Kadırovdan sağlamlığı ilə bağlı 3 gün ərzində 3 AÇIQLAMA
Çeçenistan rəhbəri Ramzan Kadırov üç gün ərzində üç dəfə açıq şəkildə sağlamlığında problem olmadığını bəyan edib.
ERAmedia xəbər verir ki, növbəti açıqlamasını o, dağ kəndi Benoydan canlı yayımda verib.
“Uca Allaha and olsun, nə böyrəklərim, nə qaraciyərim, nə dalağım, nə də mədəm ağrıyır. Yeganə dözə bilmədiyim şey qara istiotdur, qalan hər şey qaydasındadır. Kifayət qədər gücüm var”, – deyə Kadırov çeçen dilində bildirib.
Bundan az əvvəl Çeçenistanın dövlət televiziya və radio şirkəti Kadırovun avtomobil idarə etdiyi videonu paylaşıb. Kadrlarda o, “Deməyi unutmuşdum ki, mən xəstəxanada deyiləm”, – deyir. Yanvarın 12-də isə Kadırov öz “Telegram” kanalında məmurlarla keçirdiyi müşavirənin videosunu yayımlayıb, orada da sağlamlığı ilə bağlı problemləri inkar edib və internetdə “feyk məlumatlara” qarşı mübarizənin gücləndirilməsinə çağırıb. Kadırov böyrəklərinin sıradan çıxdığı və xəstəxanada olduğu barədə yayılan xəbərlərə etiraz edib: “Məni televizorda və sosial şəbəkələrdə görsələr də, yenə də deyirlər ki, mən xəstəyəm və ölürəm”, – deyə o narazılığını bildirib.
Dekabrın sonunda “Novaya qazeta. Avropa” nəşrinin Kadırovun ətrafındakı mənbəsi bildirib ki, o, dekabrın 24-dən 25-nə keçən gecə Moskvada təcili xəstəxanaya yerləşdirilib. Mənbənin sözlərinə görə, Kadırov Vladimir Putinin sədrliyi ilə keçirilən Dövlət Şurasının iclasında iştirak etmək üçün paytaxta gəlib, lakin vəziyyəti qəfil pisləşib və onu reanimobil ilə Prezident Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasına aparıblar. Mənbə iddia edib ki, Kadırovu “güclə xilas ediblər”.
Yanvarın 11-də isə “İnterfaks-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələrə istinadən Kadırovun səhhətinin pisləşdiyini, böyrəklərinin fəaliyyətini dayandırması səbəbilə onun dializ prosedurunda olduğunu yazıb.









