Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı – SİYAHI
Beynəlxalq kulinariya bələdçisi “TasteAtlas” müxtəlif ölkələrin fərqli qastronomiya ənənələrini qiymətləndirərək “Dünyanın ən yaxşı 100 mətbəxi” siyahısını açıqlayıb.
ERAmedia xəbər verir ki, ümumi göstəricilərdə ən yüksək bal toplayan mətbəxlər ilk sıralarda qərarlaşıb. Siyahıda ilk onluqda yer alan ölkələr aşağıdakılardır:
10. İndoneziya mətbəxi
İndoneziya mətbəxi acı, turşməzə, şirin və duzlu dadların harmoniyası ilə seçilir. Yer fıstığı, Hindistan qozu südü, düyü və çoxsaylı ədviyyatlar bu mətbəxin əsas komponentləridir.
9. Fransa mətbəxi
Qastronomiya ənənəsi və kulinariya sənəti ilə məşhur olan Fransa mətbəxi zərif bişirmə texnikaları, zəngin souslar və klassik desertləri, profiterol, sufle, makaron, krem-karamel ilə tanınır.
8. Çin mətbəxi
Acı, şirin, duzlu və turş balansının qorunduğu Çin mətbəxində buxarda bişirmə, qızartma və qaynatma kimi üsullar üstünlük təşkil edir. Nudel, Pekin ördəyi və hot-pot bu mətbəxin dünyaca məşhur yeməkləridir.
7. Türkiyə mətbəxi
Hər il olduğu kimi, bu il də yüksək pillələrdə yer alan Türkiyə mətbəxi zəngin tarixi və geniş coğrafi təsirləri ilə seçilir. Kabab, paxlava, mantı, dönər, yerli səhər qəlyanaltısı və türk qəhvəsi bu mətbəxin simvoludur.
6. Yaponiya mətbəxi
Minimalist təqdimat və zərif dad balansı ilə tanınan Yaponiya mətbəxi az yağ və ədviyyatla hazırlanır. Düyü, balıq və dəniz məhsulları əsas yer tutur. Saşimi, suşi və ramen bu mətbəxin ən məşhur yeməklərindəndir.
5. İspaniya mətbəxi
Coğrafi zənginlik və tarixi irslə formalaşmış İspaniya mətbəxi ləzzətli və rəngarəng dadları ilə tanınır. Tapas, paella, empanada, qaspaço və tortilla bu mətbəxin əsas yeməkləridir.
4. Portuqaliya mətbəxi
Dəniz məhsulları, zeytun yağı və çörək Portuqaliya mətbəxinin əsas üçlüyünü təşkil edir. Sadə, lakin dadlı reseptlər bu mətbəxin əsas xüsusiyyətlərindəndir.
3. Peru mətbəxi
Dünyanın ən çox təriflənən mətbəxlərindən biri olan Peru mətbəxi dad qatları ilə fərqlənir. Limon suyunda marinad edilmiş balıqdan hazırlanan ceviçe ölkənin milli yeməyi hesab olunur.
2. Yunanıstan mətbəxi
Türkiyə mətbəxinə bənzərliyi ilə tanınan yunan mətbəxi fərqli dad harmoniyası ilə ikinci pillədə qərarlaşıb.
1. İtaliya mətbəxi
Siyahının lideri İtaliya mətbəxidir. Makaron, pizza, müxtəlif souslar, tiramisu və kannoli kimi, dünyada məşhur olan yeməklər, bu mətbəxi “dünya mətbəxlərinin kraliçası”na çevirir.
Vural Həsənoğlu









