“Soruş” qəzeti və Əhməd bəy Ağaoğlunun yazılarında milli-ideoloji düşüncələr

XX əsrin əvvəllərində Əhməd bəy Ağaoğlu Osmanlı dövlətinə mühacirət etdikdən sonra ictimai-siyasi fəaliyyətini İstanbulda davam etdirdi. Həmin dövrdə yazılarının nəşr olunduğu mətbuat orqanlardan biri, “Soruş” qəzeti idi. Bu qəzetdə daha çox tənqidi məqalələrə yer verilir, dövrün çətinlikləri, irtica rejimi, zülm və istibdadın tənqidi öz əksini tapırdı. İranda Məşrutə inqilabının tarixi nailiyyətlərindən biri də ölkədə konstitusiya ilə yanaşı müstəqil, tənqidi jurnalistikanın formalaşması olmuşdur. Bu jurnalistika üslubunun görkəmli nümayəndələrindən biri “Sur-i Esrafil” qəzetindəki məqalələri ilə İran jurnalistikasının həyatında yeni səhifə açan Əli Əkbər Dehxoda idi. Tehranın tanınmış məşrutəçilərindən və yazarlarından olan Dehxoda İrandan qaçdıqdan sonra 30 iyun 1909-cu ildə İstanbulda “Soruş” qəzetini nəşr edir. Onun İran zülmünə qarşı mübarizəsi və fəaliyyəti “Soruş”un səhifələrində öz əksini tapır. Türkiyəyə gedəndən sonra Əhməd bəy Ağaoğlu da “İttihad və Tərəqqi” nümayəndələri ilə yanaşı əslən İrandan olan Əli Əkber Dehxoda ilə əməkdaşlıq edir və onun rəhbərliyi ilə çıxan “Soruş” qəzetində məqalələr çap etdirir. Dehxoda, Ağaoğlu haqqında öz qəzetində yazırdı: “Çox müdrik insan, “Həyat”, “İrşad”, “Tərəqqi” qəzetlərinin baş redaktoru olan Əhməd bəy Ağayevin adı İranda, Qafqazda və Türkiyədə İslam dünyası üçün göstərdiyi xidmətlərə görə məşhurdur”. Dehxodanın fikrincə, Ağaoğlunu digərlərindən fərqləndirən onun mehribanlığı, pak niyyəti və əməli xidmətləri idi. “Cəmiyyətimizin insanları kortəbii mühit içində olduğu bir vaxtda bu böyük mütəfəkkirimiz İslam dünyasındakı insanlara maarifçilik yolunu gətirdi.” Dehxodanın bu qeydi oxuculara “iki son dərəcə yaxşı xəbəri” verməklə bitirdi: “Biri Ağaoğlunun yaxın gələcəkdə İrana qayıtmaq qərarı digəri isə “Soruş” qəzeti ilə əməkdaşlıq edəcəyi idi”. Əhməd bəy Ağaoğlunun “Soruş”dakı ilk məqaləsi qəzetin 6-cı sayında, 1909-cu il sentyabrın 1-də nəşr olunur. Ağaoğlu ilk məqaləsində İranda itirilmiş milli kimlik, ancaq mərsiyə və yas tutan kədərli fars rejimini təsvir etməklə İranda yaşayan bütün xalqları aşağılayan “Despotizm əjdahası”nı tənqid edir, İranlıları tiranlığa qarşı mübarizəyə səsləyirdi. Ağaoğlu bu mübarizəni Musanın Fironla, Allahın şeytanla mübarizəsi kimi təsvir edirdi. O, həmçinin “zülmün köklərinin vərdişlərimizdə, davranışlarımızda, susqunluğumuzda və hətta dinimizdə qalacağından ehtiyyatlanırdı”. [1:“Soruş” qəzeti,1909, s. 3]
Əhməd bəy Ağaoğlunun “İran hökuməti hanı?” adlı ikinci məqaləsi “Soruş”un yeddinci sayında dərc olunur. O, Təbriz Şəhər Şurasının (Əncümən) “Sabah” qəzetinə göndərdiyi teleqrama istinad edərək, beynəlxalq ictimaiyyəti Rusiyanın qanun pozuntularına qarşı mübarizəyə çağırır, İranın xaotik vəziyyətini şiddətlə tənqid edir, eyni zamanda Tehran hakimiyyətini məsuliyyətsizliyə görə tənqid edir. Həmin dövrdə Məhəmməd Əli şah rejiminin devrilməsinə baxmayaraq, məclis hələ də çağırılmamışdı. Bəzi bölgələrdə qubernator yox idi, digərlərində isə konstitusiyaya zidd şəxslər qubernator təyin edilmişdi. Ağaoğlu bildirirdi ki, əgər İrana Məşrutəni azərbaycanlılar bəxş etmişsə nə üçün hökümətdə azərbaycanlılar təmsil olunmur? Ağoğlu iddia edirdi ki, Tehranı azad edənlər dövlət işlərini təşkil etmək yerinə öz maraqlarını