FETÖ-nün yeni ssenarisi ortaya çıxdı – Terror təşkilatının “Ərdoğandan sonra” planı
FETÖ terror təşkilatının vətəndaş cəmiyyəti sahəsində yenidən təşkilatlanmağa yönəlmiş yeni strategiya izlədiyi müəyyənləşib.
ERAmedia xəbər verir ki, təşkilatın yeni təlimatına əsasən, bu günədək ifşa olunmamış və barələrində hər hansı hüquqi tədbir görülməmiş şəxslərin dərnək və fond yaratmaları, yaxud hazırda fəaliyyət göstərən dərnək və fondların rəhbərliyinə daxil olmaları istiqamətində iş aparılır.
FETÖ-nün keçmişdəki vətəndaş cəmiyyəti və iş dünyası strukturu əsas çətir təşkilatı olan TUSKON (Türkiyə İş Adamları və Sənayeçilər Konfederasiyası) ətrafında formalaşmışdı.
23 iyul 2016-cı il tarixli “Resmi Gazete”də dərc olunan 667 saylı Qanun Hökmündə Fərmanla Türkiyənin 81 vilayətində 1125 dərnək və fond bağlanıb. Qanun hökmündə fərmanın 2-ci maddəsinə əsasən, bağlanan fondların bütün daşınar və daşınmaz əmlakı, aktivləri, alacaqları və hüquqları, eləcə də sənəd və arxivləri Əmlak Fondları Baş İdarəsinə əvəzsiz olaraq təhvil verilmiş hesab edilib. Bağlanan özəl ali təhsil müəssisələrinin sağlamlıq tətbiq və araşdırma mərkəzləri ilə digər qurumlara aid aktivləri isə xəzinəyə keçirilib, daşınmaz əmlaklar dövlət reyestrində bütün məhdudiyyət və yüklərdən azad şəkildə Xəzinənin adına rəsmiləşdirilib. Tənzimləməyə əsasən, bu qurumların borclarına görə Xəzinədən heç bir hüquq və tələb irəli sürülə bilməyəcəyi də nəzərdə tutulub.
Təşkilatın bağlanan strukturları cəmiyyətin demək olar ki, bütün strateji sahələrinə yayılmışdı.
Sosial yardım sahəsində təşkilatın qlobal miqyasda ən böyük vətəndaş cəmiyyəti qurumu olan “Kimse Yok Mu” Yardımlaşma və Həmrəylik Dərnəyi toplanan “himmet”, qurban və ianə vəsaitlərinin dünya üzrə təşkilində əsas mərkəz kimi istifadə olunurdu.
Təşkilatın “akademik və intellektual üzü” kimi çıxış edən, “Abant Platforması” kimi tədbirlər təşkil edən və fəxri sədrliyini birbaşa Fətullah Gülənin həyata keçirdiyi Jurnalistlər və Yazıçılar Fondu isə ən yüksək səviyyəli mədəni və diplomatik struktur kimi fəaliyyət göstərirdi.
Media sahəsində “Samanyolu TV” və “Burç FM” kimi kanalların koordinasiyasını həyata keçirən Televiziya Yayımçıları Dərnəyi ilə dezinformasiya və kadrlaşma fəaliyyətlərini “etik” pərdə altında legitimləşdirmək məqsədilə yaradılan Media Etika Şurası Dərnəyi fəaliyyət göstərirdi.
Təhsil sahəsində müəllim kadrlarını koordinasiya edən və məktəb və hazırlıq kursu strukturlaşmasına zəmin yaradan Türkiyə Müəllimlər Fondu (TÖV), eləcə də təşkilatın flaqmanı sayılan Fatih Universitetinin və ona bağlı xəstəxanaların mülkiyyətini əlində saxlayan böyük maliyyə imkanlarına malik Sağlamlıq və Müalicə Fondu mövcud idi.
Məhkəmə sistemində isə Hakimlər və Prokurorlar Birliyi (YARSAV) birbaşa təşkilat tərəfindən yaradılmasa da, sonrakı mərhələdə rəhbərliyinin və üzv profilinin ələ keçirilməsi yolu ilə məhkəmə sistemindəki vətəndaş cəmiyyəti əməliyyatlarının istiqamətləndirildiyi iddiası ilə Qanun Hökmündə Fərman əsasında tamamilə ləğv edilmişdi.
Səhiyyə sahəsində həkim, akademik və əczaçılar arasında hücrə tipli struktur yaratdığı bildirilən Türkiyə Səhiyyə İşçiləri Dərnəyi (TUSAM), idman klubları vasitəsilə gənclərə çatmağı hədəfləyən “Kimse Yok Mu” İdman Klubu Dərnəyi və vali və kaymakam kimi yerli inzibati vəzifələrə sızan üzvlərin qanuni zəmində koordinasiyasını həyata keçirdiyi bildirilən Mülki İdarəçilər Məlumat Birliyi Dərnəyi də bağlanan strateji qurumlar arasında göstərilirdi.
Bundan başqa, FETÖ-nün öz sıraları arasında Türkiyənin gələcəyi ilə bağlı proqnozları ölçən siyasi meyl sorğusu yaydığı da üzə çıxıb. “SuperHaber”in baş redaktoru Sinan Sungurun əldə etdiyi məlumatlara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan sonrakı dövrlə bağlı 10 əsas mövzu üzrə araşdırma aparılıb.
Təşkilatın ilk növbədə hakim partiyanın gələcəyini gündəmə gətirdiyi araşdırmada Ərdoğandan sonra AK Partidə liderlik mübarizəsinin necə formalaşacağı, partiyanın bir arada saxlanılıb-saxlanıla bilməyəcəyi və ya dərin parçalanmaların yaşanıb-yaşanmayacağı soruşulub.
Prezident üsul-idarəsi sisteminin gələcəyinin də müzakirəyə çıxarıldığı sorğuda mövcud prezidentlik modelinin qorunub-qorunmayacağı və ya gücləndirilmiş parlament sistemi ilə “əyləclər və tarazlıqlar” mexanizmlərinin mövcud olduğu fərqli bir modelə keçidin sürətlənib-sürətlənməyəcəyi araşdırılıb.
İqtisadiyyat bölməsində isə mövcud siyasətlərin davam etdirilməsi ilə qlobal bazarlarla uyğunlaşdırılmış ortodoks iqtisadi siyasətlərə kəskin dönüş ehtimalları qiymətləndirilib.
Araşdırmada Türkiyənin beynəlxalq münasibətləri də geniş yer tutub. Xarici siyasətdə Qərb (NATO/Aİ) ilə Şərq (Rusiya/Yaxın Şərq) arasında balans siyasətinin necə təsirlənəcəyi və hər hansı istiqamət dəyişikliyinin baş verib-verməyəcəyi sual edilib.
İctimai quruluşa dair maddələrdə siyasətin dilində dəyişiklik və yeni siyasi hegemonluq mübarizəsi ehtimalı təhlil edilərkən, təhlükəsizlik məsələləri çərçivəsində Kürd məsələsinə yanaşmaların necə dəyişəcəyi, terrorla mübarizə konsepsiyasının və daxili sülh axtarışlarının yeni siyasi müstəviyə daşınıb-daşınmayacağı gündəmə gətirilib.
Vural









