Məhəmməd Musayev bürünc medal qazandı
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Məhəmməd Musayev bürünc medal qazanıb.
ERAmedia xəbər verir ki, -66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb.
O, ilk görüşündə danimarkalı Maqni Lauritseni, ardınca Əlcəzair təmsilçisi Mohamed Amine Degouahı məğlub edib.
1/4 finalda gənclər arasında son dünya çempionu, gürcüstanlı Tornike Qiqauri ilə qarşılaşan Məhəmməd Musayev hesabda geri düşməsinə baxmayaraq, mübarizəni qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.
Finala vəsiqə uğrunda görüşdə rusiyalı Abdullax Parçiyevə məğlub olan təmsilçimiz bürünc medal qarşılaşmasında digər Rusiya cüdoçusu İslam Sultiqovla üz-üzə gəlib. Rəqibinə qalib gələn Musayev dünya çempionatını üçüncü pillədə başa vurub.
Beləliklə, Məhəmməd Musayev ardıcıl ikinci il gənclər arasında dünya çempionatının bürünc medalını əldə edib. O, ötən il də Perunun paytaxtı Limada eyni nəticəyə imza atmışdı.










