media-e9939b38-f233-424d-8bd3-2593f209fa79

Dünyada son illər artan hərbi xərclər, silahlanma və müxtəlif regionlarda yaranan yeni qarşıdurma ocaqları müharibələrin coğrafiyasının daha da genişlənə biləcəyi barədə narahatlıqları artırır.

Hərbi ekspert Səxavət Məmməd ERAmedia-ya açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin ilk mərhələsindən etibarən bu prosesin daha geniş coğrafiyaya yayıla biləcəyini düşünür. Onun sözlərinə görə, müharibənin ilk dövründə Avropaya sıçrama ehtimalları müzakirə edilsə də, həmin vaxt bunun konkret işartıları görünmürdü.

Ekspert hesab edir ki, ABŞ və Qərb ölkələrinin uzun müddət Ukraynanı hərbi və maliyyə baxımından dəstəkləməsinin əsas məqsədlərindən biri Rusiyanı Ukrayna müharibəsində zəiflətmək olub. Lakin müharibə uzandıqca bu strategiyanın gözlənilən nəticəni vermədiyinin daha aydın göründüyünü deyib.

Səxavət Məmmədin fikrincə, Donald Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-nin Ukrayna siyasətində də müəyyən dəyişikliklər meydana çıxıb. O qeyd edib ki, əvvəlki administrasiyadan fərqli olaraq, Tramp dövründə ABŞ Ukraynaya silah tədarükünün maliyyələşdirilməsində Avropa ölkələrinin daha böyük rol oynamasına çalışır.

Ekspert ABŞ ilə Avropa arasında fikir ayrılıqlarının başqa məsələlərdə də özünü göstərdiyini bildirib. Onun sözlərinə görə, Trampın Qrenlandiya ilə bağlı mövqeyi Avropa ilə Vaşinqton arasında uzun müddətdən sonra üzə çıxan əsas fikir ayrılıqlarından biri kimi qiymətləndirilə bilər.

Səxavət Məmməd qeyd edib ki, təxminən 10 il əvvəl Fransa tərəfindən irəli sürülən Avropa ordusunun yaradılması ideyası bir sıra Avropa ölkələrində ciddi müqavimətlə qarşılaşırdısa, hazırda Avropanın hərbi təhlükəsizliyi məsələsi əvvəlkindən daha çox müzakirə olunur.

“Faktiki olaraq, Avropa ölkələrinin hamısı ordu quruculuğuna daha çox önəm verir. Polşa, Almaniya və Fransa təkcə hərbi imkanlarını artırmır, həm də Rusiya ilə mümkün qarşıdurma riskinə qarşı müxtəlif addımlar atırlar”, – deyə ekspert bildirib.

Onun fikrincə, ABŞ və Avropa ölkələrinin Arktikada hərbi imkanlarını artırması da qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklərin göstəricilərindən biridir.

“Yaxın Şərqdə münaqişə bir ölkənin sərhədləri ilə məhdudlaşmadı”

Hərbi ekspert Yaxın Şərqdə baş verən proseslərin də müharibələrin coğrafiyasının genişlənməsi tendensiyasını nümayiş etdirdiyini düşünür.

Səxavət Məmməd bildirib ki, HƏMAS-ın İsrailə hücumundan sonra Qəzzada başlayan müharibə sonradan Livan və Suriya istiqamətində də genişlənib. O, İsrail mətbuatında, o cümlədən “Haaretz” qəzetində HƏMAS hücumunun İsrail kəşfiyyatının imkanları fonunda necə baş verdiyinə dair müzakirələr aparıldığını qeyd edib.

Ekspertin sözlərinə görə, İsrailin regional siyasəti ilə bağlı “Böyük İsrail” konsepsiyası ətrafında da uzun müddətdir müxtəlif müzakirələr mövcuddur. O hesab edir ki, İran uzun illər ərzində regionda baş verən prosesləri nəzərə alaraq mümkün qarşıdurmaya hazırlaşıb.

Səxavət Məmməd İsrail-İran qarşıdurmasının ilk mərhələsində İranın zərbələri əsasən İsrail ərazisi ilə məhdudlaşdırdığını bildirib. Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya və İordaniyanın İsrailin müdafiəsində iştirakı qarşıdurmanın xarakterinə təsir edib.

Ekspertin fikrincə, ABŞ-nin İran ərazisindəki nüvə obyektlərinə zərbələr endirməsi isə vəziyyəti yeni mərhələyə keçirib:

“Bu, onu deməyə əsas verirdi ki, bundan sonrakı mərhələdə müharibənin coğrafiyası istər-istəməz genişlənəcək”.

“İran müharibənin coğrafiyasını genişləndirdi”

Səxavət Məmmədin sözlərinə görə, sonrakı proseslərdə İran ABŞ-nin regiondakı hərbi infrastrukturunu da hədəf almağa başlayıb. O, Körfəz ölkələrindəki ABŞ hərbi bazaları, İraq ərazisindəki hərbi obyektlər və digər istiqamətlərdə baş verən hücumları müharibənin regional xarakter almasının göstəricisi kimi qiymətləndirib.

Ekspert İranın İsrailin zərbələrinə cavab olaraq İsrail ərazisində müxtəlif hədəflərə zərbələr endirməsini də qarşıdurmanın yeni mərhələsi kimi dəyərləndirib.

Onun sözlərinə görə, Hizbullahın fəaliyyəti, habelə husilərin Yəməndən həyata keçirdiyi hücumlar münaqişənin coğrafiyasını daha da genişləndirib.