güdürlər. Tehran hazırda sui-qəsd, hiylə, yaltaqlıq və riyakarlıqla idarə olunur. [2: “Soruş” qəzeti, 1909, s. 2] Ağaoğlu “Soruş”un səkkizinci sayında “İranın şərtləri” adlı üçüncü məqaləsində Monteskyenin “De L’esprit des Loix”, (“Qanunların ruhu haqqında”) əsərində avtokratiya ilə konstitusionalizm arasındakı fərqi izah edir, diktaturanın qorxu və zülm üzərində qurulduğunu və bu iki ünsürün ailə münasibətlərindən tutmuş tərbiyə metodlarına qədər ictimai həyatın bütün sahələrini kölgədə qoyduğunu qeyd edir. Daha sonra müəllif bildirir ki, “despotizm ünsürləri” bizim qəlbimizdə və ruhumuzda dərin kök salıb, ona görə Məhəmməd Əli şah rejiminin süqutu İran xalqlarının üzərində beş min illik zülmün başa çatması demək deyil. Ağaoğlunun fikrincə, diktatura irsinin tamamilə məhv edilməsi yalnız konstitusionalizm prinsiplərini təbliğ edən, həm də xalqın mənafeyini avtokratik prinsiplərdən təmizləyən qurumların yaradılması ilə mümkün ola bilər. Lakin İrandan gələn xəbərlər yeni dövlət adamlarının bir-birinə zidd olduğunu və mənfəət əldə etməkdən başqa heç bir maraqlarının olmadığını göstərirdi. İtaliya, Fransa və Osmanlı inqilablarında Qaribaldi, Robespierre və Mahmud Şövkət Paşa kimi liderlərin rollarına diqqət çəkən Ağaoğlu tənqidlərini Tehrandakı yeni hökumət məmurlarının faydasızlığına yönəldir. Müəllif, Osmanlı İmperiyasından nümunələr verərək, “O zaman onların içində olduqları şərtlər bizdən qat-qat pis idi”. Tehranı azad edənlər arasında ixtilaf və ixtilaflar barədə xəbərdən təsirlənən Ağaoğlu yazır: “Bu, İran dövlətidir! Doğrudan da biz intihar edib, özümüzü məhv edirik! Lakin beş min illik tarixin öhdəsindən gələn millət bir neçə təkəbbürlü insana da qalib gələcək”[3: “Soruş” qəzeti, 1909, s. 2].
Ağaoğlu, “Soruş” qəzetinin 10-cu sayında “İranlıların Məsuliyyətləri” başlıqlı başqa bir məqaləsində Tehranda yeni hökumətin qurulması ilə bağlı son xəbərləri qiymətləndirərək, yeni hökumətin qurulmasının özlüyündə mövcud vəziyyətin yaxşılaşmasına zəmanət verməyəcəyi barədə xəbərdarlıq edib. Onun nöqteyi-nəzərindən dövlətlə millət arasında dərin bir bağ var idi və bu iki amil bir-birini tamamlayan və gücləndirən amildir. Dövlət xalqın tələbinə uyğun hərəkət etməli, xalq dövlətlə həmahəng olub ona bağlı olmalıdır. İnqilabdan sonrakı İran şəraitində dövlət öz vətəndaşlarının təhlükəsizliyini və əmin-amanlığını qorumaq vəzifəsini yerinə yetirməli, xalq isə formalaşan hökumətə itaət etməli idi. Ağaoğlu isə İranda dövlətlə -millətin qarşılıqlı əlaqəsi qarşısında böyük maneələr olduğunu göstərir: “Biz təbii anarxistik; İttiham edilən şahdan tutmuş ilk azadlıq döyüşçüsünə qədər hamımız anarxistik”. İstər Şah rejimi olsun istərsə də konstitusiyaçı, İranda həmişə qanunu ilk pozan qanunverici olur. Bu birliyin açarını qanunlara və qaydalara tabe olmaqda görən Ağaoğlu İranlıları “nəfslərinə qarşı mübarizəyə” çağırır.