“Don Kixot”un görünməyən qəhrəmanı: Qara Qarayevin film musiqisinin hekayəsi
Migel de Servantesin eyniadlı romanı əsasında çəkilmiş ilk genişekranlı və rəngli “Don Kixot” filmi 1957-ci ildə rejissor Qriqor Kozintsov tərəfindən ekranlaşdırılıb.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında filmdə Azərbaycanın iki sənət adamının – aktrisa Tamilla Ağamirovanın və bəstəkar Qara Qarayevin iştirakından, həmçinin Qarayevin film üçün yaratdığı musiqinin maraqlı tarixçəsindən danışıb.
Zaur Əliyevin sözlərinə görə, Tamilla Ağamirova filmdə Altisidora obrazını canlandırıb. Filmin geniş ekranlara çıxmasından sonra gənc aktrisanın istedadı diqqət çəkib və o, böyük populyarlıq qazanaraq Moskvadakı məşhur “Romen” qaraçı teatrına dəvət alıb. Sonralar Ağamirova həmin teatrın aparıcı simalarından birinə çevrilib.
Filmdə Azərbaycanın ikinci nümayəndəsi isə musiqi müəllifi Qara Qarayev olub.
“Filmin nümayişindən sonra ispan musiqiçilərinin, mədəniyyət xadimlərinin və peşəkar ictimaiyyət nümayəndələrinin Qara Qarayev haqqında fikirləri demək olar ki, yekdil idi. Onlardan biri belə ifadə olunmuşdu: “İspaniyanın ruhunu, onun sarsıdıcı ritmlərini heç bir ispan bəstəkarı bu azərbaycanlı qədər dəqiq hiss edib nota köçürə bilməzdi””, – deyə Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, Qara Qarayevin “Don Kixot” filminə dəvət almasında Dmitri Şostakoviçin xüsusi rolu olub. Şostakoviç rejissor Qriqor Kozintsova Şərq və Qərb musiqisinin sintezini istəyirsə, Qara Qarayevə müraciət etməyi tövsiyə edib.
Məhz bu tövsiyədən sonra Qarayev Servantesin məşhur əsəri əsasında çəkilən film üçün musiqi yazıb. Bəstəkarın yaratdığı musiqi sonradan həm filmin, həm də obrazların emosional dünyasının əsas ifadə vasitələrindən biri kimi diqqət çəkib.
Zaur Əliyev qeyd edib ki, Qarayevin film musiqisində Azərbaycan muğamlarından gələn lad xüsusiyyətlərinin də olduğu bildirilir. Onun sözlərinə görə, bəstəkar ispan musiqi mühitini Azərbaycan musiqi təfəkkürü ilə birləşdirərək özünəməxsus sintez yaradıb.
“Çox az adam bilir ki, Qara Qarayev həmin musiqinin notlarında Azərbaycan muğamlarından ladlar əlavə edib. Bu günə qədər filmə baxan və musiqini dinləyənlərin bir çoxu hiss etməyib ki, Qarayev ispan ladları ilə yanaşı, Bayatı-Şiraz muğamının elementlərindən də istifadə edib”, – deyə o vurğulayıb.
Zaur Əliyevin sözlərinə görə, filmin Kann nümayişindən sonra bəzi media orqanlarında musiqinin ekran əsərinin ən güclü tərəflərindən biri olduğu qeyd edilib.
Qarayevin həmin musiqini bəstələyərkən Pablo Pikassonun məşhur “Don Kixot və Sanço Pansa” eskizinin reproduksiyasından da ilhamlandığı bildirilir. Bəstəkar İspaniyadan gələn məktublardan birində ona ünvanlanan sualı cavablandırarkən bu əsərə baxdığını qeyd edib.
İspaniyadan Qara Qarayevə göndərilən məktublarda onun Servantesin yaratdığı Don Kixot obrazının daxili dünyasını musiqi vasitəsilə ifadə etməyi bacardığı da vurğulanıb.
“Qeyd edilirdi ki, digər bəstəkarların yanaşmasından fərqli olaraq, Qara Qarayev Servantesin dünyaya göstərmək istədiyi – ədalətsiz dünyada tək qalan, əzab çəkən və psixoloji sarsıntı yaşayan Don Kixotun hisslərini musiqi ilə ifadə etməyi bacarıb”, – deyə Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, filmin bəzi səhnələrinin musiqisiz təqdim olunması məsələsi də müzakirə edilib. Qarayev isə qəhrəmanın daxili aləminin musiqi ilə ifadə edilməsinin vacibliyini müdafiə edib.
“Qarayevin fikrini belə ifadə etmək olar: “Sənin qəhrəmanın susa bilər, amma onun daxilindəki fırtına susmamalıdır”. Məhz bu yanaşma sayəsində ispan sənət adamları Don Kixotun daxili dünyasını Qarayevin musiqisi vasitəsilə daha dərindən hiss etdiklərini bildiriblər”, – tarixçi qeyd edib.
Zaur Əliyev həmçinin bildirib ki, Qarayevə münasibətdə ilk vaxtlar bəzi sərt tənqidi fikirlər də səslənib. Ayrı-ayrı tənqidçilər Sovet İttifaqında ispan musiqisini, onun fəlsəfəsini və ladlarını dərindən bilən bir bəstəkarın mövcudluğunun sübut edilməsini tələb ediblər.
Onun sözlərinə görə, Qara Qarayev sonradan beynəlxalq tədbirlərdə pianonun arxasına keçərək ispan ladlarını Azərbaycan muğam elementləri ilə sintez etdiyi ifalar təqdim edib. Bu çıxışlardan sonra həmin tənqidçilər əvvəlki mövqelərinə görə üzr istəyiblər.
“Don Kixot” filmində baş rolu canlandıran Nikolay Çerkasovla bağlı da maraqlı hadisənin olduğu bildirilir. Zaur Əliyevin sözlərinə görə, aktyor əvvəlcə obraza tam daxil ola bilmirdi. Qara Qarayev onunla görüşərək öz musiqisini ifa edib və bundan sonra Çerkasov obrazın daxili aləmini daha yaxşı hiss edərək rola köklənə bilib.
Qara Qarayev 1957-ci ildə film üçün yazdığı musiqiyə sonradan yenidən qayıdıb. 1960-cı ildə həmin materiallar əsasında orkestr üçün “Don Kixot” simfonik qravürlərini yaradıb.
Zaur Əliyev qeyd edib ki, bu əsər sonrakı illərdə də səhnə sənətinə təsir göstərib. 2000-ci ildə ukraynalı baletmeyster Georgi Kovtun Qarayevin “Don Kixot” simfonik qravürləri əsasında balet tamaşası hazırlayıb.
Beləliklə, 1957-ci ilin “Don Kixot” filmi yalnız dünya klassikasının ekranlaşdırılması kimi deyil, Azərbaycan sənətinin də beynəlxalq miqyasda nümayiş olunduğu mühüm mədəni hadisələrdən biri kimi tarixə düşüb. Filmdə Tamilla Ağamirovanın aktyor oyunu, Qara Qarayevin isə Şərq və Qərb musiqi ənənələrini birləşdirən partiturası Azərbaycan mədəniyyətinin həmin ekran əsərindəki mühüm izlərini təşkil edib.
Mələk Onur










