Orta Dəhlizin yeni mərhələsi: Zəngəzur dəhlizinin strateji əhəmiyyəti
“Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nəqliyyat bağlantılarının əhəmiyyəti xüsusi vurğulanıb.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycanın regional bağlantıların genişləndirilməsində oynadığı rol ölkənin geosiyasi mövqeyinin möhkəmlənməsi ilə yanaşı, iqtisadi imkanlarının artmasına da şərait yaradır.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev forumun açılış mərasimində çıxışı zamanı nəqliyyat bağlantılarının beynəlxalq gündəmin əsas məsələlərindən biri olduğuna diqqət çəkib. Dövlət başçısı bildirib ki, bu sahədə hər hansı rol oynamaq üçün qonşu dövlətlərlə yaxşı münasibətlərin qurulması vacibdir və Azərbaycan bu istiqamətdə mühüm nəticələr əldə edib.
Vüqar Bayramov qeyd edib ki, regional nəqliyyat əlaqələrinin genişləndirilməsində Zəngəzur dəhlizi və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRİPP) layihəsinin əhəmiyyəti böyükdür. Hər iki layihənin daha qısa müddətdə reallaşdırılması regionun tranzit imkanlarını genişləndirə, Azərbaycanı beynəlxalq yükdaşımalar sistemində daha mühüm mövqeyə yüksəldə bilər.
Deputat bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycanın ərazisindən keçən hissəsində tikinti işləri əhəmiyyətli dərəcədə irəliləyib. Belə ki, avtomobil yolunun 95 faizi, dəmir yolunun isə 75 faizi artıq inşa edilib. Eyni zamanda, Ermənistan parlamentinin iki gün əvvəl ABŞ ilə TRİPP layihəsi üzrə Strateji Əməkdaşlıq Çərçivə Sazişini ratifikasiya etməsi layihənin reallaşması baxımından diqqət çəkən məqamlardandır.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin illik ötürmə qabiliyyətinin 15 milyon ton olması nəzərdə tutulur. Dəhlizin istifadəyə verilməsi nəticəsində Orta Dəhlizin ümumi ötürmə qabiliyyətinin 10–12 milyon ton artacağı gözlənilir.
Vüqar Bayramov vurğulayıb ki, dəhlizin tam fəaliyyətə başlaması və Ermənistan ərazisindən keçən 42 kilometrlik hissənin tamamlanması Asiya ilə Avropa arasında yükdaşımaların müddətinin 12–15 günə qədər azalmasına imkan verə bilər. Bu isə beynəlxalq ticarət marşrutlarının səmərəliliyini artırmaqla yanaşı, regionun logistika imkanlarını da gücləndirəcək.
Deputatın fikrincə, Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcək. Bu, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirməklə yanaşı, region ölkələrinin tranzit və ticarət gəlirlərinin artmasına da töhfə verəcək.
Vüqar Bayramov qeyd edib ki, proqnozlara əsasən, qitələrarası ticarət dövriyyəsinin 200 milyard dollar artması gözlənilir. Yüklərin 10–15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycanın illik tranzit gəlirləri 3 milyard dollara çata bilər.
Deputat əlavə edib ki, bu layihələrin əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Nəqliyyat bağlantılarının genişlənməsi regionda əməkdaşlığın güclənməsinə, qarşılıqlı iqtisadi asılılığın artmasına və davamlı sülhün möhkəmlənməsinə xidmət edir. Bu baxımdan, Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsləri ilə formalaşan yeni regional düzənin iqtisadi dividendlərinin reallaşmasında mühüm rol oynaya bilər.
Vüsalə










