İran müharibəsində kritik mərhələ: Hörmüz boğazı niyə açar rol oynayır? - DETALLAR
Hörmüz boğazına nəzarət İran müharibəsinin taleyini müəyyən edə bilər.
ERAmedia xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, müharibənin ilk günlərindən İranın əsas taktikasının ABŞ və İsrail hücumlarına qarşı müəyyən müddət dözümlülük göstərərək qlobal enerji bazarında böhran yaratmaq olduğu görünürdü. Onun sözlərinə görə, Tehran ilk mərhələdə təxminən 10 gün ərzində hücumlara tab gətirməyi, paralel olaraq isə Hörmüz boğazı üzərindən təzyiq rıçağını işə salmağı hədəfləmişdi.
Şərhçi qeyd edib ki, hazırda (hücumların təxminən 14-cü günündə – red.) İranın bu taktikanı müəyyən qədər reallaşdırdığı, yaxud ən azı belə bir perspektiv yaratdığı müşahidə olunur. Onun sözlərinə görə, boğaz ətrafında yaranan gərginlik artıq qlobal enerji bazarına təsir göstərməyə başlayıb və problem həll edilməzsə, neftin qiymətinin 150 dollara qədər yüksələ biləcəyi ilə bağlı proqnozlar səslənir.
A.Nərimanlı bildirib ki, İranın yeni dini lideri Müctəba Xameneinin ilk müraciətində “Hörmüz boğazının bağlanması rıçağından istifadə davam etdirilməlidir” fikrini səsləndirməsi Tehranın geri çəkilmək niyyətində olmadığını göstərir. Bu isə ABŞ qarşısında əsas vəzifənin İranın əlindəki bu strateji rıçağı aradan qaldırmaq olduğunu ortaya qoyur.
Siyasi şərhçinin fikrincə, hazırda boğazdan təhlükəsiz keçidin təmin edilməsi üçün iki əsas ssenari müzakirə edilir. Birinci variant ABŞ donanmasının boğazdan keçən neft tankerlərini müşayiət etməsidir. O xatırladıb ki, bu ideya daha əvvəl Donald Tramp tərəfindən səsləndirilib və ABŞ maliyyə naziri Skott Bessen də belə bir variant üzərində işlədiklərini açıqlayıb. Lakin hərbi baxımdan bu planın hazırlanmasının müəyyən vaxt tələb etdiyi bildirilir.
A.Nərimanlı vurğulayıb ki, bu ssenaridə əsas risk ABŞ hərbi gəmilərinin İran üçün açıq hədəfə çevrilməsi ehtimalıdır. Onun sözlərinə görə, Vaşinqton İranın hərbi-dəniz qüvvələrinin ciddi zərər gördüyünü desə də, Tehranın boğaz üzərində təsir imkanları qalır. Bu səbəbdən ABŞ-ın tankerlərin müşayiəti məsələsində beynəlxalq koalisiya yaratmağa çalışması ehtimalı da istisna edilmir. Belə bir halda İranın hücumu digər ölkələrin də müharibəyə cəlb olunmasına səbəb ola bilər ki, bu da Vaşinqton üçün siyasi baxımdan əlverişli nəticə yarada bilər.
Şərhçi ikinci mümkün ssenarinin isə İranın sahil xəttinin ələ keçirilməsi olduğunu bildirib. Onun sözlərinə görə, bu variant barədə “Wall Street Journal” nəşrində də məlumatlar yayımlanıb.
Lakin A.Nərimanlı hesab edir ki, bu planın reallaşdırılması daha riskli görünür. O qeyd edib ki, İran sahillərinə nəzarət etmək üçün qurudan genişmiqyaslı əməliyyat tələb oluna bilər və belə bir müdaxilənin nə qədər uğurlu olacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir. Üstəlik, Tehran belə bir ssenariyə cavab olaraq regionun neft və qaz infrastrukturunu hədəfə ala biləcəyi ilə bağlı xəbərdarlıqlar edib.
Siyasi şərhçinin fikrincə, bütün bu faktorlar göstərir ki, Hörmüz boğazına nəzarət İran müharibəsində əsas açar məsələlərdən biridir. O hesab edir ki, ABŞ boğazdan təhlükəsiz keçidi təmin etməklə İranı daha tez geri çəkilməyə məcbur edə bilər. Əks halda, müharibənin nəticəsinin əldə olunması daha uzun müddət çəkə bilər.
A.Nərimanlı əlavə edib ki, Hörmüz boğazına nəzarət yalnız İranla müharibənin gedişi üçün deyil, ABŞ-ın daha geniş geosiyasi strategiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, hazırkı vəziyyətdə boğaz ətrafındakı gərginliyin neft qiymətlərini artırması ABŞ kimi böyük enerji istehsalçısı üçün müəyyən iqtisadi üstünlüklər də yaradır. Onun sözlərinə görə, bu baxımdan Vaşinqtonun riskli hərbi əməliyyatlara tələsmək əvəzinə, boğazdakı problemin müəyyən müddət davam etməsinə imkan verən siyasət yürütməsi ehtimalı da nəzərdən keçirilə bilər.
Vural









