media-dalgalanan_azerbaycan_bayragi

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində ən şərəfli və parlaq səhifələrdən biridir.

ERAmedia bildirir ki, Şərqdə ilk parlamentli respublika, türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi kimi Cümhuriyyət təkcə Azərbaycanın deyil, bütün regionun siyasi tarixində mühüm yer tutur. Buna görə də həmin dövrə aid tarixi faktlara emosiyalarla deyil, sənədlər və ciddi mənbələr əsasında yanaşmaq vacibdir.

Təəssüf doğuran məqamlardan biri odur ki, bəzi dövlət məmurları və ictimaiyyət nümayəndələri Azərbaycan tarixinə, xüsusilə də Cümhuriyyət dövrünə dair həqiqətləri ciddi mənbələrdən öyrənmək əvəzinə, onu kölgəyə salmağa çalışan iddiaları təkrarlayırlar. Halbuki Cümhuriyyətin bizə bəxş etdiyi ən böyük miraslardan biri bu gün də qürurla dalğalanan üçrəngli, ay-ulduzlu dövlət bayrağımızdır.

Son günlər bəzi dairələr belə bir iddia irəli sürürlər ki, guya Azərbaycan bayrağının yaradılması ideyası Cümhuriyyət dövründə Bakının general-qubernatoru olmuş general-leytenant ser Vilyam Montqomeri Tomsona məxsus olub. Lakin bu iddianı irəli sürənlər nə tutarlı fakt ortaya qoyurlar, nə də bayrağımızın fəlsəfəsini düzgün izah edə bilirlər.

Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra, 1918-ci il iyunun 21-də qırmızı fonda ağ aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq dövlət bayrağı kimi qəbul olunmuşdu. Lakin həmin dövrdə bu bayraq Osmanlı dövlətinin istifadə etdiyi bayraqla oxşarlıq təşkil edirdi.

Yeni yaranmış Azərbaycan dövləti seçim qarşısında idi: Antanta dövlətləri tərəfindən tanınmaq, yoxsa “Osmanlı intriqası ilə yaradılmış dövlət” kimi qəbul olunmaq. Məhz bu tarixi və siyasi zərurət üçrəngli bayrağın qəbuluna yol açdı.

9 noyabr 1918-ci ildə Fətəli xan Xoyskinin təqdim etdiyi hesabat əsasında üçrəngli bayraq rəsmi şəkildə qəbul edildi. Bayrağın ilk rəsmi eskizlərinin hazırlanmasında tanınmış rəssam Əzim Əzimzadənin də iştirak etdiyi qeyd olunur.

Bu qərarı nə Tomson, nə də hər hansı ingilis, fransız və ya amerikalı vermişdi. Bu, Azərbaycanın suveren dövlət kimi beynəlxalq səviyyədə tanınması üçün qəbul edilmiş siyasi və milli qərar idi.

İkinci: bayraq Tomsonun ideyası əsasında yaradılıbmı?

Xeyr.

Üçrəngli bayrağın qəbul olunması və onun ideyası tam şəkildə müstəqil Azərbaycan dövlətinə məxsus idi. 1918-ci ilin noyabrında Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski üçrəngli bayraq məsələsini müzakirə etmiş, yaşıl, qırmızı və göy rənglərin qəbul edilməsi barədə qərara gəlmişdilər.

Bu rənglərin hər biri Azərbaycan tarixinin, milli kimliyinin və siyasi idealının ifadəsi idi: türkçülük, müasirlik və islam həmrəyliyi.

Nəticədə 9 noyabr 1918-ci ildə qırmızı bayrağın yerinə üçrəngli bayrağın qəbul edilməsi haqqında Azərbaycan Milli Şurasının təklifi ilə rəsmi qərar verildi.

Britaniyanın həmin dövrdə müəyyən məsələlərdə Azərbaycana siyasi dəstək verməsi danılmazdır. Bu dəstək yeni yaranmış dövlətin beynəlxalq səviyyədə qəbul olunması baxımından vacib idi. Lakin bu, Azərbaycan bayrağının müəllifliyinin Britaniyaya aid olması demək deyil.

Əksinə, Tomson ilk vaxtlar ingilislərin Bakıda tam nəzarətini nümayiş etdirmək üçün rəsmi binalardan və gəmilərdən Azərbaycan bayrağının endirilməsini, yalnız Britaniya bayrağının asılmasını tələb etmişdi.

Bir sual yaranır: əgər Tomson bayrağın müəllifi idisə, niyə onun asılmasına etiraz edirdi?

Sonradan, 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin açılışında binanın üzərində dalğalanan üçrəngli bayrağı rəsmi şəkildə salamladı və Cümhuriyyət hökumətini Azərbaycanın yeganə qanuni hakimiyyəti kimi tanıdığını bəyan etdi.

Bu, müəlliflik yox, qəbul olunmuş dövlət rəmzinin beynəlxalq legitimliyinə siyasi münasibət idi.

Azərbaycanın beynəlxalq siyasəti və Britaniya ilə əməkdaşlıq

Yeni yaranmış, ətrafında müxtəlif təhlükələrin olduğu bir dövlət üçün güclü beynəlxalq tərəfdaşla əməkdaşlıq həyati əhəmiyyət daşıyırdı. O dövrdə bu siyasi dəstək əsasən Britaniya və müəyyən mənada İtaliya tərəfindən verilirdi.

Osmanlı, Rusiya və Qacar dövləti həmin dövrdə Azərbaycanın beynəlxalq tanınmasına real siyasi zəmanət verə biləcək vəziyyətdə deyildilər.

Azərbaycan hökumətinin general Vilyam Tomsonla apardığı danışıqlar nəticəsində ölkənin beynəlxalq sülh konfransında iştirakına təminat alınmışdı.

Tarixə emosiyalarla deyil, siyasi reallıq və faktlarla baxmaq lazımdır.

Bir mühüm məqam da unudulmamalıdır: Azərbaycan Xalq Cümhuriyyəti Türkiyə istiqlal savaşına həm maliyyə, həm hərbi avadanlıq, həm də insan resursu baxımından ciddi dəstək verib.

Bu faktlar bir daha göstərir ki, Azərbaycan o dövrdə müstəqil siyasət yürüdən, qərarlarını özü verən dövlət idi.

Nağı Keykurinin “Nağı Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri” kitabında Fətəli xan Xoyski ilə general Tomsonun görüşlərinə dair maraqlı faktlar yer alır. Eyni zamanda Üzeyir bəyin həmin dövrə aid qeydləri də tarixi hadisələri anlamaq baxımından əhəmiyyətlidir.
Azərbaycan bayrağının müəllifi və ideya mənbəyi Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucu liderləridir.

Tomsonun bu prosesdə rolu yalnız Azərbaycanın qəbul etdiyi dövlət rəmzinin beynəlxalq siyasi və hüquqi müstəvidə tanınması ilə bağlı olub.

Üçrəngli bayrağımız Azərbaycanın müstəqillik iradəsinin, milli kimliyinin və dövlətçilik düşüncəsinin rəmzidir. Bu tarixə hörmətlə yanaşmaq, onu təhrif etmədən gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər