Nobel mükafatlı şairin azadlıq, vətən və insan haqqında düşüncələri
1979-cu ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş yunan şairi Odisseas Elitisin həyat və yaradıcılığı azadlıq, vətən sevgisi, insanın mənəvi mübarizəsi və yaradıcılıq missiyası kimi mövzularla zəngindir.
Təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında şairin həyat və yaradıcılığından, poeziyasında əks olunan mənəvi dəyərlərdən və ədəbi irsinin əhəmiyyətindən bəhs edib.
Etibar Əliyev qeyd edib ki, 2 noyabr 1911-ci ildə anadan olan və 18 mart 1996-cı ildə vəfat edən Odisseas Elitis yunan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Şair Nobel mükafatına “yunan ənənələrinə söykənərək, canlı, emosional güc və sirayətedici bir ruhla müasir insanın azadlıq və yaradıcılıq uğrunda mübarizəsini əks etdirən poeziyasına görə” layiq görülüb.
Elitisin yaradıcılığında dünyanın yaranışı, müharibənin dəhşətləri, doğma torpağa sevgi, insanın çəkdiyi əzablar və mənəvi sınaqlar mühüm yer tutur. Şair bütün bunlardan bəhs edərkən dünyaya — həm kiçik, həm də böyük olan hər şeyə xeyir-dua verirdi.
Onun məşhur “Ləyaqət haqqında” poemasında Müqəddəs kitabların və pravoslav kilsəsinin dua ənənələrinin təsiri aydın hiss olunur. Əsərin “Doğuluş”, “Ehtiraslar”, “Birinci dua” və «İkinci dua» kimi hissə adları da bu mənəvi bağlılığı əks etdirir.
Poemanın epiqrafı 128-ci Psalomdan götürülüb: “Məni öz gəncliyimdən çox qovdular, amma mənə qalib gələ bilmədilər”. Əsər dünyanın yaranışını xatırladan, şairin yaradıcılığında xüsusi yer tutan işıq obrazı ilə başlayır: “Əvvəl işıq vardı və birinci an”.
1960-cı ildə nəşr olunan “Ləyaqət haqqında” həmin il dövlət mükafatına layiq görülüb. 1964-cü ildə isə bəstəkar Mikis Teodorakis əsərə musiqi bəstələyib. Nəticədə həm poema, həm də onun musiqi təcəssümü geniş şöhrət qazanıb.
Elitisin yaradıcılığında gənc nəslin düşüncələri də xüsusi yer tutur. 1978-ci ildə nəşr olunan “Mariya Nefeli” poeması bu baxımdan diqqətəlayiq əsərlərdən biridir. Poemada şairin həmsöhbəti gəncliyin özüdür.
Əsərdən aydın olur ki, Elitis 1967–1974-cü illərdə Yunanıstanda hakimiyyətdə olmuş “qara polkovniklər” xuntasının dövründə gənclərin yaşadığı problemlərdən, tələbə etirazlarından və Afinadakı Politexnik Universitetinin məşhur qiyamından xəbərdar idi.
Şair gənc Mariya Nefelinin düşüncələri vasitəsilə yeni nəslin dünyagörüşünü, ictimai problemlərə münasibətini və dəyişiklik istəyini ifadə edirdi. Bu baxışlarda radikal-anarxist əhval, cəmiyyətin çatışmazlıqlarını tənqid etmək istəyi və eyni zamanda əbədi dəyərləri dərk etmək cəhdi bir araya gəlirdi.
Odisseas Elitisin şəxsiyyətini fərqləndirən cəhətlərdən biri də mükafatlara və fəxri adlara münasibəti idi. O, həyatı boyu belə təltiflərdən uzaq durmağa çalışıb.
“Qara polkovniklər” diktaturası dövründə ona bir milyon drahm məbləğində mükafat verilməsinə cəhd göstərildikdə şair gizlənib. Yunanıstanda demokratiya bərqərar olduqdan sonra parlamentə namizədliyini irəli sürmək təklifini də qəbul etməyib. 1977-ci ildə akademik seçilmək təklifindən imtina edərkən mövqeyini bu sözlərlə ifadə edib: “Poeziya elə bir missiyadır ki, onun mükafatlara ehtiyacı yoxdur”.
Bu fikir Elitisin sənətə münasibətini, poeziyanı şəxsi şöhrət və təltiflərdən üstün tutduğunu göstərirdi.
Odisseas Elitis 1996-cı il martın 18-də vəfat edib. Ölümündən əvvəl şair dəfn mərasiminin sakit və təntənəsiz keçirilməsini, çıxışların edilməməsini istəyib. Onun arzusu dostlarının bir araya gələrək xatirəsini yad etməsi olub.
Yunanıstan xalqı şairin son istəyinə hörmətlə yanaşıb. Lakin üç ay sonra Olimpiyada onun «Ləyaqət haqqında» əsəri əsasında hazırlanmış oratoriya səsləndirilib. Dirijor pultu arxasında isə bəstəkar Mikis Teodorakis dayanıb.
Tədbirə Yunanıstanın müxtəlif bölgələrindən insanlar qatılıb. Orada iştirak edə bilməyənlər isə mərasimi televiziya vasitəsilə izləyiblər. Həmin gecə Olimpiyadan canlı yayım televiziya proqramlarında siyasətçilərin çıxışlarını, döyüş filmlərini və futbol oyunlarını belə arxa plana keçirib.
Şairin vəfatı ilə dərin hüznə qərq olan xalqı bu dəfə onun yaradıcılığının yaşamasından doğan sevinc birləşdirib. Elitisin poeziyası bir daha təsdiqləyib ki, böyük sənətkarın fiziki yoxluğu onun mənəvi varlığını aradan qaldırmır.
“Elitis var, onun poeziyası yaşayır və dünya durduqca qalacaq” fikri isə şairin ədəbi irsinin mahiyyətini ifadə edən mənalı bir yekun kimi səslənir.
Əli Fərhad










