media-suni-intellektden-istifade-50-e-catdi-1024x684

Süni intellekt dövründə pulun və əməyin rolu azalacaq.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili ABŞ-da süni intellekt sahəsində çalışan şirkətlərin nümayəndələrinin gələcəklə bağlı proqnozlarına diqqət çəkərək, süni intellekt və robot texnologiyalarının iqtisadi sistemdə köklü dəyişikliklərə səbəb ola biləcəyini bildirib.

Tahir Mirkişili qeyd edib ki, süni intellektin yaxın illərdə bütün insanların ümumi intellektual imkanlarını üstələyə biləcəyi, növbəti mərhələdə isə robotların fiziki əməyin əhəmiyyətli hissəsini öz üzərinə götürə biləcəyi ilə bağlı fikirlər həm heyranlıq, həm də müəyyən narahatlıq doğurur.

Deputatın sözlərinə görə, bu proses Yer kürəsində mövcud iqtisadi nizamı da ciddi şəkildə dəyişə bilər.

O bildirib ki, mövcud iqtisadi sistemin üç əsas institutu əmək, gəlir və puldur:

“Gəlir əldə etmək üçün işləmək lazımdır, istehlakı tənzimləmək üçün isə pul lazımdır. Sadə desək, bu günkü iqtisadiyyat belə işləyir: Əmək – Maaş – İstehlak”.

Tahir Mirkişili hesab edir ki, süni intellekt intellektual əməyin, robotlar isə fiziki əməyin böyük hissəsini əvəz etdiyi halda, istehsal üçün insan əməyinə ehtiyac əhəmiyyətli dərəcədə azala bilər. Bu zaman iqtisadiyyat daha çox məhsul istehsal edəcək və böyüyəcək, lakin həmin istehsal üçün daha az insan əməyinə ehtiyac duyulacaq.

Deputatın fikrincə, belə bir şəraitdə gəlir əldə etməyin əsas mənbəyi də dəyişə bilər. Hazırda insanların gəlirlərinin əsas mənbələrini əməkhaqqı, sahibkarlıq fəaliyyəti və kapitaldan əldə olunan gəlirlər təşkil edir. Lakin süni intellekt məhsuldarlığı kəskin artırarsa, yaradılan gəlirin daha böyük hissəsi süni intellekt sistemlərinə, robotlara, data mərkəzlərinə və digər kapital aktivlərinə sahib olanlara yönələ bilər.

“Bu isə istehlak baxımından ciddi problemlər yarada bilər. Əgər insanlarda pul yoxdursa, o zaman istehsal məhsuldarlığının artmasının iqtisadi mənası da sual altına düşür. Çünki istehlak azalacaq. İstehlak olmasa, iqtisadi bolluq kimə lazım olacaq?” – deyə Tahir Mirkişili vurğulayıb.

Deputatın qənaətinə görə, məhz bu məqamda dövlətin iqtisadiyyatda rolu əhəmiyyətli dərəcədə arta bilər. Dövlət süni intellektin yaratdığı yüksək məhsuldarlığın müəyyən hissəsini müxtəlif mexanizmlər vasitəsilə əhaliyə ötürə, vergilər, ödənişlər, icazələr və digər alətlər vasitəsilə gəlirlərin yenidən bölüşdürülməsini həyata keçirə bilər.

Tahir Mirkişili hesab edir ki, gələcəkdə bu yanaşma XX əsrdə tətbiq edilən minimum əməkhaqqı və minimum yaşayış həddi kimi mexanizmlərdən fərqli olaraq, daha yüksək gəlirin təmin olunması formasında ortaya çıxa bilər. Daha yüksək gəlir əldə etmək istəyən insanlar isə əsasən həqiqi intellektual fəaliyyətlərlə məşğul olacaqlar.

O qeyd edib ki, yeni iqtisadi sistemdə pul da bugünkü iqtisadiyyatda olduğu qədər mərkəzi rola malik olmaya bilər. Çünki süni intellekt bir sıra hazırda yüksək maliyyə və zaman tələb edən xidmətləri – hüquqi məsləhət, həkim məsləhəti, fərdi təhsil, taksi, dizayn, istehsal, logistika və digər xidmətləri – daha ucuz və əlçatan edə bilər.

Deputatın fikrincə, müxtəlif iqtisadi mərhələlərdə əsas defisit resurslar da dəyişib:

“Sənaye iqtisadiyyatında əsas defisit resurs kapital idi. XX əsr iqtisadiyyatında isə əmək və bilik idi. Süni intellekt iqtisadiyyatında isə həm əmək, həm də bilik çox ucuz və boldur. Defisit olan isə yalnız kapital ola bilər”.

Tahir Mirkişili bildirib ki, süni intellekt iqtisadiyyatında əsas məsələ artıq “nə və necə istehsal edək?” sualından daha çox “istehsal etdiklərimizi necə bölüşdürək?” sualına çevriləcək.

Onun sözlərinə görə, bu yeni iqtisadi sistemin düzgün qurulması üçün böyük həcmdə məlumatlara, insanların davranışlarını öyrənən modellərə və ciddi ekonometrik yanaşmalara ehtiyac olacaq.

Vüsalə


media-adspc

Bənzər xəbərlər