Hansı SOS birinci yaranıb?
Sos (SOS) – bu adlardan birinin yaşayış yeri, digərinin isə beynəlxalq fəlakət siqnalı olmasını nəzərə alıb, ERAmedia olaraq qısa bir araşdırma aparmağı qərara aldıq. Oxucular üçün maraqlı olacağını düşünüb, hansı adın birinci yaranmasını dəqiqləşdirməyə çalışdıq.
Sos – Azərbaycan Respublikası Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd adıdır. Kənd 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Sos kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində kənd yenidən Azərbaycan Respublikasının nəzarətinə keçib.
Sos tooponimi XIX əsrin (1800-cü il) əvvəllərində yaranıb. Kənddə Cənubi Azərbaycandan və Xocavənd rayonunun Tuğ kəndindən köçüb gəlmiş ailələr məskunlaşıb. Bəzi mənbələrə görə bu ərazinin dumanlı, çiskinli olmasına görə kənd belə adlandırılıb.
Sos – türk dillərində “nəm, rütubətli yer” mənasındadır. Ədəbiyyatlarda oykonimin Suz, Sus şəklində yazılış formalarına da rast gəlmək olar.
Mənbələrdə Sos Qarabağın Keçəz nahiyəsində kənd kimi qeyd olunub. 1928-ci ildə İrandan gəlmə ermənilər burada yerləşdirilib. Sos adı İrəvan əyalətinin Göyçə mahalında Sos, Laçın rayonunda Sus və Sus-Zabux, Qax rayonunda Suskənd, Şahbuz rayonunda Sələ-Sus, Ordubad rayonunun Nüsnüs kəndində Susdərə, Kəlbəcər rayonunda Susuzluq və başqa adlarla mənaca eynidir. Bu adlar iki cür izah olunur:
Türk dillərində sos – “Sucaq yer”, monqolca isə suus “maldar elin düşərgəsi” sözündəndir. Həqiqətdə isə Sos kəndi Hadrut qəsəbəsindən yaranma bir yaşayış məntəqəsidir.
* * *
SOS – Beynəlxalq fəlakət siqnallarından biridir. Əsasən Morze kodu ilə, habelə işıq vasitəsilə (üç qısa, üç uzun, üç qısa işıq yanma ilə) verilir. Bu siqnal növü 1905 il aprelin 1-də Almaniyada qəbul edilib. 1908-ci il iyulun 1-də Berlində keçirilmiş ikinci Beynəlxalq radioteleqraf konfransında, Morze əlifbası ilə ifadə edilən SOS (“Save Our Souls”) abbreviaturasının beynəlxalq dəniz fəlakət siqnalı kimi istifadəsi ilə bağlı imzalanmış konvensiya qüvvəyə minib. İngiliscə “save our souls” (“bizim ruhlarımızı xilas edin”) kimi izah olunur.
Çoxları bu abbreviaturanı “Save our Ship” – gəmimizi qurtar, “Stop Other Signals” – digər siqnalları dayandırın, sözlərinin qısaldılmış forması kimi də başa düşür. Ancaq belə deyil, bu, teleqraf zamanından qalma morze əlifbası ilə əlaqədardır.
Kömək çağırışının çox asan tutula bilməsi üçün 1908-ci ildə morze əlifbasına görə “üç nöqtə, üç xətt, üç nöqtə” olan – SOS seçilib.
Deməli, qısa araşdırmadan belə məlum olur ki, Azərbaycan Respublikası Xocavənd rayonunun Sos kəndi 1800-cü ilin əvvəllərində, Beynəlxalq fəlakət siqnal olan SOS isə təxminən 100 il sonra, 1900-cü ilin əvvəllərində yaranıb.