media-whatsapp-image-2026-10-13-at-11-28-43

İsrailin aviasiya orqanları pilotlardan birinin İndoneziya vətəndaşı olduğu barədə məlumat aldıqdan sonra Ethiopian Airlines aviaşirkətinə məxsus yük təyyarəsinin enişinə icazə verməyib.

ERAmedia xəbər verir ki, bu barədə İsrailin Ynet portalı məlumat yayıb.

Hadisə bazar ertəsi baş verib. Portalın məlumatına görə, Ethiopian Airlines-ın yük təyyarəsi Əddis-Əbəbə hava limanından Təl-Əvivə istiqamət alıb. Təyyarə havaya qalxdıqdan sonra İsrailin müvafiq qurumları ekipaj üzvlərinin siyahısını əldə edib və pilotlardan birinin İndoneziya vətəndaşı olduğunu müəyyənləşdirib.

İsrailin aviasiya qaydalarına əsasən, ölkə ilə diplomatik münasibətləri olmayan dövlətlərin vətəndaşı olan pilotların İsrail ərazisinə uçuş həyata keçirməsinə icazə verilmir.

Enişə icazə verilmədikdən sonra təyyarə yanacağın bir hissəsini boşaldaraq Efiopiyaya qayıdıb. Pilot dəyişdirildikdən sonra təyyarə yenidən İsrailə istiqamət alıb və Təl-Əviv hava limanına eniş edib.

Portalın qeyd etdiyi kimi, Flydubai aviaşirkətinə məxsus təyyarə ilə baş verən insidentdən sonra İsrail hakimiyyəti hava məkanına nəzarəti gücləndirib. Ölkəyə uçan təyyarələrin ekipaj üzvləri və sərnişinlərinin siyahıları daha ciddi yoxlanılmağa başlanıb.

Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan Flydubai reysi təhlükəsizlik insidenti səbəbindən Səudiyyə Ərəbistanının Təbuk şəhərindəki hava limanına təcili eniş edib.

Oktyabrın 1-də Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi insidentin ikinci pilotun təyyarə komandirinə hücum etməsi nəticəsində baş verdiyini təsdiqləyib. Hadisə zamanı hər iki pilot müxtəlif dərəcəli xəsarətlər alıb.

Nazirlikdən bildirilib ki, səhhətləri yaxşılaşdıqdan sonra hər iki pilot Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Əbu-Dabiyə uçub. Ekipajın digər altı üzvü isə təhlükəsiz şəkildə Dubaya qayıdıb.

BƏƏ hakimiyyəti hadisənin səbəblərini və təfərrüatlarını, o cümlədən təyyarənin istismarı ilə bağlı məsələləri və təhlükəsizlik tədbirlərini araşdırmaqda davam edir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər