HRANA: İranda etiraz aksiyalarında ölənlərin sayı 2 677-ə çatıb
İranda iqtisadi problemlərə görə başlayan etiraz aksiyalarında ölənlərin sayı 2 677 nəfərə çatıb.
ERAmedia-nın məlumatına görə, ABŞ-da fəaliyyət göstərən İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (Human Rights Activist News Agency, HRANA) bildirir ki, etiraz aksiyaları İranın bir çox bölgələrini əhatə edib. Qiyamlarda 2 600-dən çox nəfər yaralanıb, 19 097 nəfər həbs olunub.
İran rəsmiləri hələlik etirazlar zamanı ölən və yaralananların sayı ilə bağlı açıqlama verməyiblər.
HRANA bir gün əvvəl etiraz aksiyalarında 2 615 nəfərin həlak olduğunu xəbər vermişdi.
İranda etiraz aksiyaları 28 dekabr 2025-ci il tarixində Tehranda yerləşən tarixi Böyük bazardan başlayıb. Mağaza sahibləri milli valyutanın xarici valyutalara nisbətdə kəskin dəyər itirməsi və artan iqtisadi çətinliklər səbəbindən etirazlara başlayıblar. Etirazlar sürətlə ölkənin digər şəhərlərinə yayılıb.
8 yanvarda Tehranda etirazlar kəskinləşib. Üsyançılar, o cümlədən müxtəlif qruplar, çoxsaylı avtobus və təcili yardım maşınlarını, onlarla yaşayış binasını, bankları, məscidləri, xəstəxanaları və digər dövlət və ictimai obyektləri yandırıb və dağıdıblar.
Etiraz aksiyalarının artması ilə əlaqədar İran hakimiyyəti ölkə üzrə internetə çıxışı məhdudlaşdırıb.









