Bir əsr əvvəl yazılan romanla bağlı diqqət çəkən ŞƏRH
Müğənni dünya ədəbiyyatının ən məşhur distopik əsərlərindən biri hesab olunan “Brave New World” (“Cəsur Yeni Dünya”) romanı ilə bağlı fikirlərini bölüşüb.
ERAmedia xəbər verir ki, Nura Suri bildirib ki, Aldous Huxley “Brave New World” romanını 1931-ci ildə yazıb, əsər isə 1932-ci ildə nəşr olunub. Onun sözlərinə görə, təxminən bir əsr əvvəl qələmə alınmasına baxmayaraq, romanda bu gün geniş müzakirə olunan mövzular sanki əvvəlcədən təsvir edilib.
Müğənni qeyd edib ki, əsərin əsas ideologiyası sabitliyin azadlıqdan üstün tutulmasına əsaslanır. O bildirib ki, romanda dövlət insanların azad seçim etməsini deyil, cəmiyyətin sabitliyini əsas məqsəd kimi təqdim edir.
Onun sözlərinə görə, əsərdə fərdilik demək olar ki, məhv edilir, insanlar isə doğulduqları andan genetik olaraq müxtəlif təbəqələrə bölünür və gələcəkdə hansı işi görəcəkləri əvvəlcədən müəyyənləşdirilir.
Nura Suri vurğulayıb ki, romanda hakimiyyət insanları zorakılıqla deyil, “soma” adlı dərman, əyləncə və istehlak vasitəsilə itaətdə saxlayır. O hesab edir ki, əsərdə ailə, sevgi və din kimi anlayışların əhəmiyyətsizləşdirilməsi də təsadüfi deyil. Müğənninin fikrincə, güclü emosional bağlar insanı müstəqil düşünməyə sövq etdiyi üçün sistem tərəfindən təhlükəli hesab olunur.
O əlavə edib ki, romanda elm və texnologiya insanın inkişafı üçün deyil, cəmiyyət üzərində tam nəzarət yaratmaq məqsədilə istifadə olunur. Müğənni bildirib ki, əsərin əsas mesajı rahatlıq və təhlükəsizlik naminə azadlığın, fərdiliyin və həqiqətin qurban verilməsinin zahirdə xoşbəxt, əslində isə insanlığını itirmiş bir cəmiyyət formalaşdıracağı ilə bağlı xəbərdarlıqdır.
Nura Suri qeyd edib ki, Huxleyin təsvir etdiyi cəmiyyətdə seks təbii və hətta təşviq olunan davranış kimi təqdim edilir, lakin sevgi, sədaqət və ailə bağları qəsdən zəiflədilir. Onun sözlərinə görə, bunun məqsədi insanların bir-birinə dərin emosional bağlanmasının, ailə hissinin və fərdi bağlılıqların yaranmasının qarşısını almaq, dövlətə sədaqəti bütün şəxsi münasibətlərdən üstün tutmaqdır.
Müğənni diqqətə çatdırıb ki, romanda tez-tez səsləndirilən “hamı hamınındır” şüarı da məhz bu ideyanı əks etdirir. O bildirib ki, monoqamiya, sevgi və eksklüziv münasibətlər sistem üçün təhlükə hesab olunur, çünki bunlar insanı müstəqil düşünməyə və fərdi seçim etməyə sövq edə bilər.
Sonda Nura Suri vurğulayıb ki, Aldous Huxley bu əsərlə texnologiyanın, istehlakçılığın və dövlət nəzarətinin həddindən artıq güclənməsinin yarada biləcəyi təhlükələr barədə oxucuları xəbərdar edib.










