İlahi yolçuluq: “Bu da keçər” əsəri hansı simvollar üzərində qurulub

- Rəsul Mirhəşimli
(Əvvəli burada https://eramedia.az/ilahi-yolculuq-bu-da-kecer-eseri-hansi-simvollar-uzerinde-qurulub-2)
Əttarın əsərləri içərisində mükəmməlliyi ilə seçilənlərdən biri də “Təzkirətül-övliya”dır. Əsərdə böyük sufi şeyxləri və övliyalar barədə məlumatlar toplanıb. Həmin şəxsiyyətlərin həyatından bəzi məqamlardan söz açılır və onların qiymətli kəlamları söylənilir. Əsər İmam Cəfəri Sadiqlə (ə) başlayıb, Əbüfəzl Həsən Səraksi haqqında məlumatlarla başa çatır. Bu əsərlərdən başqa Əttarın yazdığı “Cövhər əz-zat”, “Məzhər əl-əcaib” və Divanı da mövcuddur.
Əttarın “Bu da keçər” və yaxud “Şakirin hekayəti” kimi tanınan məsnəvisi şairin Divanındandır. Oxuculara bu hekayəni təqdim edəndə “Məntiqüt-teyr” əsərindən olduğunu yazmağımızın səbəbi bu hekayənin həmin əsərlə bir yerdə çap olunması ilə bağlıdır. M.Bayat və Ə.Jamniyanın Tehranda çap etdirdiyi “Hekayəti əz diyari sufian” adlı kitabda bir çox mütəsəvvüflərdən söz açılır. Əttarın “Məntiqüt-teyr” əsəri alleqorik səpkidə yazılıb, quşların Simurğu aramasından bəhs edir. Lakin “Bu da keçər” hekayəsi isə birbaşa insan həyatının bəzi məqamların izah edir. Böyük ehtimalla onu demək mümkündür ki, bu hekayə şairin Divanından götürülüb. Yeri gəlmişkən onu da qeyd edək ki, iranlı müəlliflər yuxarıda adı çəkilən kitabda yenə ideoloji-siyası münasibətlərini ortaya qoyublar. Belə ki, öz sələflərinin “ənənəsini” davam etdirən M.Bayat və Ə.Jamniya da məqsədli şəkildə Azərbaycanın böyük şairi, Şərqin görkəmli mütəfəkkiri Nizami Gəncəvini iranlı fars şairi təqdim edirlər.
Əttar “Bu da keçər” hekayəsi ilə ilahi məqama yetməyin simvolizə olunmuş nümunəsini qələmə alır. Şair digər əsərlərinin bir çoxunda olduğu kimi, burda irfan yolunun yeddi mərtəbəsinə işarə edir.
Fəridəddin Əttarın “Bu da keçər” əsərinə diqqət etdikdə Həqiqətə yetişməyin ənənəvi mərhələsi – Şəriət, Təriqət və Mərifət qabarıq şəkildə görünmür. Əttar ədəbi yaradıcılığında bir qədər başqa təzahürləri ön plana çəkir. Yuxarıdakı təsnifat Əbu Hamid Qəzaliyə məxsusdur. Qəzali nə üçün Həqiqətə yetişməkdən ötrü üç mərhələdən keçməyi gərəkli sayır? Çünki Həqiqət bü mərhələlər içərisində mütləq olanıdır. Mütləqi anlamaq üçün mütləqdən başlamaq insana heç bir fayda verməz. Mütləqi dərk etmək üçün idrak acizdir. Əvvəlki üç mərhəldə olmaq Mütləqi dərk etmək üçün xilqəti dərk etməkdən başlamaq deməkdir. Əgər insan özünü tanımırsa, yaradılışının səbəbini anlamırsa, Həqiqətə yetişməkdən danışa bilməz. Lakin Əttar yaradıcılığı haqqında danışarkən bu təsnifatı bütövlükdə inkar etmək olmaz. Belə ki, bu əsərdə Təriqətin – yəni yola girmənin əlamətlərini, Mərifətin isə daha güclü şəkildə simvolizə olunduğunu görürük.
Əsərin girişində təsvir olunan mənzərə quraq və qızmar havası olan bir kənddir. Əttar bu mənzərini simvola döndərmiş başlanğıc olaraq sadəcə təsvir elementləri yaratmaq istəmir. Dərvişlik rəmzləri sırasında Yoxluq kimi təsnif edilən bu mənzərə ilə Əttar sonrakı olacaqlara başlanğıc hazırlayır. Ancaq bu yoxluq əsərin sonrakı hissəsində Şakirin var-dövlətinin itirməsi ilə işarə edilən Fəna məqamı ilə eyni deyil. İlk məqam varlıq mərtəbələrinin heç birində varlığa sahib olmayan əşya, yəni sırf yoxluq mərhələsidir.
Şairin işarə elədiyi bu qızmar səhranı bir az sonra haqqında danışacağımız Eşq məqamı da adlandıra bilərik. Hekayədə günəşin səhranı yandırması Eşqin ürəkləri yandırması ilə məcaz olaraq eyniləşdirilməsi görünür. Bu atəş mahiyyətin dərk edilməsinin vasitəsidir. Gildən düzəldilən saxsı qabların atəşdə yandırılması onların qırılmaması üçündür. Atəşdə yandırmaq gilə həyat vermək deməkdir. Adəmin yaradılışında da bu analogiyanı görürük. İlahi ruhdan üfürüb, can verilmədən öncə o torpaq parçasından, gildən başqa bir şey deyil. Torpağın Adəm olmağının səbəbi Allahın ruhundan ona üfürməsi, mahiyyəti isə sevgidir, Eşqdir.
Əttarın yaradıcılığında simvolların bu qədər hakim kəsilməsinə səbəb nədir? Onsuz da poetik çalarlar vasitəsilə lirik obrazlar yaratmaq şeir yaradıcılığında fəlsəfi yükü gərəkli edir. Ancaq bir çox məqamlarda fəlsəfə bu rəmzləri tam şəkildə qavramağa yardımçı ola bilmir. Qeyd edək ki, təsəvvüfün bəzi mövzuları fəlsəfənin sahəsinə daxil olmaqdadır. Lakin təsəvvüf bir fəlsəfi cərəyan deyil. Əslində təsəvvüf ağla deyil, ilhama dayanır. Ancaq bu, təsəvvüfün ağlı rədd etdiyi şəklində anlaşılmamalıdır. Təsəvvüf ağlı yalnız maddi dünya üçün bir höccət (dəlil) olaraq istifadə edir. Amma metafizik aləmin dərk edilməsi üçün ağlın yetərsiz olduğu məlumdur. Metafizik və ya qeyb aləmi idrakın köməyi ilə dərk olunmadığından, ağıl bu sahədə hökm verə bilmir.
(Ardı var)









