İlahi yolçuluq: “Bu da keçər” əsəri hansı simvollar üzərində qurulub

- Rəsul Mirhəşimli
(Əvvəli burada https://eramedia.az/ilahi-yolculuq-bu-da-kecer-eseri-hansi-simvollar-uzerinde-qurulub)
Orta əsrlərdə Şərqdə insanların həyat tərzinə çevrilən İslam dininin qaynaq olduğu təsəvvüf ədəbiyyatın da inkişafına təkan verdi. Bu çağlardan başlayaraq sufi ədəbiyyatının görkəmli nümayəndələri yetişməyə başladı. Dərvişlik rəmzləri və sufi simvolları ilə poetik nümunələr yaradan şairlərin sırası getdikcə genişlənməyə başladı. Azərbaycan ədəbiyyatı öz məşhur şairləri hesabına dünya poeziyasında önəmli yer tutdu. Azərbaycan ədəbiyyatşünaslığı həmin mütəfəkkirləri yetərincə təhlil etdiyindən onların üzərində dayanmaq istəmədik.
Sufi poeziyasında mühüm əhəmiyyət kəsb edən dərvişlik rəmzləri və simvolları bu tipli əsərlərdə mənanın birbaşa anlamla açıqlanmaması üçün şairin seçdiyi priyom və təsvir vasitəsi də sayıla bilər. Təsəvvüf istilahları və sufi rəmzləri qaynağına və məzmun tutumuna görə dini anlamların sufi yozumu sayılır. Bu yozumların əsas qaynağı Qurani-Kərim, hikmət, kəlam, hədis, təfsir, fiqh və başqa İslam elmləridir.
Yaradıcılığı sufi simvolları və dərvişlik rəmzləri ilə zəngin olan sufi şairlərdən biri də Fəridəddin Əttardır. Qərb dünyasının Şərqin sufi şairləri arasında Mövlana Cəlaləddin Rumidən sonra daha çox tanıdığı və araşdırdığı Əttar mühüm yer tutur. Sual oluna bilər ki, Rumidən daha əvvəl Şərqdə məşhur olan Əttarı nədən Mövlana qədər tanımayıblar? Bunun əsas səbəblərindən biri alman mütəfəkkirləri Hegel və Hötenin Cəlaləddin Rumini dünyaya tanıtması ilə əlaqədar da ola bilər.
Cəlaləddin Ruminin sufilik dünyagörüşünün formalaşmasında Bəlxdən uzaqlaşarkən Nişapurda Əttarla görüşməsi əsas stimul olur. Bu görüşdə Əttar Ruminin təsəvvüfdə parlaq sima olacağını onun atasına söyləmiş, gənc Cəlaləddinə öz əsəri olan “Əsrarnamə”ni hədiyyə etmişdir.
Fəridəddin Əttar 1136-cı ildə Nişapurda anadan olub. Onu da qeyd edək ki, Əttarın anadan olduğu tarixlə bağlı tədqiqatçılar yekdil rəyə gələ bilməyiblər. A. Kniş bu tarixi 1119, Y. Bertels isə 1150-ci il olaraq göstərirlər. Fəridəddinin Əttar təxəllüsünü alması onun atasından qalma əczaçı dükanında əttarlıq etməsi ilə bağlıdır. Bu dahi sufi şairin həyatı olduqca faciəli şəkildə başa çatıb. Rəvayətə görə, Əttarı bir monqol əsgəri faciəli şəkildə qətlə yetirib.
Əttarın yaradıcılığı olduqca zəngin olub. Şairin 140-dan artıq əsəri günümüzə qədər gəlib çıxıb. Lakin əsərlərinin heç birində şair özü haqqında avtobioqrafik məlumat vermədiyindən onun həyatı barədə olduqca fərqli məlumatlar ortaya atılır. Şairin ən məşhur əsərləri içərisində “Məntiqüt-teyr” xüsusi yer tutur. “Quşların dili” və yaxud “Uçmağın məntiqi” kimi tərcümə edilən bu əsər alleqorik səpkidə yazılmış, dərin mistik ideya-məzmun kəsb edən epik məsnəvidir. Bu əsər bir çox Şərq şairlərinin yaradıcılığına güclü təsir edib. Böyük türk-özbək şairi Əlişir Nəvai bu əsərdən təsirlənərək “Lisanüt-teyr” əsərini yazıb.
