Bu, müharibə deyil: Sülh üçün əsas təhlükə açıqlandı — TƏHLİL
Dünya İqtisadi Forumunun (WEF) Davosda keçiriləcək illik toplantısı ərəfəsində apardığı sorğuya əsasən, təxminən 1300 beynəlxalq ekspert yaxın iki il üçün dünya sülhü və sabitliyi üçün ən ciddi təhlükə kimi böyük dövlətlər arasında iqtisadi qarşıdurmanı, yəni geoiqtisadi konfrontasiyanı göstərib.
ERAmedia xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Sorğuda iştirak edənlərin 18 faizi bu riski əsas təhlükə kimi qiymətləndirib. Bu göstərici dövlətlərarası silahlı münaqişələrdən (14 faiz) və ekstremal hava hadisələrindən (8 faiz) daha yüksəkdir.
Ekspertlər iqtisadi qarşıdurma dedikdə ticarət müharibələri, tarif mübahisələri, sanksiyalar və iqtisadi təzyiq aləti kimi istifadə olunan digər tədbirləri nəzərdə tuturlar.
Hesabatda ABŞ-ın son tarif siyasəti çərçivəsində gördüyü tədbirlər, eləcə də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra rus aktivlərinin dondurulması kimi sanksiyaların geniş tətbiqi qeyd olunur. Bu cür alətlər ənənəvi iqtisadi əlaqələri poza və dövlətlər arasında gərginliyi artıra bilər.
Bundan başqa, strateji resurslar uğrunda rəqabət də narahatlıq doğurur. Xüsusilə nadir torpaq metalları kimi mühüm resurslara çıxış məsələsi diqqət çəkir. Bu sahədə Çinin üstün mövqedə olması geoiqtisadi rəqabəti daha da gücləndirir.
Qısa müddətli perspektivdə, yəni iki il ərzində iqtisadi risklər əsas təhlükə sayılsa da, daha uzunmüddətli dövrdə, növbəti on il üçün ekoloji təhdidlər üstünlük təşkil edir. Bunlara ekstremal iqlim hadisələri, ekosistemlərin məhvi və Yer kürəsinin əsas təbii sistemlərində böyük dəyişikliklər daxildir.
Sorğu beynəlxalq gərginliyin artdığı bir dövrdə, o cümlədən müxtəlif ticarət tədbirləri və hərbi toqquşmalar fonunda dərc olunub və WEF-in qarşıdan gələn sammitində qlobal risklərin müzakirəsi üçün əsas istiqamətverici sənədlərdən biri sayılır.
Qeyd edək kİ, müasir dünyada təhlükə anlayışı təkcə silah və ordularla məhdudlaşmır. Dövlətlər arasında iqtisadi alətlərdən siyasi məqsədlər üçün istifadə edilməsi münasibətləri daha mürəkkəb və kövrək edir.
Ticarət məhdudiyyətləri və maliyyə təzyiqləri birbaşa müharibə olmasa belə, ölkələrin inkişafına ciddi zərbə vura bilər. Strateji xammallar üzərində rəqabət isə gələcək münaqişələrin səssiz başlanğıcı kimi görünür. Qısa müddətdə iqtisadi gərginlik ön plana çıxsa da, uzun dövrdə təbiətlə bağlı risklərin daha dağıdıcı olacağı ehtimal edilir.
Bu yanaşma göstərir ki, təhlükəsizlik anlayışı həm iqtisadi, həm də ekoloji ölçüləri əhatə etməlidir. Beləliklə, dünya liderləri qərar verərkən yalnız bugünkü böhranları deyil, gələcək nəsillərin taleyini də nəzərə almalıdırlar.
ERAmedia Analitik Qrupu










