media-konstantin_zatulin

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu xətlərinin bərpası işlərinə cəlb etməyə çalışır. Məqsəd sonradan bu xətlərin “Tramp marşrutu” ilə birləşdirilməsi və mümkün tənqidlər zamanı məsuliyyəti Rusiyanın üzərinə “yönəltməkdir”.

ERAmedia xəbər verir ki, bu fikirləri Dövlət Dumasının MDB məsələləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin səsləndirib.

Xatırladaq ki, Ermənistan Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu sahələrinin bərpası məsələsi ilə bağlı Rusiyaya müraciət edib. Bu barədə yanvarın 15-də baş nazir Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövzunu Rusiya prezidenti Vladimir Putinlə, həmçinin iki ölkənin hökumətləri səviyyəsində müzakirə edib.

Zatulinin sözlərinə görə, ABŞ və Ermənistan arasında qismən açıqlanmış razılaşmalardan belə məlum olur ki, bu nəqliyyat dəhlizi üzrə tranzitdən gəlir əldə edəcək şirkətin 76 faizi ABŞ-a, 24 faizi isə Ermənistana məxsus olacaq.

“Bu prosesdə başqa heç kim iştirak edə bilməz. Rusiya hansısa funksiyalara cəlb oluna bilər, amma bu şirkətin təsisçiləri və səhmdarları sırasında yer ala bilməz. Bundan sonra Paşinyan Rusiyanın maraqlarını nəzərə almamaqla bağlı tənqidləri yumşaltmaq üçün hansısa jest etmək barədə düşünməyə başlayıb”, – deyə deputat vurğulayıb.

Zatulin xəbərdarlıq edir ki, Ermənistan “oxları” Rusiyanın üzərinə yönəltmək istəyir və Moskvanın maraqları onu maraqlandırmır.

“Söhbət Azərbaycan və Türkiyə ilə sərhəddə yerləşən sahələrdən gedir. Paşinyan üçün vacibdir ki, Rusiyanı bu işlərə cəlb etsin ki, sonra hər yerdə Rusiyanın da bu prosesdə iştirak etdiyini desin. Açıq desək, oxları Rusiyanın üzərinə yönəltmək istəyir. Biz sadəcə anlamalıyıq ki, Paşinyan bizim maraqlarımız naminə hərəkət etmir, o, Qərblə ittifaq və dostluğa üstünlük verib. Onun təkliflərini dəfələrlə təhlil etmək lazımdır ki, heç bir tələ olmasın”, – deyə deputat bildirib.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər