media-efqanistan-pakistan

Cənubi Asiyada Pakistan və Əfqanıstan arasında sərhəd gərginliyi son illərdə ciddi təhlükəsizlik böhranına çevrilib və qarşıdurma riski getdikcə artır.

media-photo_5300915930730795647_w

  • Eylem Okumuş

Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya özəl açıqlamasında bildirib ki, bu gərginlik təkcə iki ölkə arasındakı sərhəd problemi deyil, tarix, etnik parçalanma və regional güc balansları ilə bağlı daha geniş geosiyasi proseslərin nəticəsidir.

Ekspertin sözlərinə görə, münaqişənin əsas səbəblərindən biri XIX əsrdə Britaniya müstəmləkə hakimiyyəti dövründə çəkilən Durand xəttidir. 1893-cü ildə müəyyən edilən bu sərhəd Əfqanıstan ilə Britaniya Hindistanı arasında müvəqqəti razılaşma kimi qəbul edilsə də, Əfqanıstan bu xətti heç vaxt tam legitim hesab etməyib. Bu sərhəd puştun əhalisinin iki hissəyə bölünməsinə səbəb olub və bölgədə uzun illərdir davam edən siyasi və etnik gərginliyin əsas qaynaqlarından birinə çevrilib.

Mütəxəssis qeyd edir ki, sərhəd xətti rəsmi olaraq siyasi sərhəd sayılsa da, praktikada nəzarət və təsir zonaları daim dəyişir. Qəbilə strukturlarının güclü olması və mərkəzi hakimiyyətin zəifliyi Pakistan ilə Əfqanıstan arasında münasibətləri həmişə kövrək vəziyyətdə saxlayıb.

Eylem Okumuşun fikrincə, 1990-cı illərdə Pakistanın “Taliban”ı dəstəkləməsi regiondakı balansı dəyişdirən əsas amillərdən biri olub. “Taliban”ın 2021-ci ildə yenidən hakimiyyətə qayıtması isə münasibətləri daha da mürəkkəbləşdirib. Pakistan “Taliban” hökumətindən sərhəd təhlükəsizliyinin gücləndirilməsini və silahlı qrupların fəaliyyətinin məhdudlaşdırılmasını gözləsə də, tərəflərin prioritetləri bir çox hallarda üst-üstə düşmür.

Analitik bildirir ki, qarşıdurmanı dərinləşdirən əsas faktorlar arasında Pakistan “Taliban” Hərəkatının (Tehreek-e-Taliban Pakistan) fəaliyyəti xüsusi yer tutur. Pakistan hökumətinə qarşı hücumlar təşkil edən bu qruplaşma Əfqanıstan sərhəd bölgələrində fəaliyyət göstərir. Bundan əlavə, “İslam Dövləti – Xorasan Vilayəti” də Əfqanıstan-Pakistan sərhədində aktivdir və regionda təhlükəsizlik risklərini artırır.

Okumuş qeyd edir ki, Pakistan bu qrupların fəaliyyətini məhdudlaşdırmaq məqsədilə bir neçə dəfə sərhədötesi hava və quru əməliyyatları həyata keçirib. Lakin “Taliban”ın bu təşkilatlar üzərində tam nəzarətə malik olmaması sərhəd təhlükəsizliyinin təmin olunmasını çətinləşdirir.

Ekspertin sözlərinə görə, 2025-ci ildən etibarən gərginlik Şərqi Əfqanıstanın daxili bölgələrinə doğru genişlənib. Pakistan silahlı qrupların mövqelərinə qarşı əməliyyatları artırarkən, “Taliban” hökuməti sərhəd keçidlərini bağlamaq və ticarət məhdudiyyətləri tətbiq etməklə cavab verib. 2026-cı ilin fevralında Pakistanın Əfqanıstan ərazisinə hava zərbələri endirməsi isə qarşıdurmanın daha təhlükəli mərhələyə keçdiyini göstərib.

Eylem Okumuş hesab edir ki, bu vəziyyət artıq təkcə sərhəd təhlükəsizliyi məsələsi deyil. Onun sözlərinə görə, regional strategiyalar, beynəlxalq güclərin maraqları və terror qruplarının fəaliyyəti münaqişəni daha mürəkkəb geosiyasi böhrana çevirib.

Analitik əlavə edir ki, ABŞ-ın bölgədəki təsiri də bu prosesə birbaşa təsir göstərir. ABŞ-ın kəşfiyyat və logistika dəstəyi Pakistanın əməliyyat imkanlarını gücləndirə bilər, lakin diplomatik təzyiqlər və beynəlxalq balanslar münaqişənin daha da mürəkkəbləşməsinə səbəb olur.

Okumuşun fikrincə, yaxın aylarda Pakistanın sərhəddən kənar əməliyyatlarını genişləndirməsi ehtimalı yüksəkdir. “Taliban”ın cavab tədbirləri isə daha çox məhdud təhlükəsizlik addımları ilə məhdudlaşa bilər. Bu isə sərhəd bölgələrində mülki itkilərin və miqrasiya dalğalarının artmasına səbəb ola bilər.

Ekspert vurğulayır ki, orta və uzun müddətdə Əfqanıstanda mərkəzi hakimiyyətin zəif qalması silahlı qrupların sərhəd boyunca fəaliyyətini davam etdirməsinə imkan verəcək. Bu isə Pakistan üçün davamlı təhlükəsizlik problemi yarada bilər.

Eylem Okumuş hesab edir ki, Pakistan-Əfqanıstan sərhədi gələcək illərdə Cənubi Asiyanın ən kritik geosiyasi nöqtələrindən birinə çevrilə bilər. Onun fikrincə, münaqişənin həlli yalnız sərhəd təhlükəsizliyi tədbirləri ilə mümkün deyil; bunun üçün regional güclər arasında balansın yaradılması, silahlı qrupların təsirinin azaldılması və beynəlxalq diplomatik təşəbbüslərin gücləndirilməsi vacibdir.

Analitik sonda qeyd edir ki, əgər bu problemlər kompleks şəkildə həll olunmazsa, Durand xətti boyunca davam edən gərginlik uzunmüddətli regional sabitsizlik və təhlükəsizlik böhranı yaratmağa davam edəcək.


media-adspc

Bənzər xəbərlər