən müvafiq qaydalar artıq hazırlanıb və onların yaxın müddətdə tətbiqi gözlənilir.

Deputatın sözlərinə görə, yeni sığorta mexanizmi borcalanların iş yerlərini itirdikləri və bundan asılı olaraq kredit öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdikləri hallarda maliyyə müdafiəsini təmin edəcək.

Hazırda borcalanların həyatının, ölümünün və əmək qabiliyyətini itirməsinin sığortalanması tətbiq olunur və Mərkəzi Bankın qaydaları ilə tənzimlənir. Yeni mexanizm isə birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur.

Vüqar Bayramov qeyd edib ki, bəzi hallarda vətəndaşlar özlərindən asılı olmayan səbəblərdən iş yerlərini itirir və kredit ödənişlərini həyata keçirməkdə çətinlik çəkirlər. İş yerinin bağlanması, şəxsin işdən azad edilməsi və digər oxşar hallar kredit öhdəliklərinin yerinə yetirilməsinə mənfi təsir göstərə bilər.

Onun sözlərinə görə, kredit risklərinin sığortalanması belə hallarda öhdəliklərin sığorta şirkəti tərəfindən tam və ya qismən qarşılanmasına imkan verəcək. Bu mexanizm həm vətəndaşların maliyyə baxımından qorunmasına, həm də bankların kredit risklərinin azaldılmasına xidmət edəcək.

Deputat bildirib ki, yeni sığorta növünün yalnız qüvvədə olan əmək müqaviləsi əsasında işləyən şəxslərə şamil edilməsi nəzərdə tutulur. Sığorta şərtlərinin “İşsizlikdən sığorta haqqında” Qanunun tələblərinə uyğun müəyyənləşdirilməsi gözlənilir.

Yeni mexanizmin tətbiqi zamanı sığortanın kredit götürənlərə təklif olunması məsələsi də diqqət mərkəzindədir. Banklardan kredit götürən şəxslərə işsizlik riskindən sığortanın məcburi qaydada təklif edilməsi planlaşdırılır. Bununla belə, istehlak krediti götürən şəxslərin bu xidmətdən istifadə etməsi könüllü olacaq və müştəri sığortalanıb-sığortalanmamaq barədə sərbəst qərar verə biləcək.

Vüqar Bayramovun sözlərinə görə, sığorta hadisəsi baş verdikdə kreditin tam və ya qismən sığorta şirkəti tərəfindən ödənilməsi mümkün olacaq. Bu zaman qanunvericilikdə nəzərdə tutulan sığorta halları əsas götürüləcək.

Belə hallara iş yerinin ləğvi, ştatların ixtisarı, əmək müqaviləsinin müddətinin başa çatması, müəssisənin mülkiyyətçisinin dəyişməsi, habelə əvvəllər həmin işdə çalışmış şəxsin işinə bərpa olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması və digər hallar daxildir.

Deputat diqqətə çatdırıb ki, sığorta xidmətindən istifadə kredit götürənlər üçün əlavə xərc yarada bilər. Buna görə də yeni mexanizmin tətbiqi zamanı sığorta haqqının kreditin ümumi xərcinə təsiri, ödəniş öhdəliklərinin borcalan və bank arasında bölüşdürülməsi, eləcə də məşğulluğun itirilməsi riskinə qarşı sığortanın kredit bazarına təsiri nəzərə alınmalıdır.

Vüqar Bayramov hesab edir ki, Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alaraq, bankların faiz dərəcələrində müəyyən azalmaya getməsi yeni sığorta növünün yaratdığı əlavə xərcləri kompensasiya edə bilər. Bu yanaşma sığortanın borcalanlar üçün ciddi maliyyə yükü yaratmadan tətbiqinə imkan verə bilər.

Deputat vurğulayıb ki, Mərkəzi Bankın açıqlamaları da yeni mexanizmin tətbiqi ilə bankların kredit faizlərini azaltmasının mümkünlüyünə işarə edir. Kredit risklərinin sığortalanması bankların həm birbaşa, həm də dolayı xərclərini azalda bilər.

Beləliklə, işsizlik riskindən sığortalanan kreditlər üzrə faiz dərəcələrinin adi kreditlərlə müqayisədə daha aşağı olması gözlənilir. Bu isə yeni sığorta xidmətinin borcalanlar üçün cəlbediciliyini artıra və kredit bazarında risklərin daha səmərəli idarə olunmasına şərait yarada bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər