media-bayraq11

Azərbaycan şirkətləri Kambocanın nəqliyyat, logistika və yaşıl enerji layihələrinə investisiya yatıra bilər.

ERAmedia-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Sahib Alıyev Azərbaycan Prezidenti İlham Əliyevlə Kamboca Krallığının Baş naziri Hun Manetin mətbuata bəyanatlarında investisiya məsələsinə toxunmasını şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, iki ölkə arasında investisiya əməkdaşlığının inkişafı istiqamətində artıq Birgə İşçi Qrupu da yaradılıb. Görünən odur ki, ilkin mərhələdə Azərbaycan şirkətlərinin Kambocaya investisiya yatırması məsələsi aktuallıq kəsb edir.

Sahib Alıyev qeyd edib ki, hazırda qlobal tranzit mərkəzi funksiyasını yerinə yetirən Azərbaycanın Cənub-Şərqi Asiyada mühüm nəqliyyat arteriyası olan Funan Teço kanalı ilə əlaqəli layihələrdə iştirakı üçün imkanlar mövcuddur. Azərbaycanın Kambocanın Orta Dəhlizə inteqrasiyası, eləcə də təchizat zəncirlərinin qurulması istiqamətində həyata keçirilən layihələrdə investor kimi çıxış etməsi mümkündür.

Deputatın fikrincə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) da öz təcrübəsi və kapitalı hesabına Kambocanın yaşıl enerji keçidinə töhfə verə bilər. Belə ki, Kamboca 2030-cu ilədək bərpaolunan enerjinin payını 70 faizə çatdırmağı hədəfləyir. Ölkənin xarici investorlar üçün geniş vergi güzəştləri və digər əlverişli şərtlər təklif etməsi də bu istiqamətdə əməkdaşlıq imkanlarını artırır.

Sahib Alıyev vurğulayıb ki, SOCAR təkcə Avropada deyil, Asiya və Cənub-Şərqi Asiya regionunda da irimiqyaslı layihələrdə investor və tərəfdaş kimi iştirak edir. Şirkət hazırda İndoneziyada beş mühüm əməkdaşlıq layihəsi həyata keçirir. Həmin layihələr arasında Şərqi Yava adasında neft və qazın kəşfiyyatı və hasilatı da yer alır.

Deputat bildirib ki, SOCAR qardaş Özbəkistanda da təxminən 2 milyard dollar dəyərində qiymətləndirilən karbohidrogen yataqlarının işlənməsi və hasilatı layihələrində pay sahibidir.

Bundan başqa, Çinin nəhəng dövlət şirkəti CNOOC ilə imzalanmış memorandum SOCAR-ın fəaliyyət coğrafiyasının genişlənməsi baxımından əhəmiyyətlidir. Sənədə əsasən, Azərbaycan ərazisində, eləcə də Asiya regionu daxil olmaqla üçüncü ölkələrdə dəniz yataqlarında neft-qaz kəşfiyyatı və hasilatı, həmçinin neft-kimya sənayesi üzrə birgə investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Sahib Alıyevin fikrincə, Azərbaycanın beynəlxalq enerji və nəqliyyat layihələrində topladığı təcrübə Kamboca ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Mövcud imkanlar nəzərə alınarsa, Kambocanın da SOCAR-ın beynəlxalq əməkdaşlıq coğrafiyasına daxil olması və Azərbaycan şirkətlərinin bu ölkədə yeni layihələrə investisiya yatırması perspektivi real görünür.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər