media-438226442_0_0_2000_1125_1920x0_80_0_0_119e5a7efa957b3f825b798c8dee67ff

Azərbaycanda kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahəsində mühüm institusional dəyişiklik həyata keçirilib.

ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Prezidentin imzaladığı yeni fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında nazirliyin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Onun sözlərinə görə, uzun illər kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən, əvvəllər Elektron Təhlükəsizlik Mərkəzi, daha sonra Elektron Təhlükəsizlik Xidməti kimi fəaliyyət göstərən qurum sektorda öz yerini tapmaqda çətinlik çəkib, səlahiyyətləri, resursları və kadr bazası məhdud olub.

Osman Gündüz qeyd edib ki, yeni fərman və Agentliyin nizamnaməsi göstərir ki, söhbət sadəcə ad dəyişikliyindən getmir. Belə ki, qurumun statusu yüksəldilir, idarəetmə modeli yenilənir və ona yeni səlahiyyətlər verilir.

Ekspertin fikrincə, yeni Agentlik əsasən kritik informasiya infrastrukturlarına aid olmayan özəl sektorun kibertəhlükəsizlik tənzimləyicisi funksiyasını yerinə yetirəcək. Bu çərçivədə telekommunikasiya operatorları, internet provayderləri, banklar, maliyyə qurumları, elektron ticarət platformaları, özəl şirkətlər, hostinq və bulud xidmətləri, eləcə də müxtəlif informasiya infrastrukturu subyektləri ilə bağlı koordinasiya, monitorinq, metodoloji dəstək və tənzimləmə funksiyaları həyata keçiriləcək.

Osman Gündüzün diqqət çəkdiyi əsas yeniliklərdən biri fərdi məlumatların mühafizəsi sahəsi ilə bağlıdır. O bildirib ki, Agentliyə fərdi məlumat bazalarının dövlət reyestrinin aparılması, auditlərin təşkili, şikayətlərin araşdırılması və nəzarət funksiyaları həvalə olunub.

“Bu baxımdan Agentliyi müəyyən mənada Azərbaycanın gələcək Ümumi Məlumatların Qorunması Qaydaları (General Data Protection Regulation – GDPR) modelinə uyğun qurumu kimi qiymətləndirmək mümkündür”, – deyə o vurğulayıb.

Ekspert əlavə edib ki, fərmandan göründüyü kimi, dövlət sektorunun ən kritik hissəsi əvvəlki qaydada Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nəzarətində qalır. Dövlət qurumlarının informasiya sistemləri, kritik informasiya infrastrukturları, enerji, nəqliyyat, rabitə və maliyyə kimi strateji sahələrin kritik sistemləri, xüsusi mühafizə olunan obyektlər, kəşfiyyat və əks-kəşfiyyat qurumlarının sistemləri, eləcə də dövlət sirri ilə işləyən informasiya sistemləri həmin qurumların səlahiyyət dairəsində saxlanılır.

Onun sözlərinə görə, yeni Agentliyə bu istiqamətlər üzrə əsasən məlumat mübadiləsi və məlumatlandırma funksiyaları verilib.

Osman Gündüz hesab edir ki, fəaliyyət dairəsinin məhdudluğu fonunda qurumun adında “Milli” sözünün yer alması müəyyən suallar doğurur. O, daha çox fərdi məlumatların mühafizəsi istiqamətinə fokuslanan və uyğun statusa malik qurum modelinin daha məntiqli görünə biləcəyini bildirib.

Ekspertin qənaətinə görə, dövlət kibertəhlükəsizlik idarəçiliyində yeni balans formalaşdırılır. Strateji və milli təhlükəsizlik komponentləri mövcud ixtisaslaşmış qurumların nəzarətində saxlanılır, mülki sektorun kibertəhlükəsizlik tənzimlənməsi və fərdi məlumatların mühafizəsi isə yeni Agentliyin əsas fəaliyyət istiqamətlərinə çevrilir.

Osman Gündüz vurğulayıb ki, qəbul edilən fərman son illərdə ölkədə kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahəsində atılmış ən mühüm institusional addımlardan biri hesab oluna bilər. Onun fikrincə, bu dəyişikliklər fərdi məlumatların qorunması sahəsində daha dayanıqlı mühitin formalaşmasına töhfə verəcək.

Ekspert sonda bildirib ki, qarşıdakı dövrdə Milli Kibertəhlükəsizlik Agentliyinin real təsiri ona verilmiş səlahiyyətlərdən necə istifadə etməsindən asılı olacaq.

Vüsalə


media-adspc

Bənzər xəbərlər