Səxavət Məmməd bildirib ki, Yəmən istiqamətindəki proseslərdən sonra Babül-Məndəb boğazında yaranan vəziyyət də qlobal logistika və enerji təhlükəsizliyinə təsir göstərə biləcək amillərdəndir.

“İranı, Rusiyanı, Çini tənqid etmək asandır”

Ekspert hesab edir ki, hazırkı beynəlxalq münasibətlər sistemində ayrı-ayrı dövlətlərin addımlarını yalnız “aqressivlik” və ya “təhlükə” çərçivəsində izah etmək kifayət deyil.

“Hazırda dünyada ən asan şey İranı, Rusiyanı, Çini tənqid və ittiham etməkdir. ABŞ İrana hücum etməsə idi, Hörmüzə nəzarət sevdasına düşməsə idi, Hörmüz boğazı bağlana, minalana bilərdimi?” – deyə Səxavət Məmməd sual edib.

O bildirib ki, ABŞ-nin xarici siyasətində demokratiyanın təşviqi ilə bağlı ritorikaya münasibət son illərdə ciddi şəkildə dəyişib. Ekspertə görə, ABŞ-nin müxtəlif ölkələrə müdaxilələrinin arxasında iqtisadi və geosiyasi maraqların dayandığını iddia edən yanaşmalar geniş yayılıb.

Səxavət Məmməd bu kontekstdə Donald Trampın bəzi açıqlamalarının beynəlxalq siyasətin mahiyyətini daha açıq şəkildə göstərdiyini düşünür.

“Əslində, bütün bunlara görə Trampa xüsusi təşəkkür düşür. Əvvəl bunları yazanda, deyəndə adama dəli kimi baxırdılar, o özü bunu açıq şəkildə dilə gətirəndən sonra hər kəs böyük dövlətlərin və böyük siyasətin mahiyyətini anladı. Heç bir ölkə xalqları düşünmür. İnsanların canı cəhənnəmə, önəmli olan təbii sərvətlərə və logistikaya nəzarət etməkdir”, – deyə ekspert vurğulayıb.

“Hərbi baza təhlükədən qoruyan yox, təhlükə yaradan amilə çevrilə bilər”

Hərbi ekspert İranla İsrail arasında baş verən qarşıdurmanın başqa bir nəticəsinin də hərbi bazaların təhlükəsizlik məsələsindəki roluna dair müzakirələri artırdığını bildirib.

Səxavət Məmmədin fikrincə, müxtəlif ölkələrin ərazisində xarici dövlətlərin hərbi bazalarının yerləşdirilməsi həmin ölkənin təhlükəsizliyini avtomatik təmin etmir.

“Azərbaycanda bir çoxları deyirdi ki, Azərbaycanda Türkiyənin və ya başqa ölkənin hərbi bazası yerləşdirilsin. Son müharibələr göstərdi ki, hərbi baza təhlükədən qoruyan yox, təhlükə yaradandır”, – deyə o bildirib.

“Nüvə məsələsində ikili standartlar müzakirə edilməlidir”

Ekspert İranın nüvə proqramı ilə bağlı beynəlxalq müzakirələrdə İsrailin nüvə statusunun da nəzərə alınmasının vacibliyini vurğulayıb.

Səxavət Məmməd bildirib ki, ABŞ, İsrail və digər ölkələrin İranın nüvə silahına sahib olmaması barədə mövqeyi fonunda İsrailin NPT-yə qoşulmaması məsələsi də müzakirə edilməlidir.

“Tramp da, Netanyahu da, eləcə də bir çox siyasətçilər deyirlər ki, İran nüvə silahı əldə etməməlidir. Ancaq biri də sual vermir ki, İsrailin nüvə silahı olduğu halda Nüvə Silahının Yayılmasının Qarşısının Alınması Haqqında Müqaviləyə (NPT) qoşulmayıb. Sənin varsa, başqasının niyə olmamalıdır?” – deyə ekspert sual edib.

O, bununla belə, İranın və ya başqa ölkənin nüvə silahı əldə etməsini müdafiə etmədiyini xüsusi olaraq qeyd edib.

“İranın, yaxud başqa bir ölkənin nüvə silahı əldə etməsinin tərəfdarı deyiləm. Qətiyyən! Hətta süni intellektin müharibələrdə tətbiqinə belə şəxsən qarşıyam. Bunun fəsadlarını bütün dünya gələcəkdə iliyinə qədər hiss edəcək”, – deyə Səxavət Məmməd əlavə edib.

“Növbəti münaqişə zonası Polşa və Baltikyanı ölkələr ola bilər”

Rusiya ətrafında baş verən proseslərin də yeni münaqişə ehtimallarını artırdığını düşünən ekspert Polşa, Baltikyanı ölkələr və Suvalki dəhlizini xüsusi risk zonaları sırasında qeyd edib.

Səxavət Məmmədin fikrincə, dünya ölkələrinin hərbi xərclərinin artırılması, yeni silah müqavilələrinin imzalanması və müxtəlif regionlarda hərbi infrastrukturun gücləndirilməsi yaxın gələcəkdə qlobal təhlükəsizlik mühitinin daha da mürəkkəbləşə biləcəyini göstərir.

“Hazırda dünya ölkələrinin bir çoxu avantürist, acgöz, siyasi mədəniyyəti olmayan liderlərin, o liderlərin də bir çoxu silah sənayesinin kuklasına çevriliblər. Ona görə də müharibələrin qısa zamanda dayanacağı inandırıcı deyil, əksinə, baş verənləri daha böyük müharibəyə hazırlıq mərhələsi kimi səciyyələndirmək olar”, – deyə hərbi ekspert bildirib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər