BMT-dən xəbərdarlıq: Son min ilin ən güclü hadisəsi
Birləşmiş Millətlər Təşkilatı (BMT) El-Nino hava hadisəsinin misli görünməmiş sürətlə gücləndiyi barədə xəbərdarlıq edib.
ERAmedia xəbər verir ki, qlobal istiləşmə ilə üst-üstə düşməsi gözlənilən El-Nino temperatur rekordlarının yenilənməsinə səbəb ola bilər və 2027-ci ilin bəşər tarixində qeydə alınmış ən isti il olacağı proqnozlaşdırılır.
BMT və Dünya Meteorologiya Təşkilatı (WMO) Sakit okean mərkəzli El-Nino hava hadisəsinin sürətlə gücləndiyini və son min ildə qeydə alınan ən şiddətli səviyyəyə doğru irəlilədiyini açıqlayıb.
Fosil yanacaqların istifadəsindən qaynaqlanan qlobal istiləşmənin üzərinə əlavə olunan bu nəhəng istilik dalğasının dünya üzrə temperatur rekordlarını ciddi şəkildə dəyişdirəcəyi gözlənilir. Mütəxəssislər bu iki amilin birgə təsirinin 2027-ci ili tarixdə qeydə alınmış ən isti il edəcəyini proqnozlaşdırırlar.
El-Ninonun yüksəltdiyi temperatur artıq dünyanın müxtəlif bölgələrində dağıdıcı nəticələrə səbəb olmağa başlayıb. İndoneziyada nəhəng meşə yanğınlarının yayılması və Hindistanda həyati əhəmiyyət daşıyan musson yağışlarının zəifləməsi böhranın ilk əlamətləri kimi qiymətləndirilir.
Qarşıdakı dövrdə Avstraliyada meşə yanğınları riskinin artacağı, Cənubi Amerikada isə güclü daşqınların baş verəcəyi gözlənilir. Dünya Ərzaq Proqramı bu ekstremal hava şəraitinin təxminən 50 milyon insanı birbaşa kəskin aclıq təhlükəsi ilə üz-üzə qoyacağını proqnozlaşdırır.
BMT-nin baş katibi Antonio Quterreş planetin əvvəllər qarşılaşmadığı təhlükəli bir mərhələyə daxil olduğunu vurğulayıb. O, artıq itiriləcək bir anın belə qalmadığını və iqlim böhranı ilə mübarizədə mütləq uğur qazanılmalı olduğunu bildirib.
Sakit okean üzərində küləklərin istiqamətinin dəyişməsi dəniz səthinin isinməsinə və atmosferə böyük miqdarda enerjinin ötürülməsinə səbəb olur. El-Nino dövrü artıq qeyri-adi temperatur fərqlərinə yol açıb. Okeanın mərkəzi hissəsində səth temperaturu 30 illik orta göstəricidən 2,6 dərəcə yüksəkdir. Bəzi dərin su bölgələrində isə bu fərqin 8 dərəcəyə çatdığı müəyyən edilib.
İqlim modelləri noyabr ayında pik həddə çatacağı gözlənilən temperatur fərqinin 4 dərəcəyə qədər yüksələ biləcəyini göstərir. Mərcan rifləri, ağac halqaları və tarixi qeydlərdən əldə edilən məlumatlar son min il ərzində El-Nino hadisəsinin belə ekstremal səviyyəyə çatmadığını göstərir.
Dünya Meteorologiya Təşkilatı təsirlərinin 2027-ci ilə qədər davam edəcəyi gözlənilən bu prosesin quraqlıq, həddindən artıq isti hava və daşqınlar vasitəsilə həm cəmiyyətlərə, həm də qlobal iqtisadiyyata ciddi zərbə vuracağı barədə xəbərdarlıq edib. Ekstremal hava hadisələrinin dünya üzrə ərzaq qiymətlərini artıracağı, kənd təsərrüfatının məhsuldarlığını isə ciddi şəkildə azaldacağı bildirilir.
Böyük Britaniya kimi mülayim iqlimə malik bölgələrdə belə ardıcıl isti hava dalğaları və quraqlıqdan sonra 2026-cı il tarixdə ən aşağı məhsuldarlığın qeydə alındığı məhsul mövsümlərindən biri kimi qiymətləndirilir. Mütəxəssislər karbon emissiyaları sürətlə azaldılmadığı təqdirdə El-Ninonun gücləndirdiyi bu dağıdıcı dövrün qarşıdakı illərdə daha ağır nəticələrə səbəb ola biləcəyini bildirirlər.
Vüsalə









