media-rusya_cin_ve_iran_batiyi_nukleer_anlasma_konusunda_irade_gostermeye_cagirdi_1741619987_1741972887

Yaxın Şərqdə gərginlik yeni mərhələyə daxil olur. İranın ABŞ ilə İslamabadda keçirilməsi planlaşdırılan ikinci görüşdən imtina etməsi regionda siyasi və hərbi balansın yenidən formalaşdığını göstərir.

ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, Tehranın bu addımı müharibəni davam etdirmək niyyətindən daha çox Vaşinqtonu dəniz blokadasından imtina etməyə məcbur etmək məqsədi daşıyır.

Onun fikrincə, bu, İranın son dövrlərdə həyata keçirdiyi ikinci ciddi diplomatik cəhddir.

Ekspert qeyd edir ki, birinci cəhd atəşkəs razılaşmasının Livana da şamil edilməsi idi. Tehran bu çərçivədə Hizbullaha qarşı hücumların dayandırılması tələbini irəli sürərək müəyyən nəticə əldə edə bildi. Baxmayaraq ki, tərəflərin razılaşmaya tam əməl edib-etməyəcəyi sual altındadır, İran üçün əsas məqsəd diplomatik masada ön plana çıxmaq idi.

Nərimanlı hesab edir ki, ikinci cəhd isə daha stratejidir. Tehran açıq şəkildə bildirir ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı blokada siyasətindən geri çəkilmədiyi müddətdə danışıqlarda iştirak etməyəcək. Onun sözlərinə görə, ABŞ-ın əvvəlki mərhələdə Livanla bağlı şərti qəbul etməsi İranda, xüsusilə sərt xətt tərəfdarlarında yeni tələblər irəli sürmək üçün stimul yaradıb.

Ekspert vurğulayır ki, mövcud vəziyyət ABŞ üçün mürəkkəb seçim yaradır. İki həftəlik atəşkəs müddətinin başa çatmasından sonra Vaşinqton ya hərbi təzyiqi artırmalı, ya da blokada siyasətini davam etdirməlidir. Lakin hər iki variant risklidir.

Nərimanlı bildirir ki, ABŞ-da yenidən hərbi zərbələr variantı müzakirə olunsa da, bunun effektivliyi sual altındadır. Onun fikrincə, infrastrukturun dağıdılması belə İranı geri çəkilməyə məcbur etməyə bilər. Digər tərəfdən, Hörmüz üzərindən blokadanın davam etdirilməsi enerji bazarında ciddi böhran yarada bilər.

Ekspert əlavə edir ki, İran bu vəziyyətdən maksimum faydalanmağa çalışır və məqsədi ya ABŞ-ı blokadanı dayandırmağa məcbur etmək, ya da danışıqlarda təşəbbüsü ələ almaqdır. Bu kontekstdə Tehranın görüşdən imtinası taktiki addım kimi qiymətləndirilir.

A.Nərimanlının sözlərinə görə, ABŞ-ın mümkün cavab addımı genişmiqyaslı hücumlardan çox, İran gəmilərinə qarşı lokal əməliyyatların artırılması ola bilər. O qeyd edir ki, son günlər baş verən gəmi insidentləri də bu strategiyanın ilkin siqnallarıdır və danışıqlardan imtina edən Tehrana təzyiq məqsədi daşıyır.

Sonda ekspert vurğulayır ki, hər iki tərəf diplomatik masada üstünlük qazanmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Onun qənaətincə, əsas məqsəd genişmiqyaslı müharibədən yayınmaq olsa da, mövcud vəziyyətin kövrəkliyi regionda toqquşma riskini əhəmiyyətli dərəcədə artırır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər