Avropada SKANDAL - Uşaq qidasından siçan zəhəri çıxdı
Almaniya mərkəzli HiPP markasına məxsus bəzi uşaq qidası bankalarının Avstriya, Çexiya və Slovakiyada qəsdən siçan zəhəri ilə çirkləndirildiyi üzə çıxıb.
ERAmedia xəbər verir ki, rəsmi qurumlar hadisənin istehsalçı şirkətə qarşı şantaj cəhdinin bir hissəsi olduğunu açıqlayıb.
Ingolstadt polisi bildirib ki, sözügedən ölkələrdə aşkar olunan beş “manipulyasiya edilmiş” banka istehlak olunmadan ələ keçirilib. Bununla belə, bir bankanın hələ də Avstriyada dövriyyədə ola biləcəyi qeyd olunub. Avstriya polisi ələ keçirilən bankalardan ən azı birində siçan zəhəri tapıldığını təsdiqləyib.
Şirkətin açıqlamasında “HiPP şantaj cəhdinin qurbanıdır” ifadəsi yer alıb və bildirilib ki, şübhəlilər şirkətə mesaj göndəriblər. Şirkət bankalara müdaxilə edildiyini təsdiqləsə də, tərkibdə zəhər olub-olmadığı ilə bağlı detallı məlumat verməyib.
Avstriya hakimiyyəti istehlakçılara xüsusilə kartof-kök qarışığı olan məhsullara qarşı diqqətli olmağı tövsiyə edib. Şübhəli bankaların alt hissəsində qırmızı dairəli ağ etiketin olduğu və qapaqlarının əvvəl açıldığı üçün normalda eşidilən “klik” səsini çıxarmadığı bildirilib.
Araşdırma Ingolstadt Prokurorluğunun nəzarəti altında “şantaj cəhdi” maddəsi ilə davam etdirilir. Polis açıqlayıb ki, şübhəlilərin aprelin 16-da göndərdiyi elektron məktubdan sonra bütün zəruri tədbirlər görülüb.
Avstriyanın “Die Presse” nəşri yazıb ki, şübhəlilər martın 27-də şirkətə elektron məktub göndərərək 2 milyon avro tələb edib, əks halda üç ölkədə müəyyən supermarketlərdə uşaq qidalarına zəhər qatılacağını bildiriblər.
HiPP şirkəti isə qeyd edib ki, sözügedən mesaj ümumi elektron poçt ünvanına göndərildiyi üçün gec aşkar olunub. Şirkət hadisədən xəbər tutan kimi dərhal aidiyyəti qurumlara məlumat verildiyini açıqlayıb. Bildirilib ki, hadisə məhsulun keyfiyyəti ilə bağlı deyil.
“Bu, nəzarətimizdən kənar kriminal müdaxilədir və yalnız üç mağazada baş verib. Başqa oxşar hadisə barədə məlumatımız yoxdur”, – deyə bildirilib.
Əli Fərhad