“Məntiqüt-teyr” əsəri 4400 beytdən artıq olan bir məsnəvidir. Əttar bu sufi nümunəsi vasitəsilə təsəvvüfün Vəhdəti-vücud nəzəriyyəsini irəli sürür. “Allah dostları” kitabında bu əsər barədə təhlili qeydlər apardığımızdan məsələnin üzərində ətraflı dayanmaq istəmədik (bax: Rəsul Mirhəşimli, “Allah dostları”, Bakı, “Qanun” – 2005).
Əttarın digər əsəri “İlahinamə”dir. 6500 beytlik məsnəvisini sonuncu dəfə Əbdülbaqi Gölpınarlı türk dilinə çevirmişdir. “Əsrarnamə” isə ilk təsəvvüf məsnəvisi kimi 26 fəsli əhatə edir. Əsər ilk dəfə XV əsrdə türk dilinə tərcümə edilmişdir. “Əsrarnamə” Əttar yaradıcılığında aydın süjet xətti ilə seçilir. Şair bu əsər vasitəsilə göstərmək istəyir ki, zahiri bər-bəzəyin parlaqlığı insan qəlbini hörümçək toru kimi hörür. Beləliklə, kamil yaradılış olan insan nəfsinin quluna çevrilir. Nəfsinin quluna dönən isə ilahi məqamda yerini itirir və heyvanın səviyyəsinə enir.
“Pəncnamə” uşaqlara öyüdlər məzmununda yazılmış şeir nümunəsidir. Dərvişlərə tez-tez müraciət edilən bu əsərin Əttara aid olmasına şübhə edən alimlər də var. Bu ehtimalı irəli sürənlər əsərdə adı çəkilən hadisələrin Əttarın yaşadığı dövrlə deyil, XIII–XV yüzillər arasında İslam dünyasındakı gerçəkliklərdən bəhs etdiyini söyləyirlər. Bu səbəbdən araşdırmaçılar bu nümunənin şairə aid olması ehtimalını rədd edirlər.
“Müsibətnamə” qırx bölümlük bir əsərdir. Əsərdə Əttarın təsəvvüflə bağlı görüşləri öz əksini tapıb. “Müsibətnamə”də Həqiqəti tapmaq üçün yola çıxmış salikin keçdiyi sınaqlardan və bu yolda öz pirinin müridinə tövsiyələrindən söz açılır. Bu tövsiyələrə əməl edən salik Həzrət Cəbrail (ə) və başqa mələklərlə görüşür, Lövhi-məhfuzda ilahi qələmlə yazılmış, dünya yaranandan Qiyamət gününədək olacaq sirlərdən xəbərdar olur.
“İlahinamə”sində Əttar hökmdar olan atanın altı oğlunu sınaqdan keçirdiyini və bu sınaqların müqabilində övladlarının arzularını necə yerinə yetirdiyindən söz açır. Əttarın bu əsəri “Məntiqüt-teyr” kimi simvolizə olunmuş həqiqətləri özündə əks etdirir. “Məntiqüt-teyr”də olduğu kimi bu əsərdə də Həqiqətə yetmək üçün yeddi mərhələnin hansı yollarla keçilməsinin variantları sadalanır.
“Xosrovnamə” əsərinin isə təsəvvüflə əlaqəsi olduqca azdır. Əttar bu əsəri vasitəsilə bir eşq hekayəsini nəql edir. Əsər məsnəvi şeir şəklində yazılıb.
“Muxtarnamə”də isə Əttarın rübailəri toplanıb.
“Uşturnamə”sində isə Əttar ayrı-ayrı mistiklərdən misallar gətirilməklə dəyərli təsəvvüf nümunəsi yaradıb. Əsərdə Mənsur Həllacın faciəvi həyatı da ayrı-ayrı hekayətlər vasitəsilə təsvir edilir. Şair ilahi həqiqətlərin insan axtarışları nəticəsində ilahi məqama necə yetişdiyini izah edir.
(Ardı var)









