Çinə güclü tayfun yaxınlaşır:insanlar təxliyə olundu
Çinin cənubundakı Quanqdun əyalətində yaxınlaşmaqda olan “Hunşa” tayfunu ilə əlaqədar 340 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb.
ERAmedia TASS-a istinadən xəbər verir ki, bu barədə əyalətin daşqın və quraqlıqla mübarizə qərargahı məlumat yayıb.
Saniyədə 42-48 metr sürətlə əsən küləklə müşayiət olunan tayfunun iyulun 25-dən 26-na keçən gecə Şençjen və Hueylay şəhərləri arasındakı sahilə çatacağı gözlənilir. Quruda irəlilədikdən sonra tayfun şimala doğru hərəkət edərək tədricən zəifləyəcək.
Yaxın sutka ərzində Quanqdun əyalətinin inzibati mərkəzi Quançjouda güclü leysan yağışları proqnozlaşdırılır. Sinoptiklər bəzi ərazilərdə yağıntının 250 millimetrə çata biləcəyini bildirirlər.
Bundan əvvəl Çin hökuməti tayfunla əlaqədar ölkənin bir sıra bölgələrində narıncı təhlükə səviyyəsi elan edib. Çində təbii fəlakətlərlə bağlı xəbərdarlıq sistemi dörd səviyyədən ibarətdir: qırmızı (ən yüksək), narıncı, sarı və mavi.










