Bu ölkədə hökumət tam tərkibdə istefa verdi
Yəmən Prezident Rəhbərliyi Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi ölkənin xarici işlər naziri Şaya Möhsən əz-Zindaniyi yeni baş nazir təyin edib.
ERAmedia xəbər verir ki, bu barədə yanvarın 16-na keçən gecə Yəmənin SABA xəbər agentliyi məlumat yayıb.
Sənədə əsasən, mövcud Nazirlər Kabineti yeni hökumət tərkibi formalaşana qədər vəzifələrini icra etməyə davam edəcək.
Yanvarın 15-də Prezident Rəhbərliyi Şurasının sədri Salim Saleh ben Breykin təqdim etdiyi hökumətin istefa ərizəsini qəbul edib. Rəsmi açıqlamada bildirilir ki, bu qərar “ölkədə baş verən son dəyişikliklərə uyğun olaraq yeni hökumətin formalaşdırılmasına yol açmaq” məqsədi daşıyır. Digər fərmanla əl-Alimi Salim Saleh ben Breyki maliyyə və iqtisadi məsələlər üzrə öz müşaviri təyin edib.
Yəməndə hökumətin dəyişməsindən əvvəl ölkənin cənub və şərq bölgələrində gərginlik artmışdı. 2025-ci ilin dekabrının əvvəlində BƏƏ tərəfindən dəstəklənən Cənub Keçid Şurasının (CKŞ) qüvvələri Hadramaut və Əl-Mahra vilayətlərinə nəzarəti ələ keçirmişdi. Buna cavab olaraq Yəmən hakimiyyəti BƏƏ ilə birgə müdafiə haqqında sazişi ləğv edib və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyadan hərbi yardım istəyib.
Yanvar ayında danışıqlar üçün Ər-Riyada gedən CKŞ rəhbərliyinin bir hissəsi təşkilatın buraxıldığını elan edib. Ərəb koalisiyasının məlumatına görə, separatçı lider Aydarus əz-Zübeydi BƏƏ-yə qaçıb və onun tərəfdarları şuranın buraxılması qərarını rədd ediblər. Yanvarın 11-də Yəmən hakimiyyəti hökumət qüvvələrinin cənub və şərq vilayətləri, o cümlədən müvəqqəti paytaxt Aden üzərində nəzarəti bərpa etdiyini açıqlayıb.










