media-17816156506198333465_1200x630

Ermənistan məktəblərində tədris olunan bəzi dərsliklərdə nifrət nitqinin və düşmənçilik ideologiyasının təbliğ edilməsi gələcək nəsillərin dünya görüşünün formalaşmasına mənfi təsir göstərir və regionda davamlı sülhün bərqərar olunması prosesinə maneə yarada bilər.

ERAmedia xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü İradə Rzazadə bildirib.

O qeyd edib ki, özü Qərbi Azərbaycanda yaşayıb və həmin dövrdə erməni cəmiyyətində azərbaycanlılara münasibətdə formalaşdırılan yanaşmaların şahidi olub. “Biz hələ əvvəllər də eşidirdik ki, uşaqlara kiçik yaşlarından türklərin düşmən kimi təqdim edilməsi aşılanır. Mən özüm orada yaşamış insan kimi bu münasibətin müəyyən əlamətlərini müşahidə etmişəm. Düzdür, insanlar qonşu kimi yaşayır, məclislərdə bir araya gəlirdilər. Sovet dövründə bu məsələlərin açıq şəkildə ifadə olunmamasına çalışılırdı. Lakin bunun mövcud olduğunu hər kəs bilirdi və yaşlı nəsil də bu barədə danışırdı.

“Strateji Kommunikasiyalar Mərkəzi tərəfindən hazırlanmış “Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılması” adlı kitabda qeyd olunan faktlar onu deməyə əsas verir ki, nifrət nitqi və düşmənçilik çağırışları onların tədris materiallarında sistemli şəkildə öz əksini tapıb. Əgər bu cür yanaşmalar məktəblərdə tədris olunursa, uşaqlar həmin düşüncələri daha asan mənimsəyirlər. Təhsil mühitində formalaşan baxışlar sonradan onların dünyagörüşünə və cəmiyyətə münasibətinə təsir göstərir. Bu baxımdan, nifrət dilinin təbliği ciddi narahatlıq doğuran məsələdir”, – deyə İradə Rzazadə vurğulayıb.

İ.Rzazadə bildirib ki, hazırda regionda sülh və normallaşma prosesləri ilə bağlı daha çox danışılır və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi istiqamətində addımlar atılır: “Əgər bu düşüncələr uşaqların şüurunu formalaşdırırsa, gələcəkdə münasibətlərin qurulması və etimad mühitinin yaradılması daha çətin olacaq. Uşaqlara nifrət dilinin öyrədilməsi gələcək sülh prosesləri baxımından ciddi çağırış yaradır. Bu məsələlərin daha geniş müzakirəyə çıxarılması və ictimai diqqətdə saxlanılması vacibdir. Xüsusilə vətəndaş cəmiyyəti institutları bu istiqamətdə daha fəal olmalı, mövcud problemləri gündəmə gətirməlidirlər”.

İctimai Şura üzvü vurğulayıb ki, həm Azərbaycan, həm də Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin bu məsələlər ətrafında daha fəal müzakirələr aparması gələcək sülh proseslərinə töhfə verə bilər.

“İctimai təşkilatlar bu mövzunu daim diqqətdə saxlamalı, gələcək sülh proseslərinin hansı çətinliklərlə üzləşə biləcəyini müzakirə etməli və onların aradan qaldırılması istiqamətində təşəbbüslərlə çıxış etməlidirlər. Hesab edirəm ki, yalnız bu yolla qarşılıqlı etimadın formalaşdırılması və davamlı sülhə nail olunması mümkün ola bilər”, – deyə İradə Rzazadə bildirib.


media-adspc

Bənzər xəbərlər