İrandakı etirazlarda ölənlərin sayı açıqlandı
İranda iqtisadi problemlər səbəbilə başlanan etiraz aksiyaları nəticəsində ölənlərin sayı 3 919 nəfərə çatıb.
ERAmedia xəbər verir ki, bu barədə İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (Human Rights Activist News Agency – HRANA) məlumat yayıb. Məlumata görə, iğtişaşlar zamanı 24 669 nəfər saxlanılıb.
ABŞ-ın Virciniya ştatında yerləşən HRANA bir gün əvvəl etirazlar zamanı 3 308 nəfərin öldüyünü bildirmişdi.
Xatırladaq ki, İranda etiraz aksiyaları 2025-ci il dekabrın 28-də Tehranın tarixi Böyük bazarında başlayıb. Tacirlər milli valyutanın xarici valyutalara nisbətdə kəskin ucuzlaşmasına və artan iqtisadi çətinliklərə etiraz ediblər. Qısa müddət ərzində aksiyalar ölkənin bir çox şəhərinə yayılıb.
Yanvarın 8-də Tehranda etirazlar kəskinləşib. Qarışıqlıqlar zamanı etirazçılar (o cümlədən müxtəlif qruplaşmalar) çoxsaylı avtobusları və təcili tibbi yardım maşınlarını, onlarla yaşayış evini, bankları, məscidləri, xəstəxanaları, həmçinin digər dövlət və ictimai binaları yandırıb və dağıdıblar. Etirazların güclənməsindən sonra İran hakimiyyəti ölkə üzrə internetə çıxışı məhdudlaşdırıb.
Etiraz dalğası zəifləsə də, HRANA yeni təsdiqlənmiş halları qeydə alaraq ölən və saxlanılanların sayını mərhələli şəkildə artırmağa davam edir.
İran hakimiyyəti indiyədək iğtişaşlar zamanı ölən və yaralananlarla bağlı rəsmi statistika açıqlamayıb. Bununla belə, daha əvvəl Tehranda təxminən üç min nəfərin saxlanıldığı bildirilib. Rəsmi qurumlar onları terror təşkilatlarının üzvləri və ya etirazların təşkili və kəskinləşdirilməsində iştirak edən təxribatçılar adlandırır.
İranın ali dini lideri Ayətullah Əli Xamenei yanvarın 17-də bildirib ki, etiraz aksiyaları zamanı “İsrail və ABŞ-la əlaqəli şəxslər ölkəyə böyük ziyan vurub və bir neçə min insanın ölümünə səbəb olublar”.
Əlihüseyn Salam