[5: “Soruş” qəzeti, 1909, s. 3] “Sorus”un 12 və 14-cü saylarında dərc olunan məqalələr arasında A.A. imzası ilə iki yazı çap olunub. Yeri gəlmişkən, sözügedən böyük hərfləri Ağaoğlunun jurnalistlik karyerası boyu digər yazılarının altında da görmək mümkündür. Bu iki yazının ümumi məzmunu onların Ağaoğlu tərəfindən yazıldığını göstərir. Məqalələrdə Rusiya əleyhinə ağır ifadələr yer aldığı üçün ola bilsin ki, müəllif kimliyini gizli saxlayıb. Onun “İran və Rusiya” sərlövhəli ilk məqaləsi Rusiya hakimiyyətinə, xüsusən də “Azadlıq qatili” kimi ifadələrlə təsvir edilən İran-Kazak Briqadasının komandiri polkovnik Vladimir Liaxova qarşı sərt tənqidi yazılardır. Görünən odur ki, onun Qafqazda hələ də əlaqələri olması və nə vaxtsa Rusiyaya qayıtmaq barədə fikirləri Ağaoğlunu bu mövzuda daha ehtiyatlı davranmağa vadar edib. Yazının birinci hissəsində Rusiyanın İrandakı ambisiyalarına diqqət çəkən Ağaoğlu daha sonra ruslara qarşı müqavimətin önündə gedən Azərbaycan bölgəsindəki vətənşlara müraciət edərək, onların İran konstitusionalizminin bərpasında mühüm rol oynadıqlarını vurğulayır və göstərir ki, əslində bu gün İrana konstitusionallığı verən Azərbaycan olub. İndi Rusiya öz təhlükəsizliyi təmin etmək bəhanəsi ilə İrana hərbi müdaxilə etmək istəyir. Azərbaycanlılar “əcdadlarımızın saf torpağı” Azərbaycanı rus qoşunlarının çirkli ayaqları altında tapdalanmaqdan qorumalıdırlar; “Azərbaycanlılar həqiqəti düzgün dərk etməlidirlər; İranın azadlığının və müstəqilliyinin açarı indi onların əlindədir; Onlar ya İranı nəfəssiz qoyacaq, ya da dirçəldəcəklər. Buna görə də müəllif belə nəticəyə gəlir ki, “Azərbaycan bölgəsində çaşqınlıq və qarışıqlıq yaradan şəxslər təkcə Azərbaycana xəyanət etmir, həm də Allaha və İslamın əziz Peyğəmbərinə xəyanət etmiş olurlar”.[5: “Soruş” qəzeti, 1909, s. 3] “Soruş”un 23 noyabr 1909-cu il tarixli 14-cü sayında Ağaoğlunun şimali Azərbaycan bölgəsinin rus ordusu tərəfindən işğalından bəhs edən “Böyük fəlakət” adlı məqaləsi yer almışdır. Müəllif hesab edirdi ki, bu fəlakəti qabaqcadan görmək olardı. Həmçinin rus dövlət xadimlərinə qəzəblənməməli və onları qınamamalısınız, çünki onların pasifizminə və tənbəlliyinə görə günahı məhz İran rəhbərlərinə çəkmək lazımdır. 14-cü sayı “Soruş”un son buraxılışı oldu. [6: “Soruş” qəzeti, 1909, s. 2] Məhəmməd Əli şahın devrilməsi və konstitusiya rejiminin canlanması ilə Dehxoda və Muazid’ül-Seltene kimi siyasi mühacirlər İrana qayıtdılar. Lakin Əhməd bəy Ağaoğlu İstanbulda ictimai- siyasi həyatın yeni mərhələsinə qədəm qoydu. 1910-cu ildə o, Osmanlı vətəndaşı oldu və İstanbulda bir məktəbə müfəttiş təyin edildi. Daha sonra isə Afyon-Qarahisardan Məclisi-Məbusana üzv seçildi. “Türklük bölünmə qəbul etməyən bir tamdır. Məqsəd ona xidmətdir. Harda olursa olsun, bu xidmət mübarəkdir, müqəddəsdir” deyən Ağaoğlu üçün Türklük düşüncəsi, milli Azərbaycançılıq ideologiyasının ilkin mərhələsi olaraq xalqımızın istiqlal tarixində mühüm rol oynadı. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk demokratik respublika olaraq adını milli tariximizə yazdırdı. Əhməd bəy Ağaoğlu Azərbaycana yardıma gələn Qafqaz İslam Ordusunun gənc komandiri Nuru Paşanın siyasi müşaviri təyin olundu. Həmin dövrdə Gəncədə qəbul edilən qərarlar, Bakını azad etmək qərarı Azərbaycan xalqının gələcəyi üçün alınan taleyüklü qərarlar idi. Ağaoğlu Gəncədə nəşr etdirdiyi “Türk sözü” qəzetindəki «Bir Millət, Bir Ordu!» ideyasını və düşüncəsini reallığa çevirdi.
İstifadə olunan ədəbiyyat
- “Soruş” qəzeti, № 6, 1 sentyabr 1909-cu il.
- “Soruş” qəzeti, № 7, 22 sentyabr 1909-cu il.
- “Soruş” qəzeti, № 8, 9 oktyabr 1909-cu il.
- “Soruş” qəzeti, № 10, 13 oktyabr 1909-cu il.
- “Soruş” qəzeti, № 12, 2 noyabr 1909-cu il
- “Soruş” qəzeti, № 14, 23 noyabr 1909-cu il

Mahir QƏRİBOV,
Tarix üzrə fəlsəfə doktoru










