Nobel mükafatı geri alına bilərmi? - Tarixdən iki maraqlı nümunə

2025-ci ildə Sülh üzrə Nobel mükafatına layiq görülmüş Mariya Maçado özünə məxsus Nobel mükafatını Amerika prezidenti Donald Trampa təhvil verməyə hazır olduğunu bəyan edib.
ERAmedia xəbər verir ki, bunu şərh edən Milli Məclisin sabiq deputatı Etibar Əliyevin sözlərinə görə, müxalifət lideri bu addımını Trampın Venesuelada həyata keçirdiyi hərbi əməliyyatların “sülhə xidmət etməsi” ilə əsaslandırıb. Amerika lideri onun bu hərəkətini hörmət əlaməti kimi dəyərləndirib.
O bildirib ki, Alfred Nobelin məşhur “Vəsiyyətnamə”sində mükafatın bağışlanması və geri alınması yer almayıb.
“Ancaq Sülh üzrə Nobel mükafatına namizədlərin verilməsi prosedurunda bu sahə üzrə Nobel mükafatına layiq görülənlərin namizəd irəli sürmək hüququ var. Maçado bu il üçün Trampın namizədliyini irəli sürə bilər”, – deyə o əlavə edib.
E.Əliyev mükafatın geri alınması ilə bağlı cəhdlərə iki maraqlı nümunə göstərib:
“1998-ci ildə Portuqaliya yazıçısı Joze Saramaqo «xəyaldan, mərhəmətdən və kinayədən yoğrulan pritçaları ilə addımbaşı bizdən qaçmağa çalışan gerçəkliyi dərk etməyimizə imkan yaratdığına görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.
Saramaqonun 1991-ci ildə yazdığı “İsusun İncili” romanı katolik kilsəsi tərəfindən təhqir kimi qəbul edildi. Kilsənin etirazında bildirilirdi: «Bu kafir kitab tarixi həqiqətləri ələ salır, Əhdi-Cədidin əsas personajlarının xarakterini təhqir edir». Buna baxmayaraq əsər 25 dilə tərcümə olunur və təkcə Portuqaliyada 20 dəfə nəşr edilir.
2001-ci ildə Vidyadhar Naypol “əsərlərində oxucunu zülmkar mədəniyyətə qarşı gözünü açmağa məcbur edən qərəzsiz və incə təhkiyə ustalığına görə” ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.
Trinidad yazıçısı Naypol “İnananlar arasında” romanını müsəlmanların həyatına həsr edib. O, İrandan və Pakistandan tutmuş İndoneziya və Malayziyaya qədər bütün İslam dünyasını islam fundamentalizmində günahlandırmış, bəşər sivilizasiyasına yüksək mənəvi və əxlaqi dəyərləri ilə daxil olan islam dinini “yarıtmaz” adlandırmışdı. O, qeyd edirdi ki, “dəyişməz və geridə qalmış islam cəmiyyəti” yeni dövrlə ayaqlaşmaq niyyətində deyil”.
Sabiq deputat qeyd edib ki, yazıçı Nobel mükafatına layiq görüldükdən sonra İslama münasibətinə görə Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı (İSESKO) Nobel komitəsinə məktub göndərərək ona verilən mükafatın geri alınmasını xahiş edib.
“Məktubda qeyd edilirdi ki, Naypola belə bir nüfuzlu mükafatın verilməsi “İslama qarşı fitnəkarlıqdır”.
Lakin mükafatın geri alınmasının mexanizmi olmadığına görə nə Saramaqo, nə də Naypol mükafatdan məhrum edilə bilməzdi”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Mələk Onur









