media-armenia-iran-combo

İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin Bakı və İrəvan arasındakı sülh prosesi ilə bağlı açıqlaması Tehranın Cənubi Qafqaz siyasətinin əsas istiqamətlərini bir daha gündəmə gətirir.

ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, Şirqulaminin regionda sülh üçün Azərbaycan və Ermənistan arasında “güc balansının” təmin edilməsinin vacibliyi barədə fikirləri İranın Cənubi Qafqazda mövqelərini qorumaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Asif Nərimanlının sözlərinə görə, İranın Ermənistandakı diplomatlarının Azərbaycana qarşı açıqlamaları yeni deyil və Xəlil Şirqulami də sələfi Mehdi Subhaninin siyasətini davam etdirir. Təhlilçi bildirir ki, bu yanaşma yalnız Tehranın regional siyasətində Azərbaycana qarşı mövqedən deyil, həm də Ermənistanla münasibətlərdə Azərbaycan amilindən istifadə etməklə siyasi dividendlər əldə etmək cəhdlərindən qaynaqlanır.

“Şirqulaminin bu iddialarının mövcud vəziyyətdə iki hədəfə hesablandığı görünür. Birincisi, səfir ölkəsinin Ermənistana hərbi dəstəyinin ‘davamlı sülhü təmin etmək’ məqsədi daşıdığını göstərməyə və bununla Azərbaycana qarşı siyasəti legitimləşdirməyə çalışır. İkincisi, Ermənistana ‘məqsədimiz sizi qorumaqdır’ mesajı verir və İranla hərbi əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini nümayiş etdirir”, – deyə Asif Nərimanlı qeyd edib.

Təhlilçinin fikrincə, burada Tehranın İrəvanı mövcud sülh prosesindən çəkindirmək istəyi də görünür. O hesab edir ki, 44 günlük müharibədən sonra İran Ermənistanı Azərbaycan qarşısında “müdafiə etməklə” Cənubi Qafqazda zəifləyən mövqelərini qorumağa çalışıb.

Asif Nərimanlı bildirir ki, Bakı və İrəvan arasında sülhün əldə olunması İranın Ermənistanla münasibətlərində istifadə etdiyi əsas amillərdən birini aradan qaldıra bilər. Eyni zamanda, təhlilçinin fikrincə, regionda ABŞ-ın rolunun artması Tehran üçün əlavə narahatlıq yaradır.

“Bu baxımdan, İran Azərbaycan-Ermənistan sülh prosesinin baş tutmamasında, ən azı mümkün qədər gecikməsində maraqlı tərəfdir. Şirqulaminin İrəvandakı açıqlamalarının Tehranın regional siyasəti ilə uzlaşması da diqqət çəkir”, – deyə Asif Nərimanlı vurğulayıb.

Təhlilçi hesab edir ki, İranın Ermənistanla bağlı siyasəti yalnız ritorik müstəvidə qalmır və hərbi əməkdaşlıq da bu siyasətin elementlərindən biridir. Onun sözlərinə görə, Ermənistanın 28 mayda keçirilən hərbi paradında İran istehsalı silahların nümayiş etdirilməsi də bu əməkdaşlığın nümunələrindən biri kimi qiymətləndirilə bilər.

Asif Nərimanlı əlavə edib ki, bütün bunlar Bakı-Tehran xəttində problemlərin tamamilə geridə qaldığı və münasibətlərin normallaşmasının İranın regional ambisiyalarından kənar proses olduğu barədə yanaşmaların yenidən nəzərdən keçirilməsini zəruri edir.

Vural


media-adspc

Bənzər xəbərlər