Paşinyanın qalmaqallı həmkarı üzr istədi və istefa verdi
Ermənistan parlamentinin Səhiyyə məsələləri üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Ripsime Unanyan vəzifəsindən istefa qərarı verib.
ERAmedia xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində məlumat yayıb.
Unanyan qeyd edib ki, son dövrdə parlamentdə səsləndirdiyi bəzi fikirlər vətəndaşların tənqidinə səbəb olub.
“Öncəliklə, ifadələrimə görə xalqımızın qəzəbinə və narazılığına səbəb olduğum üçün üzr istəyirəm. Açıq söz siyasi fəaliyyətin ayrılmaz hissəsidir və bəzən şifahi nitq zamanı səhvlərdən qaçmaq mümkün olmur. Hamı səhv edə bilər, lakin səhvləri etiraf edib düzəltmək ilk növbədə ictimai liderliyi üzərinə götürən insanların borcudur. Bu prinsiplərdən irəli gələrək, Ermənistan parlamentinin Səhiyyə məsələləri üzrə daimi komissiyasının sədri vəzifəsindən istefa verməyə qərar verdim. Eyni zamanda, qarşıdakı parlament seçkilərində “Vətəndaş Müqaviləsi” Partiyasının proporsional siyahısında yer almamaq üçün də özümü kənarlaşdırdım”, – Unanyan yazıb.
2025-ci ilin oktyabrında Ermənistan parlamentində Səhiyyə məsələləri üzrə komissiyanın sədri postuna namizədliyi müzakirə olunan Ripsime Unanyan müxalifət deputatının səhiyyə qanunvericiliyini tənzimləmək üçün peşəkar bacarıqların vacibliyi barədə bəyanatına cavab olaraq kəskin ifadə işlətmişdi: “Sizin ali təhsiliniz ucuz tərbiyə fonunda neçə qəpiyə dəyər?”
Unanyan həmçinin profil komissiyasının rəhbərliyi üçün tibbi ixtisaslaşmanın zəruriliyini şübhə altına almışdı. Komissiya sədri seçildikdən sonra isə o, dəfələrlə kəskin bəyanatlar səsləndirərək geniş ictimai rezonans yaratmışdı.
Ural Dəyirmançı









