Hörmüz boğazı üzərində yeni GƏRGİNLİK: ABŞ-ın planı nə vəd edir?
Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Hörmüz boğazı ətrafında baş verənlər beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, ABŞ-ın bu strateji nöqtəyə nəzarət planı bir neçə istiqamətdə ciddi nəticələr doğura bilər.
Asif Nərimanlı bildirib ki, Vaşinqtonun boğazı bloklamaq planı əslində İran üçün mühüm strateji alətin sıradan çıxarılması deməkdir:
Onun sözlərinə görə, Hörmüz boğazı uzun illərdir İranın “strateji çəkindiricilik” kartı hesab olunur və ABŞ bu kartı Tehranın özünə qarşı çevirir. Bu isə regiondakı güc balansına birbaşa təsir edə bilər.
Təhlilçi qeyd edib ki, belə bir blokada İranın əsas gəlir mənbələrindən biri olan neft ixracına ciddi zərbə vura bilər. Boğazdan keçidin məhdudlaşdırılması təkcə İran limanlarına daxil olan və çıxan gəmiləri deyil, ümumilikdə regiondakı enerji axınını da risk altına qoyur.
Onun fikrincə, ABŞ bu addımla eyni zamanda qlobal neft bazarında qiymətlərin artacağını da hesablayır.
Asif Nərimanlı vurğulayıb ki, neftin bahalaşması ABŞ-dan çox Avropa və Asiya ölkələrinə təsir edəcək:
Ekspert hesab edir ki, Vaşinqton alternativ mənbələr – o cümlədən Venesuela nefti hesabına daxili bazarda qiymətləri tənzimləməyə çalışa bilər. Lakin enerji idxalından asılı olan ölkələr üçün vəziyyət daha çətin olacaq.
Təhlilçinin sözlərinə görə, ABŞ blokadanı atəşkəs danışıqlarından sonra tətbiq etməklə siyasi üstünlük qazanmağa çalışır. Bu halda Vaşinqton “İran razılaşmadan imtina etdi” arqumenti ilə digər ölkələri öz mövqeyinə yaxınlaşdıra bilər.
Bu isə gələcəkdə boğaz ətrafında yeni koalisiyanın formalaşmasına zəmin yarada bilər.
Asif Nərimanlı qeyd edib ki, vəziyyət Çin kimi böyük enerji istehlakçılarını da çətin seçim qarşısında qoyur. Onun fikrincə, İranın Hörmüz kartından imtina etməməsi Pekin kimi tərəfdaşlarla münasibətlərdə gərginlik yarada bilər.
Ekspert əlavə edib ki, ABŞ-ın belə addımına İranın cavabı əsasən hərbi müstəvidə ola bilər. Bu isə atəşkəsdən sonra ilk hücum edən tərəfin kim olacağı məsələsini gündəmə gətirir və müharibənin yenidən alovlanması riskini artırır.
Sonda Asif Nərimanlı vurğulayıb ki, bu ssenari hələ nəzəri xarakter daşısa da, praktiki icrası mümkün olarsa, İran ətrafında geosiyasi vəziyyət köklü şəkildə dəyişə bilər. Onun sözlərinə görə, Hörmüz boğazı ətrafında baş verənlər yaxın dövrdə qlobal siyasətin əsas istiqamətlərindən birini müəyyən edəcək.
Vural









