İranla İngiltərə arasında diplomatik böhran - SƏBƏB
İran Xarici İşlər Nazirliyi “RAF Fairford” aviabazasına qarşı şübhəli hücum planına görə Tehran rəhbərliyini məsul tutan İngiltərənin Tehrandakı səfirini nazirliyə çağırıb.
ERAmedia xəbər verir ki, İngiltərə hökumətinin “RAF Fairford” aviabazasına qarşı ehtimal olunan hücum planı ilə bağlı İranı ittiham etməsindən sonra Tehran rəhbərliyi diplomatik addım atıb.
İran Xarici İşlər Nazirliyinin açıqlamasında İngiltərə hökumətindən irəli sürülən ittihamları təsdiqləyən sənəd və sübutların ən qısa zamanda təqdim edilməsi tələb olunub.
“İngiltərə hökuməti sözügedən hadisə ilə bağlı İrana qarşı irəli sürdüyü ittihamları dəstəkləyən sənəd və sübutları ən qısa zamanda təqdim etməlidir. Əks təqdirdə, İran ikitərəfli münasibətlərini ciddi şəkildə nəzərdən keçirəcək”, – deyə nazirliyin bəyanatında bildirilib.
ABŞ Hərbi Hava Qüvvələrinə ev sahibliyi edən İngiltərədəki Kral Hərbi Hava Qüvvələrinin (RAF) Fairford aviabazası sentyabrın 27-də baş verən şübhəli hadisə ilə gündəmə gəlmişdi.
Məlumata görə, üç mikroavtobusla aviabazaya doğru hərəkət etdikləri müəyyən edilən 20 yaşlarında beş nəfər Qlosterşir kənd ərazisində partlayıcı maddələr və terrorla əlaqəli cinayətlər törətmək şübhəsi ilə saxlanılıb.
Hadisə ilə əlaqəsi olduğu ehtimal edilən daha iki nəfər isə oktyabrın 1-də və 6-da saxlanılıb. Sonradan bütün şübhəlilər girov müqabilində sərbəst buraxılıblar.
İngiltərənin Baş naziri Endi Börnham hücum planı şübhələri ilə bağlı son açıqlamasında İranı ittiham edib.
“Qiymətləndirməmizə əsasən, planın İranda koordinasiya edilməsi ehtimalının yüksək olduğunu və onun, demək olar ki, əminliklə, İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə edildiyini təsdiqləyə bilərəm”, – deyə o bildirib.
Əli Fərhad










