Fransada həyəcan rejimi - Əhaliyə xəbərdarlıq edildi
Fransada ilin üçüncü isti hava dalğası daha da şiddətlənib.
ERAmedia xəbər verir ki, ölkənin meteorologiya xidməti Meteo Frans (Météo-France) həddindən artıq istilərə görə 9 departamentdə qırmızı həyəcan elan edib, narıncı xəbərdarlıq tətbiq olunan departamentlərin sayı isə artırılıb.
Cümə günü saat 12:00-dan etibarən Morbian, İl-e-Vilen, Mayenn, Sart, Luar-Atlantik, Vande, Men-e-Luar, Vyen və Dö-Sevr departamentlərində qırmızı həyəcan rejimi qüvvəyə minəcək. Bu qərar son isti hava dalğası zamanı ilk dəfə olaraq bəzi departamentlərdə ən yüksək xəbərdarlıq səviyyəsinin tətbiq edilməsi deməkdir.
Meteo Frans narıncı xəbərdarlıq zonasının da genişləndiriləcəyini açıqlayıb. Hazırda 72 departamenti əhatə edən narıncı xəbərdarlıq siyahısına, əsasən Qran Est regionu olmaqla, daha 14 departament əlavə olunacaq.
Beləliklə, Kot-d’Armor, Manş, Kalvados, Sen-Maritim, Uaz, En, Arden, Marn, Möz, Mört-e-Mozel, Mozel, Vozj, Ba-Ren və O-Ren departamentlərində də narıncı xəbərdarlıq qüvvədə olacaq. Eyni zamanda, Buş-dü-Ron departamentində narıncı xəbərdarlığın ləğv ediləcəyi bildirilib.
Səlahiyyətli qurumlar xəbərdarlıq edirlər ki, həddindən artıq isti hava xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün ciddi risk yaradır. Qırmızı həyəcan elan olunan bölgələrdə əhaliyə günün ən isti saatlarında çölə çıxmamaq, bol maye qəbul etmək və mümkün qədər sərin məkanlarda qalmaq tövsiyə olunur.










