media-hajibeyli

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1919-cu ilin yanvarında Paris Sülh Konfransında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin üzvü Ceyhun Hacıbəyli mühacirət illərində də Azərbaycanın siyasi və mədəni həyatının Avropada tanıdılması istiqamətində fəaliyyətini davam etdirib.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Ceyhun bəy Parisə yola düşənədək “Azərbaycan” qəzetinin redaktoru olub. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin Parisdə konfrans ərəfəsində nəşr etdirdiyi kitab, bülleten və digər materiallar ölkənin mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyıb.

“Qafqaz Azərbaycan Respublikası”, “Qafqaz Azərbaycan Respublikasının sülh konfransına memorandumu” kimi nəşrlər fransız və ingilis dillərində hazırlanıb. Parisdə Azərbaycan nümayəndəliyinin aylıq bülleteni də çap olunub.

Zaur Əliyev qeyd edib ki, Ceyhun Hacıbəyli mühacirət illərində müxtəlif qəzet və jurnallarla, eləcə də radio ilə əməkdaşlıq edib, Azərbaycanla bağlı çoxsaylı məqalələr yazıb və tədqiqatlar aparıb. Onun Qarabağ folkloru və dialektinə dair araşdırmaları da Avropada Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edib.

Tarixçi alimə görə, 1920-ci illərdə Üzeyir Hacıbəyli qardaşına məktublar yazaraq onun Azərbaycana qayıtmasını istəyib. Lakin sonrakı illərdə sovet repressiyalarının güclənməsi ilə vəziyyət dəyişib.

“Xüsusən 1930-cu illərin ortalarında vəziyyətin kritik həddə çatdığını görən Üzeyir bəy qardaşını qorumaq üçün bu dəvətləri dayandırır. Gizli ismarışlarla ona ‘gəlmə, buralar təhlükəlidir’ mesajını çatdırırdı”, – deyə Zaur Əliyev bildirib.

Onun sözlərinə görə, Ceyhun Hacıbəylinin sovet rejiminə qarşı yazıları, o cümlədən “Nejdanovun işi” kimi əsərləri Azərbaycana qayıtdığı halda onun üçün ciddi təhlükə yarada bilərdi.

Zaur Əliyev 1937-ci ildə “Koroğlu” operasının ilk dəfə səhnəyə qoyulmasına və Üzeyir Hacıbəylinin 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti günlərində Stalinlə görüşünə də diqqət çəkib.

“Qardaşının Vətənə qayıtması üçün icazə istəyən zaman Stalin ‘Ona yazın qayıtsın vətənə, biz onu evlə, işlə təmin edərik’ deyə təklif irəli sürür. Üzeyir bəy bu barədə qardaşına yazsa da, Ceyhun bəy Stalinin bu təklifinə inanmayaraq Parisdə qalır”, – deyə tarixçi qeyd edib.

Zaur Əliyev hesab edir ki, Ceyhun Hacıbəylinin sovet rejiminə qarşı Avropada apardığı açıq mübarizə onun Azərbaycana qayıtmasını təhlükəli edirdi. O, Stalin dövründə yaradıcı ziyalıların taleyinin müxtəlif təzyiq və repressiya mexanizmləri ilə müəyyənləşdirildiyini bildirib.

“Stalinin planı sadə idi: əvvəlcə şirin vədlərlə Ceyhunu Parisdən Bakıya gətirmək, arxayınlaşdırmaq və sonra onu aradan götürmək. Tarix Ceyhun bəyin tamamilə haqlı olduğunu sübut etdi”, – deyə Zaur Əliyev vurğulayıb.

Tarixçinin sözlərinə görə, Ceyhun Hacıbəylinin Vətənə qayıtmaması Üzeyir Hacıbəyli üçün də böyük mənəvi yükə çevrilib. O, ömrünün sonuna qədər qardaşını görmək arzusu ilə yaşayıb.

“Deyilənlərə görə, Üzeyir bəy ölümünə saatlar qalmış Səməd Vurğundan xahiş edib ki, əgər bir gün qardaşı Ceyhun Vətənə qayıdarsa və burada vəfat edərsə, onu öz məzarının yanında dəfn etsinlər. Yenə deyilənlərə görə, Üzeyir bəy son nəfəsində ‘Ceyhun’ deyərək dünyasını dəyişib”, – deyə Zaur Əliyev bildirib.

Vural


media-adspc

Bənzər xəbərlər