İrana yeni maliyyə xəbərdarlığı: “Sizin kim olduğunuzu bilirik”
ABŞ administrasiyası İranla bağlı təzyiq siyasətini davam etdirərək, ölkə ilə maliyyə və kommersiya əlaqələri saxlayan tərəflərə xəbərdarlıq edib.
ERAmedia xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skot Bessent İranın BMT-dəki nümayəndə heyətinin ölkəyə qayıtması ilə bağlı vəziyyətin qeyri-müəyyən olduğunu bildirib.
Bessent “Fox News”a açıqlamasında İrandan həyata keçirilən beynəlxalq aviareyslərin böyük hissəsinin dayandırıldığını deyib. Onun sözlərinə görə, hazırda İranla beynəlxalq hava əlaqələrinin 80-90 faizdən çoxunun fəaliyyət göstərmədiyi ehtimal olunur.
Nazir bu vəziyyət fonunda İranın BMT-dəki nümayəndələrinin ölkəyə necə dönəcəyinin məlum olmadığını qeyd edib.
Bessent, həmçinin, İranla əməkdaşlıq edən maliyyə qurumlarını, biznes tərəfdaşlarını və təchizatçıları hədəfə alan mesaj verib. O, ABŞ administrasiyasının bu şəxslər və şirkətlər barədə məlumatlı olduğunu vurğulayaraq, onların maliyyə fəaliyyətinə qarşı tədbirlərin davam etdiriləcəyini bildirib.
ABŞ rəsmisi belə tərəflərin şirkətlərinə və bank hesablarına qarşı gündəlik və həftəlik əsasda müxtəlif məhdudlaşdırıcı addımlar atılacağını açıqlayıb.
Bu açıqlamalar Vaşinqtonun İranla əlaqəli maliyyə şəbəkələrinə təzyiqi daha da artırmaq niyyətində olduğunu göstərir.
Əli Fərhad










