Pakistanın müdafiə naziri Taliban hökumətinə müharibə XƏBƏRDARLIĞI
Pakistanın müdafiə naziri Xavaca Asif Əfqanıstanda hakimiyyətdə olan Taliban hökumətinə qarşı açıq müharibənin başlaya biləcəyi barədə xəbərdarlıq edib.
ERAmedia xəbər verir ki, nazir bu barədə “X” sosial media şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, NATO qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra ölkədə sülhün bərqərar olacağı, taliblərin isə öz xalqının və regionun maraqlarına diqqət yetirəcəyi gözlənilirdi. Lakin o iddia edib ki, hərəkat nümayəndələri “ölkəni Hindistanın koloniyasına çevirib, dünyanın müxtəlif yerlərindən terrorçuları Əfqanıstana toplayıb və terroru ixrac etməyə başlayıblar”.
“Onlar öz xalqlarını əsas insan hüquqlarından məhrum ediblər. Qadınların İslamın təmin etdiyi hüquqlarını əllərindən alıblar. Pakistan həm birbaşa, həm də dost ölkələr vasitəsilə vəziyyəti normallaşdırmaq üçün bütün səylərini göstərib. Ancaq taliblər Hindistanın marionetinə çevriliblər”, – deyə nazir əlavə edib.
Bundan əvvəl Pakistanın Əfqanıstanın paytaxtı Kabul, eləcə də Kəndəhar şəhəri və Paktia vilayətindəki obyektlərə hava zərbələri endirdiyi bildirilmişdi.
Ölkələr arasında gərginlik fevralın 21–22-də Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava zərbələrindən sonra artıb. Pakistan hədəf kimi İslamabadda və digər şəhərlərdə törədilən terror aktlarında ittiham olunan “Təhrik-e Taliban Pakistan” qruplaşmasının düşərgələrini göstərib. Əfqanıstan tərəfi isə zərbələrin mülki obyektlərə endirildiyini bəyan edib.
Ural Dəyirmançı









