media-strait-of-hormuz-chokepoints

ABŞ-ın İrana qarşı mümkün dəniz blokadası beynəlxalq müstəvidə müzakirə olunmağa davam edir. Mövzu ilə bağlı araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bildirib ki, Vaşinqton artıq uzun müddətdir dünya üzrə İrana məxsus gəmilərə sanksiyalar tətbiq edir və bir çox hallarda onları saxlayır.

Onun sözlərinə görə, bu səbəbdən rəsmi blokadanın tətbiqi əlavə ciddi nəticələr doğurmaya da bilər. “ABŞ onsuz da İranın dəniz ticarətini məhdudlaşdırmaq üçün müxtəlif mexanizmlərdən istifadə edir. Yeni blokada addımı daha çox siyasi mesaj xarakteri daşıyır”, – deyə o qeyd edib.

Rövşənoğlu diqqətə çatdırıb ki, əsas sual Çin faktorudur. O bildirib ki, İrana yük daşıyan və ya İran neftini nəql edən Çin gəmilərinə müdaxilə real görünmür: “Çin tərəfi artıq açıq şəkildə bəyan edib ki, bu cür addımlara sərt cavab veriləcək. Bu isə vəziyyəti daha genişmiqyaslı qarşıdurmaya çevirə bilər”.

Ekspertin sözlərinə görə, artıq ilk Çin gəmisinin boğazdan keçməsi bu ehtimalların praktikada təsdiqlənmədiyini göstərir. Bu isə ABŞ-ın manevr imkanlarının məhdud olduğunu ortaya qoyur.

Araşdırmaçı jurnalist əlavə edib ki, digər mühüm məsələ Körfəz ölkələrinin neft tankerləridir. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp daha əvvəl İrana rüsum ödəyərək boğazdan keçən gəmilərin də saxlanıla biləcəyini desə də, bu ssenari real deyil: “Belə bir addım atılarsa, qlobal enerji bazarında ciddi sarsıntı yaranar. Neftin qiyməti qısa müddətdə 107 dolları keçə, hətta 120-130 dollar səviyyəsinə yüksələ bilər”.

Rövşənoğlu hesab edir ki, bu səbəbdən mümkün blokada genişmiqyaslı deyil, daha çox İran və ABŞ arasında məhdud gərginlik çərçivəsində qalacaq. Onun fikrincə, Oman körfəzində tanker izləmək və saxlamalar Vaşinqton üçün əlavə problemlər yaradacaq və gözlənilən nəticəni verməyəcək.

Sonda ekspert vurğulayıb ki, mövcud şərait tərəfləri tezliklə danışıqlar masasına qaytara bilər: “Hazırkı vəziyyət uzunmüddətli qarşıdurmadan çox, taktiki təzyiq elementinə bənzəyir”.

Vural


media-adspc

Bənzər xəbərlər