İngiltərədə istilər 2700-dən çox insanın həyatına son qoydu
İngiltərədə may və iyun aylarında müşahidə olunan isti hava dalğalarının 2 min 700-dən çox insanın ölümünə səbəb olduğu ehtimal edilir.
ERAmedia xəbər verir ki, beynəlxalq alimlərdən ibarət “World Weather Attribution” (WWA) təşəbbüsü çərçivəsində “Imperial College London”, Böyük Britaniyanın Meteorologiya Xidməti (Met Office) və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları İngiltərə və Uelsdə may və iyun aylarında qeydə alınan rekord isti hava dalğalarının ölüm hallarına təsirini təhlil ediblər.
Araşdırmanın nəticələrinə görə, may ayında baş verən 550 ölüm halı həddindən artıq isti hava ilə əlaqələndirilib. Həmin ay havanın temperaturu 35,1 dərəcəyədək yüksələrək may ayı üçün tarixi maksimum göstərici olub.
Xüsusilə iyunun ikinci yarısında müşahidə olunan isti hava dalğası nəticəsində isə təxminən 2 min 200 nəfərin həyatını itirdiyi bildirilir. Ötən ay baş verən isti hava dalğası zamanı Met Office ardıcıl olaraq ən azı üç dəfə qırmızı xəbərdarlıq elan edərək yüksək temperaturun insan sağlamlığı üçün yaratdığı risklərlə bağlı əhaliyə xəbərdarlıq etmişdi.
Beləliklə, İngiltərə və Uelsdə may və iyun aylarında müşahidə olunan isti hava dalğalarının ümumilikdə 2 min 700-dən çox insanın ölümünə səbəb olduğu təxmin edilir.
2026-cı ilin iyun ayı Böyük Britaniyada meteoroloji müşahidələrin aparıldığı dövr ərzində ən isti iyun ayı kimi qeydə alınıb. Bəzi bölgələrdə havanın temperaturu 36 dərəcəni ötüb.
Qərbi Avropada ən güclü isti hava dalğalarının yaşandığı iyun ayında Almaniyada təxminən 5 min 500, Fransada 2 min, Belçikada isə 1200 nəfərin ölümü də yüksək temperaturla əlaqələndirilib.









