media-zelenski

ABŞ Prezidenti Donald Trampın həftəsonu Ukraynada yeni dövlət başçısının seçilməli olduğuna dair açıqlamaları Ukrayna lideri Volodimir Zelenskinin siyasi gələcəyini və ölkədə seçkilərin keçirilməsi ehtimalını yenidən gündəmə gətirib.

ERAmedia xəbər verir ki, Zelenskinin 2024-cü ildə başa çatan beşillik prezidentlik müddəti Ukraynada müharibə səbəbindən tətbiq edilən hərbi vəziyyət çərçivəsində uzadılıb, seçkilər isə təxirə salınıb.

Bir çox ukraynalı siyasi dəyişiklik istəsə də, müharibə başa çatmadan seçkilərin keçirilməsinə qarşı çıxır. Zelenski Rusiya ilə 60 günlük atəşkəs əldə olunacağı təqdirdə seçkilərə hazır olduğunu bildirib. Seçkilərin vaxtı ilə bağlı qeyri-müəyyənlik davam edərkən, mümkün namizədlərin adları da gündəmə gəlməyə başlayıb.

Ukraynanın keçmiş Baş Qərargah rəisi, hazırda isə ölkənin Londondakı səfiri olan Valeri Zalujnı Zelenskinin mümkün rəqibləri arasında yer alır. Sorğulara əsasən, ukraynalıların 64 faizi Zalujnıya etimad göstərir. Müharibənin başladığı 2022-ci ildə Kiyevin müdafiəsinə rəhbərlik edən 53 yaşlı Zalujnı 2023-cü ilin yayında uğursuzluqla nəticələnən əks-hücum əməliyyatından sonra vəzifəsindən azad edilmişdi.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirilo Budanov ölkənin hərbi kəşfiyyat qurumunun keçmiş rəhbəri kimi, xüsusilə Rusiyaya qarşı əməliyyatlarla tanınır. Zelenski 2020-ci ildə 40 yaşlı Budanovu Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəhbəri təyin etmişdi. Budanov bu ilin yanvarında isə hazırkı vəzifəsinə gətirilib. Onun rəhbərlik etdiyi qurumun dəniz dronları ilə Rusiyanın Qara dəniz donanmasına hücumlarından sonra Rusiya hərbi gəmiləri Krımdan Novorossiysk limanına çəkilmişdi.

Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov ölkə siyasətində gənc nəslin önə çıxan nümayəndələrindən biridir. O, 2019-cu ildə Rəqəmsal Transformasiya naziri təyin edildikdən sonra 100-dən çox dövlət xidmətinin onlayn təqdim edilməsini təmin edən “Diia” tətbiqini istifadəyə verib. Yanvar ayında müdafiə naziri vəzifəsinə gətirilən Fedorov hərbi satınalmalarda şəffaflığa, korrupsiya ilə mübarizəyə, dronlardan və yerüstü robotlardan istifadəyə diqqət yetirib. Onun islahat planları o dövrdə Baş Qərargah rəisi olan Aleksandr Sırski ilə fikir ayrılığına səbəb olmuşdu. İyul ayında vəzifəsindən azad edilməsindən sonra 35 yaşlı Fedorova dəstək məqsədilə etiraz aksiyaları keçirilib.

İyul ayında Mixaylo Fedorovu əvəz edərək Ukraynanın müdafiə naziri təyin edilən general Yevgeni Xmara ictimaiyyətin böyük hissəsinin tanımadığı simadır. Karyerasını kəşfiyyat sahəsində quran Xmara ilə bağlı sorğulara əsasən, ukraynalıların 43 faizi onun kim olduğunu bilmədiyini bildirib.

2019-cu ildə səslərin 73 faizini qazanaraq prezident seçilən Zelenskiyə hazırda ukraynalıların 53 faizi etimad göstərir. Bununla yanaşı, əhalinin 40 faizi ölkədə dəyişiklik istəyir. 2025-ci ilin fevralında Ağ Evdə ABŞ Prezidenti Donald Trampla yaşadığı mübahisədən sonra Zelenskinin dəstək səviyyəsi 67 faizə yüksəlsə də, onun siyasi gələcəyi ətrafındakı korrupsiya qalmaqalları və kadr təyinatları səbəbindən müzakirə mövzusu olaraq qalır.

ERAmedia Analitik Qrupu


media-adspc

Bənzər xəbərlər