“Virtual aktivlər haqqında” qanun layihəsi bu tarixdə müzakirəyə çıxarıla bilər
Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz Mərkəzi Bankın sədri Taleh Kazımovla ekspertlərin növbəti görüşündə stablecoin, rəqəmsal manat, virtual aktivlərin tənzimlənməsi və bankların dövlət məlumatlarına çıxışı məsələlərinin müzakirə olunduğunu bildirib.
ERAmedia-nın məlumatına görə, Osman Gündüz görüşdə əsas diqqətini stablecoin və “Virtual aktivlər haqqında” qanun layihəsi ilə bağlı məsələlərə yönəltdiyini qeyd edib.
O bildirib ki, Taleh Kazımov stablecoin və rəqəmsal manat üzrə araşdırmaların, eləcə də beynəlxalq təcrübənin öyrənilməsinin davam etdiyini deyib. Müzakirələrdən əldə etdiyi qənaətə görə, hazırda bu istiqamətdə konkret model tam formalaşmayıb.
Osman Gündüzün sözlərinə görə, müzakirələr zamanı aktivlərin tokenləşdirilməsi yanaşmasına da toxunulub. Bu isə Mərkəzi Bankın yalnız “1 manat = 1 stablecoin” modelini nəzərdən keçirmədiyini düşünməyə əsas verir.
O qeyd edib ki, prosesin Mərkəzi Bankın birbaşa nəzarəti altında həyata keçirilməsi ilə yanaşı, xüsusi tənzimləmə rejimi — sandbox çərçivəsində özəl iştirakçıların təkliflərinə də baxılması nəzərdə tutula bilər.
Osman Gündüz stablecoin mövzusunda yaxın vaxtlarda ayrıca müzakirənin keçirilməsinin də gözlənildiyini bildirib.
O, uzun müddətdir hazırlanan “Virtual aktivlər haqqında” qanun layihəsinin bu ilin dekabrında Milli Məclisin müzakirəsinə çıxarılmasının gözlənildiyini də diqqətə çatdırıb.
“Ümid edirəm ki, bu dəfə proses uzanmayacaq və sektor üçün aydın hüquqi çərçivə yaranacaq”, – deyə Osman Gündüz qeyd edib.
Bankların dövlət məlumatlarına çıxış xərcləri də müzakirə olunub
Multimedia Mərkəzinin rəhbəri görüşdə bank sektorunda rəqəmsallaşma çərçivəsində bankların dövlət məlumatlarına çıxışı məsələsinin də gündəmə gəldiyini bildirib.
Onun sözlərinə görə, Taleh Kazımov bu məsələnin daha prioritet olduğunu vurğulayıb. Osman Gündüzün qənaətinə əsasən, mövcud çıxış şərtləri, xüsusilə məlumat sorğularına görə bankların çəkdiyi xərclər Mərkəzi Bankı qane etmir.
O bildirib ki, bu məsələ ilə bağlı daha əvvəl “myGov” rəsmiləri ilə də bir neçə dəfə müzakirələr aparıb. Həmin söhbətlərdən əldə etdiyi məlumata görə, müvafiq xərclər hələlik dövlət maliyyələşməsi hesabına qarşılanmadığından dövlət informasiya sistemlərindən məlumat sorğulayan banklardan ödəniş alınır.
Osman Gündüz nümunə olaraq qeyd edib ki, vətəndaş bank hesabını ödənişsiz açsa da, bank müştərinin məlumatlarını dövlət sistemindən əldə etmək üçün xərc çəkir. Çoxsaylı sorğular isə nəticədə banklar üçün əhəmiyyətli maliyyə yükü yaradır.
Onun fikrincə, bu xərclər sonradan müxtəlif bank xidmətlərinin haqları vasitəsilə müştərilərin üzərinə düşə bilər.
Osman Gündüz hesab edir ki, dövlət məlumatlarına çıxış rəqəmsal xidmətləri asanlaşdırmalı, bankların və vətəndaşların üzərinə əlavə maliyyə yükü yaratmamalıdır.
O vurğulayıb ki, dövlət informasiya sistemlərinin rəqəmsallaşma prosesində əsas məqsədi xidmətlərin daha əlçatan və səmərəli olmasıdır. Bu baxımdan, məlumat sorğularının banklar üçün yaratdığı xərclərin aradan qaldırılması və ya optimallaşdırılması məsələsi də əhəmiyyət daşıyır.
Vural









