Ermənistanın Qarabağ səfərinə reaksiyası: “Bunun səbəbi nədir?”
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanda bəzi qüvvələrin reaksiyası davam edir.
Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, suveren dövlətin ərazisində həyata keçirilən hər hansı fəaliyyət həmin dövlətin daxili işidir və buna görə Ermənistandakı bəzi dairələrin narazılıq nümayiş etdirməsi anlaşılmazdır.
“Əgər Azərbaycanda diplomatik korpusun nümayəndələrinin ölkənin hər hansı regionuna səfər etməsi Ermənistandakı revanşist qüvvələri narahat edirsə, bunun səbəbi nədir? Məgər onlar cəmi iki il bundan əvvəl Qarabağda xristian abidələrinin dağıdılması barədə hay-küy salaraq UNESCO-nu və digər beynəlxalq qurumları, siyasi və diplomatik şəxsləri monitorinq aparmağa çağırmırdılarmı?” – deyə deputat qeyd edib.
Musa Quliyev vurğulayıb ki, hazırda diplomatik nümayəndələr Qarabağ və Şərqi Zəngəzura səfər edərək bölgədə aparılan quruculuq işləri ilə tanış olur, tarixi abidələrin, o cümlədən Alban xristian abidələrinin vəziyyətini yerində görürlər.
Deputatın sözlərinə görə, Ermənistan tərəfi bu prosesə etiraz etmək əvəzinə 30 illik işğal dövründə törədilən dağıntıların hesabatını verməlidir.
“Yaxşı olardı ki, erməni revanşist siyasətbazlar torpaqlarımızı 30 il işğalda saxladıqları dövrün, törətdikləri vandalizmin hesabatını versinlər. Kəndlərimizi və şəhərlərimizi niyə xaraba qoyduqlarını dünya ictimaiyyətinə izah etsinlər. Məscidləri, qəbiristanlıqları, evləri, məktəbləri, sosial və mədəni infrastrukturları dağıtmalarının təzminatı barədə düşünsünlər. Onsuz da Azərbaycan dövləti və xalqı bu hesabı onlarda qoymayacaq”, – Musa Quliyev bildirib.
O əlavə edib ki, Ermənistan tərəfi Qərbi Azərbaycanda dağıdılmış və təhqir olunmuş məzarların, talan edilmiş mülklərin, evlərin, bağların və digər əmlakın taleyi ilə bağlı məsuliyyət məsələləri barədə də düşünməlidir.
Musa Quliyev Ermənistanın daxilindəki revanşist qüvvələrin son davranışlarının sülh prosesinə mümkün təsirlərinə də toxunub. O, Paşinyan hökumətinin sülh müqaviləsinin imzalanmasını uzatmaq üçün revanşist dairələri önə verib-vermədiyinin sual doğurduğunu deyib.
Deputatın sözlərinə görə, Ermənistan üçün əsas çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsini imzalamaq və əməkdaşlığa başlamaqdır.
“Anlamalıdırlar ki, kapitulyasiya aktına imza atmış bir ölkənin yeganə çıxış yolu qalib dövlətlə – Azərbaycanla hesablaşmaq və əməkdaşlığa başlamaqdır. Bizim Sülh Gündəliyimiz yerindədir. Elə Dəmir Yumruq da!” – deyə Musa Quliyev əlavə edib.
Əli Fərhad










