BRİCS sammitində Moskva və Tehrana gözlənilməz mesaj
Gözlənildiyi kimi, Hindistanda keçirilən BRİCS liderlərinin yekun bəyannaməsində ABŞ-İran və Rusiya-Ukrayna müharibələrinə xüsusi diqqət yetirilməyib.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, bu, BRİCS üzvlərinin Rusiya və İranın mövqelərini dəstəkləmədiyini göstərir.
Onun sözlərinə görə, Tehran və Moskva yekun sənəddə Qərb ölkələrinin hədəf seçilməsini istəyirdilər. Lakin sammitin ev sahibi Hindistan başda olmaqla BRİCS üzvlərinin bir qismi ABŞ və Ukraynanın hədəf göstərilməsinin əleyhinə çıxıb.
“Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da yekun bəyannamənin hazırlanması zamanı fikir ayrılıqlarının olduğunu etiraf edib”, – deyə siyasi şərhçi qeyd edib.
Elxan Şahinoğlu vurğulayıb ki, Rusiya Ukraynaya qarşı işğal müharibəsi apardığı üçün BRİCS üzvlərinin Moskvanı açıq şəkildə dəstəkləmələri mümkün deyildi.
Siyasi şərhçinin fikrincə, İranı dəstəkləyən bəndin bəyannaməyə salınması da mümkün görünmürdü. Çünki BRİCS-in digər üzvü olan Birləşmiş Ərəb Əmirlikləri İranın raket və dron hücumlarına məruz qalan ölkələrdəndir.
“BRİCS-də qəribə vəziyyət yaranıb. Qurumun bir üzvü – İran digər üzvünün – Birləşmiş Ərəb Əmirliklərinin ərazisinə zərbələr endirib və bu proses hələ də yekunlaşmayıb”, – deyə Elxan Şahinoğlu bildirib.
Bununla belə, onun sözlərinə görə, BRİCS üzvləri digər məsələlərdə konsensusa nail olublar. Yekun bəyannamədə BRİCS ölkələri Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu hesab etdikləri birtərəfli tarif və qeyri-tarif tədbirlərinin genişləndirilməsindən narahatlıqlarını ifadə ediblər.
Üzv ölkələr malların sabit axınının təmin olunması, qlobal təchizat zəncirlərinin qorunması və fasiləsiz enerji təchizatının təmin edilməsi üçün birgə fəaliyyətin vacibliyini vurğulayıblar. Həmçinin qarşılıqlı ticarətdə milli valyutalardan istifadənin genişləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini bəyan ediblər.
Elxan Şahinoğlu bildirib ki, yekun bəyannamədə beynəlxalq təhlükəsizlik məsələlərinə də geniş yer ayrılıb. BRİCS üzvləri münaqişələrə səbəb olan problemlərin aradan qaldırılmasını müdafiə edib, nüvə təhdidləri ilə bağlı risklərdən narahatlıqlarını ifadə ediblər.
“Bu bənd əslində Rusiyaya aid olmalıdır. Çünki Ukraynaya qarşı müharibə dövründə müxtəlif ölkələri nüvə silahı ilə təhdid edən açıqlamaları məhz rusiyalı rəsmilər səsləndirirlər”, – deyə siyasi şərhçi qeyd edib.
Onun sözlərinə görə, BRİCS üzvləri Yaxın Şərqdəki gərginliyin aradan qaldırılması məsələsində də müəyyən fikir birliyinə gəliblər. Bəyannamədə uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin təmin olunması üçün dialoq və diplomatiya səylərinin dəstəkləndiyi vurğulanıb.
BRİCS ölkələri İsrail-Fələstin münaqişəsinin BMT qətnamələri əsasında “iki dövlət üçün iki xalq” prinsipi ilə həllinin tərəfdarı olduqlarını bildiriblər. Bəyannamədə İsrailin siyasətinə dair tənqidi müddəalar da yer alıb.
Elxan Şahinoğlu qeyd edib ki, sənəddə Qüdsün hüquqi və tarixi statusunu dəyişdirməyə yönəlmiş birtərəfli tədbirlər rədd edilir, İsrailin Qəzza zolağında humanitar yardımın təmin edilməsi ilə bağlı hüquqi öhdəlikləri xatırladılır.
Bəyannamənin Suriya ilə bağlı hissəsində də İsrailə işarə edilib. Sənəddə “işğalçı qüvvələrin Suriyadan çıxarılması” zərurəti bir daha təsdiqlənib.
Siyasi şərhçi bildirib ki, BRİCS liderləri ABŞ-ın adını çəkmədən Kubaya qarşı birtərəfli embarqonun sərtləşdirilməsindən də narahatlıqlarını ifadə ediblər. Bəyannamədə bu siyasətin Kuba iqtisadiyyatına, enerji təchizatına və humanitar vəziyyətə mənfi təsir göstərdiyi vurğulanıb.
Yeni Dehlidə BRİCS+ sammitinin keçirilməsi də Hindistan üçün xüsusi əhəmiyyət daşıyıb. Elxan Şahinoğlunun sözlərinə görə, Yeni Dehli BRİCS-in genişlənməsinin və bununla da Qlobal Cənub prinsipinin real mexanizmə çevrilməsinin tərəfdarıdır.
“Qlobal Cənub konsepsiyası Hindistanı Yaxın Şərq, Afrika və Asiya dövlətləri ilə daha sistemli şəkildə əlaqələndirir. Hindistan BRİCS-in mövcud beynəlxalq düzəni əvəz etməsini istəmir. Yeni Dehli BRİCS vasitəsilə mövcud düzən daxilində özünün danışıqlar gücünü artırmağı hədəfləyir”, – deyə siyasi şərhçi bildirib.
Elxan Şahinoğlu hesab edir ki, Yeni Dehlidə keçirilən sammit BRİCS üzvləri arasında mövcud fikir ayrılıqlarının aradan qalxmadığını bir daha göstərib.
Onun fikrincə, BRİCS-in daha güclü və effektiv quruma çevrilməsi üçün Rusiya-Ukrayna müharibəsi başa çatmalı, İran ətrafındakı gərginlik və SEPAH qüvvələrinin Körfəz ölkələrinin ərazilərinə zərbələri dayandırılmalıdır.
Vural










